Naringinin sağlamlıq üçün çoxlu faydaları var. Ancaq müəyyən bir kateqoriya insanlar üçün sitrus bitkilərinin meyvələri sağlamlıq üçün təhlükəli ola bilər. Soyuqdəymə üçün ənənəvi olan qış mövsümündə naringi bədən üçün əsl müdafiədir. Onun tərkibində faydalı turşular, vitaminlər və minerallar var və askorbin turşusu sayəsində sitrus meyvələri immunitet sistemini gücləndirir.
“Naringi digər sitrus meyvələri kimi, soyuqdəymə ilə mübarizədə əvəzsiz köməkçidir: onun qabığından dəmlənmiş çay bəlğəmi durulaşdırır və öskürəyi aradan qaldırır. Naringi meyvəsi həm də temperaturu effektiv şəkildə aşağı salır”, - deyə “Sputnik” portalının materialında qeyd olunub.
Naringi yağı da sağlamlığa müsbət təsir edir. Rahatlaşdırıcı və sakitləşdirici təsirlərə malikdir. Məhsul yuxunu və əhvalı yaxşılaşdırır. Naringinin tərkibində arıqlamağınıza kömək edən pektin və liflər var.
Çox sayda faydalı xüsusiyyətlərinə baxmayaraq, naringilərin əks göstərişləri də vardır. Allergik reaksiyaya səbəb ola bilərlər, buna görə də üç yaşdan kiçik uşaqlara verməmək məsləhət görülür.
Məhsulun tərkibindəki askorbin turşusu mədəni qıcıqlandıra bilər. Mədə xorası, qastrit və mədədə turşuluğu yüksək olan xəstələr naringidən imtina etməlidirlər. Həmçinin, məhsul hepatit, xolesistit və nefritdən əziyyət çəkənlər üçün əkş göstərişdir.
Nubar Süleymanova, “İki sahil”