KÖŞƏ

Vəli İlyasov

Hamparsumun göz yaşları...

03 dekabr 2021 01:58
1078

“Dəmir yumruq”dan başı hələ də gicəllənən Ermənistan yenə də tərslik edərək 2020-ci ilin 10 noyabr Bəyanatının müddəalarından bir neçəsini yerinə yetirmək istəmir. Ancaq cərəyan edən hadisələr açıq göstərir ki, məğlub ölkə gec-tez inadkarlığının əziyyətini çəkəcəkdir.

 Soçidəki üçtərəfli görüş, ardınca İqtisadi Əməkdaşlıq Təşkilatının Aşqabad Sammiti, iki şəhərdə qəbul edilən yekun bəyanatlar və imzalanan ikitərəfli, üçtərəfli -Azərbaycan, Türkmənistan, İran sənədləri tarixi qələbəmizə öz “möhürünü” vurdu.

Məlum oldu ki,  İrəvanın böyük ümid bəslədiyi qonşu İran belə, blokadadan çıxmaq istəməyən Ermənistanla əlaqələrdə perspektivlər görmür və Azərbaycanı seçir.

Belə həlledici hadisələr məğlub ölkəyə ciddi xəbərdarlıq siqnalları olmalı idi.  Fakt budur ki, rəsmi İrəvan daxildəki daxili gərginlikdən və revanşistlərdən ehtiyat edərək bir il müddətində nə 10 noyabr 2020-ci il, nə də 11 yanvar 2021-ci il üçtərəfli sazişlərlə götürdüyü öhdəliklərin bəzilərini yerinə yetiməyib.

Bu günlərdə Soçidə baş nazir Nikol Paşinyana bir daha həmin öhdəliklər “yada salındı”. Eyni zamanda, Bakının səbrinin sonsuz olmadığını erməni tərəfi bilməlidir. Başa düşməlidir ki, əgər  Zəngəzur dəhlizi açılmasa, Azərbaycan buna adekvat olaraq Laçın dəhlizini bağlaya bilər.  Azərbaycanın hələ də Qarabağda qalan cinayətkar hərbi birləşmələrin varlığına sonsuzadək dözəcəyinə inanırlarsa deməli,  erməni başbilənlərin başlarında “qısa qapanma” baş verib və möhkəm yanılırlar. 

Doğrudur, Rusiya da öhdəliklərin yerinə yetirilməsinə məsuliyyət daşıyır. Çünki həm ortada konkret yazılı sənəd və öhdəlik var, həm də daşdan keçən gerçək: bu da ondan ibarətdir ki, İkinci Qarabağ müharibəsindən sonra məğlub Ermənistan heç vaxt olmadığı qədər Rusiyadan tam asılılığa düşüb. Moskvanın yüngülcə təzyiqi yetər ki, ermənilər və onların “qərbçi” rəhbərləri ağıllarını başlarına yığsınlar.  

Təbii ki, Ermənistan özü də Rusiyadan, Azərbaycandan təzyiq gözləmədən konstruktiv mövqe tutmağın alternativinin olmadığını anlamalıdır. Əks təqdirdə, erməni toplumu bir ildir çəkdiyi əziyyəti yenə də illərlə çəkəcək.        

Erməni mediasının yazdığına görə, son üç ayda ölkədən xaricə miqrasiya 33 faiz artıb. Belə ki, 2021-ci ilin səkkiz  ayı ərzində Ermənistandan hava nəqliyyatı ilə gedən vətəndaşların sayı gələnlərdən 64 078 nəfər çox olub. Kiçik bir ölkənin bu cür boşalması demoqrafik fəlakətdir, görünür, başı keyləşmiş ermənilər bunu başa düşmürlər.

Ermənistanda təbii artımın aşağı olduğu da nəzərə alınsa, bu minvalla ölkənin yaxın 2-3 ildə faktiki boşalacağını və orada əsasən qocaların qalacağını söyləmək olar. Bütün bunlar o anlama gəlir ki, məğlub ölkə tezliklə qonşularla əməkdaşlıq və inteqrasiya yolu tutmasa, yolu intihara doğru olacaq. İndi  Ermənistan dar ağacına çıxarılmış caniyə oxşayır, boynundakı “ilgək” sürətlə sıxılmaqdadır. Bu ilgəyin bir ucu Azərbaycandadırsa, ikinci ucu isə öz əlindədir. Ancaq təəssüf ki,  reallıqları bir kənara qoyan Ermənistanda hələ də hansısa “məxməri” arzularla və xam xəyallarla yaşayırlar.

“Ermənistanın tarixi şansı var idi. Böyük işlər görülmüşdü, pullar tökülmüşdü, diasporumuzun əsas işi bundan ibarət idi. 15 dekabr günündə Brüsseldə baş tutacaq sammitdə İlham Əliyevlə Nikol Paşinyanın görüşü və bu zaman əlimizə bəzi Qərb ölkələrinin İrəvanın maraqlarını qoruması kimi yaxşı fürsət keçmişdi. Amma Vladimir Putin bütün planlarımızı alt-üst etdi”.

Bu fikirləri erməni siyasi şərhçi Hamparsum Kabanyan göz yaşı axıdaraq deyib.

Ancaq ermənilər anlamırlar ki, olacaqdan qaçmaq olmur, nə qədər qaçsalar da bir gün ona düçar olacaqlar. Fakt göz önündədir: otuz il qaçdıqları haqq onları 2020-ci il sentyabrın 27-də yaxaladı. Özü də necə yaxaladı?! Ermənilər yüz illər boyu 2020-ci ilin 10 noyabrındakı kimi göz yaşı tökəcək, həmin tarixi milli matəm günü kimi qeyd edəcəklər. Ona görə deyiblər ki, haqdan qaçmaq olmaz, haqqın divanı gec də olsa, güclü olur!