26 noyabr 2021 23:29
798

Yeni tədris ilində yeni nəşrlə

Azərbaycan Respublikasında ardıcıl islahatlarının uğurla aparılması ümumilikdə davamlı sosial-iqtisadi inkişafın tərkib hissəsi olaraq aktuallığını artırmaqdadır. Təhsil sahəsində reallaşan islahatlar bir tərəfdən tədris proseslərinin daha mütərəqqi əsaslarla təşkilini şərtləndirirsə, digər tərəfdən, ixtisaslaşdırılmış kadr potensialının hazırlanmasını nəzərdə tutur və bu məqsədyönlü islahatlaraktual problemlərin tədqiqatlara cəlb olunmasına zəmin yaratmış olur. Bütün mənalarda isə tələbələrin modern texnika və toxnologiyaya, həmçinin axtarış vərdişlərinə, optimal üsul və modellərinin seçilməsinə istiqamətlənən mexanizmlər sahəsində əlçatanlıq yaratmış olur.

Qürurverici haldır ki, hazırda qalib dövlət olaraq ölkəmizdə və onun regionlarında qətiyyətli sosial-iqtisadi inkişaf tədbirləri uğurla davam etməkdədir. Bu, bütün tərəfləri ilə elm və təhsil sahələrinin də qarşılıqlı və tamamlayıcı vəhdətini təmin etməklə, onun yeni dəyərlər əsasında təkmilləşməsini də nəzərdə tutmaqdadır. Naxçıvan Muxtar Respublikasında da müasir müstəqillik tariximizin son 26 ilindən artıq bir dövründə bu sahədə böyük işlər reallaşmış vəbu sahədə işlər davam etməkdədir. Xalqımızın ümummilli lideri Heydər Əliyevin uzaqgörən siyasəti,müəyyən etdiyi ideyalar fonunda elm və təhsil sahəsindəki proseslər daha yeni hədəflər üçün işıqlı yola çevrilmişdir.

Hazırda muxtar respublikamızda da milli iqtisadi inkişafa hədəflənən sənayeləşmə prosesləri yüksələn dinamika ilə inkişaf etməkdədir. Elmə söykənən iqtisadiyyat qarşısında duran ən mühüm məsələ vaxt və məhsul itkisinə yol vermədən əmək məhsuldarlığına imkanlar açacaq istehsal proseslərinin fasiləsiz şəkildə qurulması, təminatqabiliyyətli olması və bütün tərəfləri ilə qənaətçiliyə önəm verilməsindən ibarət olmaqdadır. Yəni insanların fəaliyyətinin stimullaşdırılması, asanlaşdırılması və səmərəli təşkili mühüm məqsəd olaraq çıxış etməkdədir ki, burada da robototexnikanın rolu və önəmindən bəhs etmək yerinə düşər. Təsadüfi deyildir ki, qloballaşan dünya iqtisadiyyatı dayanıqlılığa və antiböhran sahəsindəki yetkinliyə meyillənməklə, eyni zamanda, iqtisadi imkanlar sahəsində alternativliliyə də böyük həcmdə həm xərc nəzərdə tutur, həm də onu reallaşdırır. Bu sahədə, robota dayanan avadanlıqların-robototexnikanın rolu hər addımda özünü göstərməkdədir.

Qeyd etmək olar ki, hər birimiz üçün doğma olan Naxçıvan Dövlət Universiteti yuxarıda göstərilən amillər üzrə daha dolğun, daha perspektivli tədbirlərə imza atmaqla, elmi axtarışların və etibarlı tədris proseslərinin davamlılığını təmin etmişdir.

Fikrimizi əsaslandırmaq üçün qeyd edə bilərik ki, Memarlıq və mühəndis fakültəsinin dekanı, kompüter elmləri üzrə mütəxəssis, professor Cavanşir Zeynalovun müəllifliyi ilə yenicə çap olunmuş “Robototexnikanın əsasları” adlı dərs vəsaiti qarşıdakı dövrlər üzrə tələbələrin kütləvi istinad mənbəyinə çevriləcəkdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 2021-ci il üçün nəşr planına əsasən çap olunan dərs vəsaitinin universitetimizin yeni texnoloji, innovativ, beynəlxalq əməkdaşlıq və digər bu kimi uğurlarına bir töhfə olaraq əhəmiyyəti böyükdür.  2021-2022-ci tədris ilində istər fakültəmizdə tədris olunan fənlər, istər digər fakültələrdə uyğun ixtisaslar, istərsə də, maraqlı şəxslər üçün olduqca aktual olacaq əsərdə modernləşmə yolunu seçən və bu istiqamətdə yetərincə potensialı olan iqtisadiyyatlar üçün zəruri məsələlər yer almışdır.Xüsusilə, ötən tədris ilində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinin təməlini qoyduğu və tikintisi uğurla davam edən Texnoparkın səmərəli fəaliyyəti üçün də zəruri məsələlər “Robototexnikanın əsasları” adlı dərs vəsaitin aktuallığını ifadə etməkdədir.

Dərs vəsaiti, 8 fəsildən ibarət olmaqla, 336 səhifə həcmindədir.

“Robototexnikanın əsasları” adlı dərs vəsaiti müvafiq elm sahələrini, xüsusilə, elektronika, mexanika, kibernetika, telemexanika, mexatronika, informatika ilə yanaşı, radio və elektrik mühəndisliyi kimi sahələrin də vəhdəti şəraitində səmərəli şəkildə öyrəniləcək. Digər tərəfdən, strukturlaşma və idarəetmə baxımından da ölkəmizdə robototexnika sahəsində və yüksək texnologiyalaşma proseslərində bu dərs vəsaitinin istifadəsinə ehtiyac olacaqdır.

Yeni dərs vəsaitinin işıq üzü görməsi elmə dayanan inkişafın hazırkı mərhələsində iqtisadi prioritetlərin əlçatanlığının təmin olunmasında və reallaşmasında mühüm əhəmiyyətə malik olacaq. İstehsal və xidmət sektorlarında məhsuldarlıq səviyyəsinin yüksəldilməsi, məkanından asılı olmayaraq, istənilən ərazi hüdudları üçün ciddi təlabat formalaşan və bununla da günümüzün fəal iştirakçısına çevilən robotlar özündə sensor, servointiqal, idarəetmə sistemi, çeviklik və avtonomluq əks etdirən və bununla da, mexatron qurğu olan “canlı”dır.  Çünki o, mədənlərdə, kosmosda, dənizlərdə, əlaçatması çətin olan müxtəlif sahələrdə mürəkkəb işlər görür, təbii sərvətlər hasil edir və komplekt hissələri avtomobillərə quraşdırır. Müəllif robotlar vasitəsilə alınan nəticələrə daha pozitiv yanaşır və belə bir qənaətə gəlir ki, yaxın gələcəkdə daha da təkmilləşdirilmiş avtomatik idarə olunan avtomobillər, ev işlərinin görülməsi və müəyyən tələblər üzrə ixtisaslaşmış avadanlığın yığılması məqsədilə robototexnik qurğular yaradılacaqdır.

Ölkələrin müdafiə sənayesinin inkişafında və etibarlı təhlikəsizlyinin təmin olunmasında daha sıx istifadə olunan hava PUA-ları (Pilotsuz Uçan Aparat) da dərs vəsaitində əsaslandırılmışdır. Bu anlayışın, müşahidə və kəşfiyyat, düşmənə endirilən zərbələrin koordinasiyası, öz ətrafında simsiz rabitə şəbəkələrinin yaradılması kimi hava missiyalarının icra olunması üçün nəzərdə tutulduğu göstərilmişdir.

Oxucu əsərdə robototexnika ilə bağlı olan prosesləri ardıcıl, qarşılıqlı əlaqədə, biri-birinin əhəmiyyətini üzə çıxarmaqla öyrənir. Dərs vəsaitində layihələndirmənin əsas prinsiplərinə nəzər yetirilmiş, avtomatlaşdırılmış layihələndirmə sistemlərinə baxılmış, onun təminat növləri aydınlaşdırılmış, bu sistemdə modelləşdirmə vasitələri göstərilmişdir. Orada additiv istehsal texnologiyasının mahiyyəti izah olunmuş, mexaniki və elektrik alətlər haqqında bəhs olunmuş, elektron komponentlərin təsiri öyrənilmişdir. Müasir dövrümüzlə aktuallığını artıran məsələ olaraq, robotların qidalanma sistemləri, bu sahədə icraçı qurğular haqqında təqdimat verilmiş, sensor sistemləri, yerləşdirmə sensorları barədə məlumatlar yer almışdır.

Orada, həmçinin robototexnik sistemlərin idarə olunması tipləri, onun idarə olunmasının arxitekturası əsaslandırılmışdır. Əhatəli şəkillərə əsaslanan dərs vəsaitində avtonom və yarımavtonom robotların izahı verilməklə, idarəetmənin kabel, infraqırmızı pult, radio, bluetooth, wifi, mobil telefon vasitəsilə təşəkkül tapan formalarına işıq salınmışdır. Dərs vəsaitinin mövzuları içərisində naviqasiyanın təmin olunma sistemi, robotun hərəkətinin təşkil olunma üsulları, intellektual robotun idarəetmə sisteminin xüsusiyyətləri barəsində geniş təqdimat verilir. Eyni zamanda, təhsildə ekzotik robotlar, süni neyronlar və neyron şəbəkələr, sadə analoq robotun hazırlanması və digər zəruri amillər yer almışdır.

Dərs vəsaitində təqdim olunmuş mövzular şəkillər, düsturlar, sxemlər və digər innovativ metodlar vasitəsi ilə izah olunmuşdur. Hər bölmənin sonunda yoxlama sualları verilmiş və tələbələrin (oxucunun) mənimsəmə bacarıqlarının təkmilləşdirilməsi nəzərə alınmışdır.

Beləliklə, yeni işıq üzü görən “Robototexnikanın əsasları” adlı dərs vəsaiti  müasir dövrün tələbləri ilə səsləşən bir vəsaitdir.Bu tədqiqat uyğun fənnlərin və ümumilikdə iqtisadiyyatın sahə strukturu üzrə bütün istiqamətlərin informasiya təminatı, avtomatlaşdırılması, dinamikliyi, çevikliyi və perspektivliliyinin təmin olunması baxımından həm axtarılan, həmçinin, özünün dolğunluğu ilə həm də əlçatandır. Məhz bu keyfiyyətlər baxımından əmin olmaq olar ki, dərs vəsaiti kütləvi təqdidatçıların istinad etmiş olduqları mənbə olmaqla, oxucunun maraqlandığı suallara əhatəli cavab olacaqdır.

Məftun Əliyev,
Naxçıvan Dövlət Universitetinin dosenti,

Səadət Zeynalova,
Naxçıvan Dövlət Universitetinin müəllimi