Bəzi insanlar çaydan ümumiyyətlə uzaq durmalıdırlar. Rusiyalı həkim-endokrinoloq, dietoloq, tibb elmləri namizədi Oksana Mixaleva “İzvestiya” portalına müsahibəsində belə deyib.
Əslində bu içki çoxlu sayda müalicəvi xüsusiyyətlərə malikdir. Antioksidant və antimikrob təsirlərlə yanaşı, qanda "pis" xolesterinin səviyyəsini aşağı salır. Lakin faydalı cəhətlərinə baxmayaraq, onun bəzi komponentləri təhlükəlidir. Söhbət katexin və kofeindən gedir.Bu maddələrin konsentrasiyası yaşıl çayda qara çaydan daha artıqdır. Bu səbəbdən ondan çox istifadə etmək insanın sinir sisteminə mənfi təsir göstərir, mədə-bağırsaq pozuntusuna, qaraciyərin zədələnməsinə və pis yuxuya səbəb olur.
“Böyük miqdarda çay içmək aşağıdakı xəstəliklər üçün əks göstərişdir: narahatlıq, aritmiya, ürək xəstəlikləri, depressiya, şəkərli diabet, hipertoniya, böyrək xəstəlikləri, mədə və onikibarmaq bağırsaq xorası, xroniki qaraciyər xəstəlikləri. Əməliyyatdan əvvəl də çay içmək qanaxma riski səbəbindən tövsiyə edilmir ",-deyə Mixaleva izah edib.
Mütəxəssis aspirin və qanın laxtalanmasını azaldan digər dərmanlar qəbul edən insanlara içkiyə qarşı diqqətli olmağı tövsiyə edib. Antidepresantlar və iltihab əleyhinə dərmanlar qəbul edərkən böyük miqdarda çay içmək əks göstərişdir.
Nubar Süleymanova, “İki sahil”