Türklər yaşamasa da bu kəndə “Türk kəndi” deyirlər
Belçikanın Faymonville kəndi öz maraqlı xüsusiyyətinə görə digər yerlərdən fərqlənir. Çünki türklər yaşamasa da bu kəndə “Türk kəndi” deyirlər. Bundan başqa türkcə adını haradan aldığı hələ də məlum olmayan kənd hər il keçirilən karnavalı ilə rəngli görüntülərə sahib olub. Bu kənd Belçikanın Almaniya ilə sərhəddindəki Arden dağları bölgəsində yerləşir.
Kənd meydanında Belçika və Valoniya muxtar bölgələrinin bayraqları ilə yanaşı Türkiyə bayrağı da dalğalanır. Kəndin mərkəzində yerləşən və hazırda kitabxana kimi istifadə edilən binanın girişindəki mərmər üzərində oyulmuş ay və ulduz, binanın içərisində isə pəncərələrə həkk olunmuş Türkiyə bayrağının motivləri diqqəti cəlb edir. Bu qədər türklüyü simvolizə edən əşyalardan sonra “burada necə türk olmasın” sualını verə bilərsiniz.
“Xristian dünyasının düşməni və türklərin dostu”
Məlumatlara görə, türklərin yaşamadığı Faymonville kəndinə “türk kəndi” deyilməsi ilə bağlı 8-ci əsrə aid müxtəlif rəvayətlər var. İlk növbədə kəndin bu günlərə qədər gəlib çatmasının səbəbi kənd ağsaqqallarının İkinci Dünya Müharibəsi ilə bağlı söylədikləri çox maraqlı lətifə ilə izah olunur. Onların dediyinə görə, alman ordusu İkinci Dünya Müharibəsi illərində kəndin girişində türk bayrağı olduğuna görə bu kəndə zərər verməyiblər, çünki Türkiyə ilə qarşılıqlı hücum etməmək müqaviləsi olub. Kəndin bu adı hardan alması ilə bağlı çoxlu şayələr var. Onların arasından bəziləri kəndlilər tərəfindən qəbul edilib. 16-cı əsrdə kilsə tərəfindən Osmanlılara qarşı mübarizə üçün yardım adı ilə pul yığılarkən, Feymonville kəndliləri digər Vallon (Belçika tərkibində muxtar bölgə) kəndlərindən fərqli olaraq Lüksemburq hersoqluğuna aid olduqları üçün pul ödəməkdən imtina edblər. Bu səbəbdən də onlar “xristian dünyasının düşməni və türklərin dostu” elan ediliblər. Başqa bir deyimə görə, bu kəndlilər o zamanlar Səlib yürüşlərində iştirak etməyiblər və bun görə “türk” adlandırılıblar.
Qırmızı və ağa bürünən kənd
Deyilənlərə görə kəndlilər həmin dövrdə türklüyə o qədər qucaq açıb ki, kilsə zənglərini bir müddət susdurub, azanı təqlid edən səslə azan verməyə başlayıblar. Kənddə türklüyə aid bir çox şey var. Hətta Faymonvilledəki yeganə otel "Köhnə Sultan" (Le Vieux Sultan) adını daşıyır.
Bundan əlavə, kəndin futbol komandası RFC Turkania (Gənc Türklər Birliyi) türk bayraqlı loqosu ilə həvəskarlar liqasında mübarizə aparır. Kənddə türk bayrağının olması ilə bağlı da söz-söhbətlər var. Faymonvillenin “Türk kəndi” adlandırılması və türk bayrağının kəndin simvolu olması bu ənənənin 8-ci əsrə aid olduğunu deyən kəndlilər tərəfindən bildirilir. Kəndin tanınma səbəblərindən biri də burada hər il ənənəvi karnaval keçirilməsidir. Kənd karnaval müddətində qırmızı və ağa bürünür. Kənd sakinləri karnaval çərçivəsində müxtəlif cür geyimlər geyinərək əylənirlər. Belçikadan və qonşu ölkələrdən karnavalı izləmək üçün türklər buraya gəlirlər.
Vüsal Cahanov, “İki sahil”