09 dekabr 2021 15:19
1804

İtalyanların özünəməxsus xasiyyətləri - FOTO

Dünyanın məşhur xalqlarından olan italyanların bəzi qeyri-adi davranış və xüsusiyyətləri digər xalqlara yaddır.

Geyim-hörmət göstəricisi sayılır

Söhbət təkcə başqalarına deyil, özünə hörmətdən gedir. İtalyanlar heç vaxt küçəyə çirkli və ya qırış geyimdə çıxmazlar. Nə qədər bahalı paltarlar alsalar da, həmişə sadə geyinirlər. Əsas odur ki, geyim baxımlı və səliqəli olsun. Evdə də köhnə əşyalar geyinməməyə, gözəl paltar almağa çalışırlar ki, qonşuların gözündə cahil kimi görünməsinlər. Maraqlıdır ki, italyanların 50%-i yaşından və gəlirindən asılı olmayaraq mövsümün moda və cari tendensiyalarını izləyir.

Yollardakı qarışıqlıq

İtaliyada avtomobil icarəyə götürən digər ölkələrdən gələn turistlər tez-tez deyirlər ki, yollarda tam xaos hökm sürür: heç kim yol hərəkəti qaydalarına və sürət həddinə əməl etmir, insanlar dönmə siqnalını yandırmadan zolağı dəyişə, düz xətlə hərəkət edə və harada olsa dayana bilərlər. Deyildiyi kimidirsə, Romada və digər şəhərlərdə çoxlu qəzalar olmalıdır, lakin bu, belə deyil. Bəlkə italyanların əcnəbilərdən gizlədilən öz sürücülük prinsipləri var?

“Ana uşağı” oğullar

İtalyan kişilərinin həyatında əsas qadın analarıdır və qarşılıqlı sevgi hər yaşda eyni qalır. İtalyan analar qoca yaşlarına qədər öz oğullarına qulluq etməyə, paltarını ütüləyib, yeməyini verməyə canla-başla hazırdırlar. Buna görə də, orada kişilər çox vaxt 35-40 yaşa kimi evlənmirlər.
Onlar karyera qurur, təhsil alır, səyahət edir və yaradıcılıq bacarıqlarını inkişaf etdirirlər, həmçinin anası kimi olacaq və onu tamamilə əvəz edə biləcək birini axtarırlar. Amma oğul özünə yoldaş tapanda da birinci yerdə ana olur.

Flört etmək heç də xəyanət etmək deyil

İtaliyada sevgi havadadır və insanlar bunu hiss edirlər. Komplimentlər söyləyirlər, bir-birinə təbəssüm edirlər, əl sıxırlar və baxışırlar. İtalyanlar üçün flört çox vaxt belə qeyri-verbal ünsiyyət normasıdır. Onlar tamamilə sevmək və bir əlaqəyə qərq olmağa alışıblar, buna görə də başqa bir insana simpatiyalarını sadəcə açıq şəkildə göstərirlər. İtalyan kişilərin çoxu monoqamdır: bir yoldaş seçərək ona sadiq qalırlar.

Yüksək toxunma qabiliyyəti

İtalyanlar toxunmağı sevirlər, buna o qədər öyrəşiblər ki, artıq əhəmiyyət vermirlər. İnsanlar görüşdükləri zaman asanlıqla əl sıxa, qucaqlaşa və öpüşə bilərlər və bu, təkcə heteroseksual dostlara aid deyil. Əgər siz İtaliyada olarkən iki kişinin öpüşdüyünü görmüsünüzsə, dərhal yanlış nəticələr çıxarmamalısınız: onlar sadəcə yaxın dost ola bilərlər və bu cür sevgi ifadəsi onlar üçün normaldır.

Nahara nə yemisiniz?

İtalyanlar arasında adəti “necəsən?” sualının ardından “nahara nə yemisən?” sualı aktualdır. Bir çox əcnəbi vətəndaşlara çox qəribə gəlsə də, italyanlar üçün bu, bir insana qayğı göstərmək üçün ən yaxşı yoldur. Eyni zamanda, onlar sizin kulinariya seçiminizi heç vaxt qınamayacaqlar, ancaq nə və harada yediyinizi diqqətlə dinləyəcəklər, sonrada dadlı və doyumlu bir yeməyi dadmaq üçün mütləq yeni bir məkanla bağlı məsləhət verəcəklər.

“Çay pulu” vermək adəti yoxdur

 İtaliyada adət olmayan şey ofisiantlara, barmenlərə, taksi sürücülərinə “çay pulu” buraxmaqdır. Məsələ burasındadır ki, onlar artıq xidmətin ödənilməsi üçün hesab-fakturaya daxil edilib və “xidmət haqqı” (İtalyanca “coperto”) kimi təyin ediliblər. Əgər artıq pul qoyub getsəniz, italyanlar çox təəccüblənəcək və ya riyaziyyatı pis bildiyinizi düşünəcəklər. Əlavə minnətdarlıq bildirmək istəyirsinizsə, onu sözlərlə ifadə edin.

Dinc saat və fərdi cədvəl

Günorta birdən üçə qədər küçələrdə yatan çoxlu insanlar görə bilərsiniz. Onlar, parklardakı göyərçinlər kimi, skamyalarda, pilləkənlərdə, fəvvarələrin və abidələrin yanında və ya sadəcə qazonlarda oturur və dərhal bir neçə saat yuxuya gedirlər. Nə şəhər səs-küyü, nə də kameraları olan zəhlətökən turistlər italyanların gündüz dincəlməsinə mane ola bilməz. Onlar bunu edirlər ki, daha sonra yeni güclə işə başlaya bilsinlər. Oradakı belə sərbəst iş qrafiki bütün əcnəbiləri çaşdırır. Satıcılar mağazanı erkən bağlaya və ya bir gün heç çıxmaya bilər. Restoranlar və gecə klubları kimi istirahət yerləri həftənin bir neçə günü bağlana bilər. Eyni zamanda, heç bir qayda və ya sistem yoxdur və buna görə də sizə lazım olan qurumun necə işləyəcəyini əvvəlcədən öyrənmək daha yaxşıdır.

Tükənməz nəzakət

İtalyanlar həqiqətən iki şeyi sevmirlər: pis vəziyyətə düşməyi və pis ev sahibi və ya qonaq kimi damğalanmağı. Onlar bu səbəbdən günahkar olmasalar da, tez-tez üzr istəyirlər, yalnız dəvətdən sonra qonaq gedirlər və hamı tox olsa belə, mütləq qonağa yemək təklif edirlər. İtalyanlar hər hansı bir mübahisənin sonunu dostluq münasibətinə çevirməyə çalışırlar - düşməndən daha çox yeni bir dost qazanmaq həmişə yaxşıdır.

Qışqırmaqla iş həll edilir

Əgər İtaliyadakı barların birində sakit şəkildə öz növbəsini gözləyən bir sıra insan görmüsünüzsə, deməli bunlar da sizin kimi turistlərdir. Əsl italyanlar səbirlə gözləməyəcəklər, camaat nahar üçün bir fincan kofe və ya şam yeməyində bir stəkan şərab almaq üçün barmenə sifarişlərini üst-üstə verməyə başlayacaq. Susuzsan? Qışqırmaqla istədiyini əldə etməyi öyrən! Bu, təkcə barlara deyil, kafelərə, mağazalara, marketlərə və digər yerlərə də aiddir.

Maşını harda gəlsə saxlamaq

Yollardakı xaos rəvan parkinq etməməklə bağlıdır. İtalyanlar avtomobillərini onlar üçün əlverişli yerdə saxlaya bilər və bunun digər sürücülərə və ya yoldan keçənlərə mane olub-olmadığını düşünməzlər. Amma bu “nəqliyyat siyasəti” yalnız əcnəbiləri narahat edir, italyanlar buna fikir vermirlər.

Yelçəkən qorxusu

İlin istənilən fəslində italyanları şərfdə görmək olar. Qalın şərflərdən yüngül ipək yaylıqlara qədər boyunlarında həmişə nə isə olur. Bu, dəb və ya aksesuarlara sevgi ilə bağlı deyil. Sadəcə, bu xalq yelçəkəndən çox qorxur. Hesab edirlər ki, ən zəif yelçəkən belə soyuqdəyməyə, angina və ciyərlərin iltihabına səbəb ola bilər. Ona görə də ilin istənilən fəslində boyun-boğazlarında şərf görmək olar.

Nubar Süleymanova, “İki sahil”