08 dekabr 2021 17:50
408

"Mercedes" sponsorluq müqaviləsini qalmaqalla əlaqədar pozub

"Formula 1"də çıxış edən "Mercedes" komandası "Kingspan" tikinti materialları şirkəti ilə Səudiyyə Ərəbistanı Qran-prisindən əvvəl bağladığı müqavilədən imtina edib.

“İki sahil” xəbər verir ki, səbəb həmin şirkətlə sponsor əməkdaşlığının Böyük Britaniyada qalmaqalla qarşılanmasıdır. Birləşmiş krallıqda hesab edilib ki, məhz "Kingspan"ın istehsal etdiyi materiallar 2017-ci ildə baş vermiş faciənin səbəblərindəndir. Həmin vaxt Londonda "Qrinfell Tauer"in binasındakı yanğın nəticəsində 72 nəfər ölüb.

Faciə qurbanlarının yaxınları və qəzadan sağ çıxanlar "Mercedes"in rəhbəri Toto Volfa məktub yazaraq, "Kingspan"la sözləşmənin pozulmasını tələb ediblər. Britaniyalı nazir Maykl Qou da müqaviləyə yenidən baxılmasını xahiş edib.

Qeyd edək ki, dekabrın 5-də keçirilmiş Səudiyyə Ərəbistanı Qran-prisinin qalibi "Mercedes"in britaniyalı pilotu Lüis Hemilton olub.