01 iyul 2025 20:19
117

Boksçularımız Dünya Kubokunda

İyunun 30-da Qazaxıstanın paytaxtı Astanada boks üzrə Dünya Kubokuna start verilib.

“İki sahil” xəbər verir ki, Azərbaycan milli komandasının böyük məşqçisi Nəriman Abdullayev jurnalistlərə açıqlamasında iyulun 6-dək davam edəcək yarışa 8 kişi və 3 qadın boksçu ilə qatıldıqlarını bildirib.

Qadınlardan ibarət yığmanın baş məşqçisi İlkin Ağayev boksçulardan qələbə gözlədiklərini söyləyib: “İnanırıq ki, hər biri uğurlu çıxış edəcək”.

Yarışda 30 ölkədən 300-ə yaxın dəri əlcək ustası qüvvəsini sınayır. Bu, “World Boxing” olimpiya təşkilatının Qazaxıstanda təşkil etdiyi ilk yarışdır.

İl ərzində bir neçə mərhələdə keçirilən Dünya Kuboku reytinq xarakteri daşıyır. Hər çəki dərəcəsində qalibə 300, gümüş medalçıya 200, bürünc mükafatçıya isə 150 reytinq xalı verilir.