12 noyabr 2026 10:48
101

Pərvanə Cəlallı-Əkbərli: Əsas məqsədimiz gənclərin potensialını real nəticələrə çevirməsinə şərait yaratmaqdır

Gənclərin potensialının üzə çıxarılması, təşəbbüslərinin dəstəklənməsi və onların cəmiyyət həyatında fəal iştirakının təşviq edilməsi dayanıqlı inkişafın mühüm şərtlərindəndir. Bu prosesdə gənclərə yaradılan imkanların əlçatanlığı, dəstək mexanizmlərinin effektivliyi və layihələrin real nəticələrə çevrilməsi xüsusi əhəmiyyət daşıyır. Azərbaycan Respublikasının Gənclər Fondu da müxtəlif proqram və layihələr vasitəsilə gənclərin bilik və bacarıqlarının inkişafına, ideyalarının reallaşdırılmasına, peşəkar və sosial fəaliyyətlərinin genişlənməsinə dəstək göstərir.

Bəs Fondun dəstəklədiyi layihələr gənclərin həyatında hansı real dəyişikliklər yaradır? İlk dəfə qrant müsabiqəsində iştirak etmək istəyən, layihə hazırlamaq təcrübəsi olmayan gənclər hansı imkanlardan yararlana bilərlər? Regionlarda yaşayan və müxtəlif səbəblərdən bu imkanlara çıxışı məhdud olan gənclərin əhatə dairəsinin genişləndirilməsi üçün hansı addımlar atılır? Bu və digər sualları Azərbaycan Respublikasının Gənclər Fondunun İnformasiya Texnologiyaları və İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Pərvanə Cəlallı-Əkbərli “Caspianinfo”ya müsahibəsində cavablandırıb.

- Gənclər Fondunun dəstəklədiyi layihələrdən yararlanan gənc konkret olaraq nə əldə edir - təhsil, peşə bacarığı, iş imkanı, maliyyə dəstəyi və ya başqa hansı real nəticələr?

- Gənclər Fondunun fəaliyyət istiqamətlərindən yararlanan gənclər ilk növbədə, öz potensiallarını reallaşdırmaq, bilik və bacarıqlarını inkişaf etdirmək, yeni imkanlar əldə etmək üçün əlavə dəstək qazanırlar. Bu dəstək yalnız təlim və tədbirlərdə iştirakla məhdudlaşmır, gənclərin həyatında konkret və uzunmüddətli nəticələrə yol açır. Belə ki, gənclər Fondun müxtəlif proqram və layihələri vasitəsilə beynəlxalq təcrübə qazana, peşəkar bilik və bacarıqlarını artıra, əmək bazarına inteqrasiya oluna, öz sosial təşəbbüslərini reallaşdırmaq üçün dəstək əldə edə bilirlər. Xüsusilə, fərdi qrant dəstək mexanizmi gənclərə öz ideyalarını müstəqil şəkildə həyata keçirmək, layihə idarəetməsi təcrübəsi qazanmaq və cəmiyyət üçün faydalı təşəbbüslər irəli sürmək imkanı yaradır.

 

Bununla yanaşı, Fondun dəstəklədiyi layihələr gənclərdə liderlik, komanda işi, kommunikasiya, təşəbbüskarlıq və sosial məsuliyyət kimi vacib keyfiyyətlərin formalaşmasına da xidmət edir. Əsas məqsədimiz gənclərin yalnız layihə iştirakçısı olması deyil, əldə etdikləri bilik, təcrübə və imkanları real nəticələrə çevirmələrinə şərait yaratmaqdır. Başqa sözlə, Fondun dəstəyi gəncə öz ideyasını reallaşdırmaq, potensialını üzə çıxarmaq və cəmiyyətin inkişafında fəal iştirak etmək üçün yeni imkanlar qazandırır.

- Fondun qrant və proqramlarından yararlanmaq istəyən, lakin layihə yazmaq və müraciət etmək təcrübəsi olmayan gənclər üçün hansı imkanlar yaradılıb?

- Fondun əsas yanaşmalarından biri gənclərin təşəbbüslərini dəstəkləməklə yanaşı, onların bu təşəbbüsləri bir lider kimi reallaşdırmaq bacarıqlarının formalaşdırılmasıdır. Bu baxımdan, layihə yazmaq və qrant müsabiqələrinə müraciət etmək təcrübəsi olmayan gənclər üçün də müxtəlif imkanlar yaradılır.

İlk növbədə Fondun rəsmi internet resurslarında qrant müsabiqələrinin şərtləri, müraciət qaydaları, qiymətləndirmə meyarları və tələb olunan sənədlərlə bağlı ətraflı məlumatlar təqdim olunur. Eyni zamanda, layihələrin hazırlanması, icra planının və büdcənin tərtib edilməsi, məqsəd və gözlənilən nəticələrin düzgün müəyyənləşdirilməsi ilə bağlı müvafiq metodiki materiallardan istifadə etmək mümkündür.

Bununla yanaşı, gənclərin layihə idarəetməsi sahəsində bilik və bacarıqlarının artırılmasına yönəlmiş maarifləndirici görüşlər və təlimlər onların bu istiqamətdə təcrübə qazanmasına şərait yaradır. Eyni zamanda, qrant müsabiqələrinə dair Fondun əməkdaşları tərəfindən mütəmadi olaraq infosessiyalar təşkil olunur.

Bizim üçün əsas məsələ gəncin əvvəlcədən layihə yazmaq təcrübəsinə malik olması deyil, onun təşəbbüsünün, ideyasının və bu ideyanı həyata keçirmək motivasiyasının olmasıdır. Çünki düzgün istiqamətləndirmə və lazımi biliklərin əldə edilməsi ilə hər bir yaradıcı ideyanı real layihəyə çevirmək mümkündür. Fond da məhz bu potensialın üzə çıxarılması və gənclərin öz təşəbbüslərini reallaşdırmaları üçün imkanların genişləndirilməsi istiqamətində fəaliyyətini davam etdirir.

- Fondun maliyyələşdirdiyi layihələrin gənclərin real problemlərinə cavab verməsi necə müəyyənləşdirilir? Gənclərin öz gündəlik problemləri layihələrin seçimində nəzərə alınırmı?

- Fondun maliyyələşdirdiyi layihələrin gənclərin real ehtiyaclarına və gündəlik həyatlarında qarşılaşdıqları problemlərə cavab verməsi bizim üçün əsas prioritetlərdən biridir. Çünki hər bir layihənin dəyəri yalnız həyata keçirilən tədbirlərin sayı ilə deyil, onun gənclərin həyatında yaratdığı real dəyişikliklə ölçülür. Bu baxımdan, layihələrin seçimi zamanı ilk növbədə onların aktuallığı, cəmiyyət üçün faydalılığı, hədəf auditoriyasının maraqlarına uyğunluğu və gözlənilən nəticələri nəzərə alınır. Gənclərin məşğulluğu, peşəkar inkişafı, sosial fəallığı, rəqəmsal bacarıqları, regionlarda imkanlara əlçatanlığı və digər aktual məsələlər layihələrin istiqamətlərinin müəyyənləşdirilməsində mühüm rol oynayır.

Biz gənclərin yalnız mövcud imkanlardan yararlanmasını deyil, həm də öz problemlərinin həllində təşəbbüskar tərəf kimi çıxış etməsini istəyirik. Bu səbəbdən onların irəli sürdüyü ideyalar, təkliflər və təşəbbüslər Fondun fəaliyyətində mühüm yer tutur.

Əsas məqsədimiz gənclərin ehtiyaclarını düzgün müəyyənləşdirmək, bu ehtiyaclara uyğun dəstək mexanizmləri formalaşdırmaq və ayrılan maliyyə vəsaitinin konkret və ölçülə bilən ictimai faydaya çevrilməsini təmin etməkdir.

- Bir gənc Fondun dəstəyi ilə layihə həyata keçirdikdən sonra həmin layihənin nəticələrindən uzunmüddətli faydalanmağa necə davam edə bilər?

- Uğurlu layihə yalnız icra müddəti ərzində əldə olunan nəticələrlə deyil, başa çatdıqdan sonra yaratdığı təsirlə də qiymətləndirilməlidir. Bu səbəbdən layihələrin hazırlanması mərhələsindən etibarən onların davamlılığı və əldə olunan nəticələrin uzunmüddətli perspektivdə qorunması məsələsinə xüsusi diqqət yetirilir. Biz hesab edirik ki, gənc layihə çərçivəsində yalnız müəyyən biliklər əldə etməməli, həmin bilikləri gələcək fəaliyyətində istifadə etmək imkanına da sahib olmalıdır.

Bu yanaşma Fondun maliyyələşdirdiyi layihələrin ekspertizasında davamlılıq potensialının ayrıca qiymətləndirmə meyarı kimi müəyyən edilməsi və layihələrin monitorinq mexanizmi ilə dəstəklənir. Fond tərəfindən dəstəklənən layihələrin icrasının monitorinqi və nəticələrinin qiymətləndirilməsi də bu prosesin mühüm tərkib hissəsidir.

 

Biz istəyirik ki, Fondun dəstəyi ilə həyata keçirilən hər bir layihə növbəti təşəbbüslər üçün başlanğıc nöqtəsinə çevrilsin. Gənc layihə müddətində əldə etdiyi təcrübə ilə kifayətlənməsin, həmin təcrübəni yeni ideyalara, əməkdaşlıqlara və daha genişmiqyaslı təşəbbüslərə transformasiya edə bilsin. Ən böyük uğur isə dəstəklənən bir layihənin zamanla müstəqil fəaliyyət göstərən, yeni gənclərə fayda verən və cəmiyyət üçün dəyər yaradan təşəbbüsə çevrilməsidir. Məsələn, təlimdə iştirak edən gənc öyrəndiklərini öz işində tətbiq edə, layihə çərçivəsində formalaşan komanda yeni təşəbbüsə başlaya bilər.

- Regionlarda yaşayan, maddi imkanları məhdud olan və layihə imkanları barədə kifayət qədər məlumatı olmayan gənclərin Fondun proqramlarına çıxışını artırmaq üçün hansı konkret addımlar atılır?

- Gənclər Fondunun fəaliyyətində əsas prinsiplərdən biri yaradılan imkanların yalnız paytaxtda yaşayan və ya bu imkanlar haqqında əvvəlcədən məlumatlı olan gənclərlə məhdudlaşmamasıdır. Bizim üçün hər bir gəncin yaşadığı yerdən, sosial vəziyyətindən və təcrübəsindən asılı olmayaraq inkişaf imkanlarına çıxış əldə etməsi vacibdir.

Bu məqsədlə bir neçə istiqamətdə iş aparılır. İlk növbədə, Fondun regionlarda fəaliyyət göstərən Gənclərin İnkişaf və Karyera Mərkəzləri vasitəsilə gənclərin dövlət tərəfindən yaradılan imkanlar, qrant müsabiqələri, karyera seçimləri və beynəlxalq təmsilçilik barədə məlumatlandırılması təmin edilir. Bu Mərkəzlər gənclərin müraciət imkanları ilə tanış olması, bilik və bacarıqlarını inkişaf etdirməsi, karyera istiqamətində dəstək alması üçün mühüm platformadır.

Digər mühüm istiqamət imkanların birbaşa gənclərin yaşadıqları ərazilərə çatdırılmasıdır. Fondun həyata keçirdiyi “Səyyar Gənclər Xidməti” layihəsi bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Layihə çərçivəsində regionlarda, o cümlədən ucqar kəndlərdə yaşayan gənclər üçün müxtəlif xidmətlər, maarifləndirici görüşlər, peşəyönümünə dair karyera məsləhətləri təşkil olunur. Səyyar Gənclər Xidmətinin cari il üzrə 20 inzibati vahidində 8000-dən çox region gəncini əhatə etməsi hədəflənib. Beləliklə, gənclərin bu imkanlardan yararlanması üçün mütləq paytaxta gəlməsinə ehtiyac qalmır. 

Eyni zamanda, qrant müsabiqələrində regionlarda yaşayan və sosial baxımdan həssas kateqoriyalara aid olan gənclərin iştirakını nəzərdə tutan təşəbbüslərə xüsusi diqqət yetirilir. 

Əsas hədəfimiz mövcud imkanları gənclərə daha yaxın etmək, hər bir gəncin öz potensialını aşkara çıxarması üçün bərabər şəraitin formalaşmasına töhfə verməkdir.

- Gənclər Fonduna müraciət edən bir gəncin “Bu imkan mənim həyatımda nəyi dəyişəcək?” sualına cavab vermək üçün Fond öz fəaliyyətinin nəticəsini hansı konkret göstəricilərlə cəmiyyətə təqdim edir?

- Hər bir gənc Fondun fəaliyyətinin nəticəsini konkret rəqəmlərdə və real imkanlarda görə bilməlidir. Çünki fəaliyyətin effektivliyi yalnız ayrılan maliyyə vəsaiti və həyata keçirilən layihələrin sayı ilə deyil, bu imkanlardan yararlanan gənclərin həyatında baş verən dəyişikliklərlə ölçülür.

Statistik göstəricilər Fondun gənclər üçün yaratdığı imkanların miqyasını nümayiş etdirir. Lakin bizim üçün ən vacib göstərici rəqəmlərin arxasında dayanan gənclərin hekayələridir. Fondun dəstəyi ilə xaricdə təhsil alan, ilk iş təcrübəsini qazanan, öz ideyasını və ya sosial təşəbbüsünü reallaşdıran, regionunda yeni bir layihəyə başlayan gənclərdir. Əsas məqsədimiz sadəcə imkan yaratmaq deyil, həmin imkanların gənclərin gələcəyinə real töhfə verməsidir.

 

Caspianinfo.az