17 dekabr 2021 17:58
4283

Düzgün yuxu rejimi necə olmalıdır?

Yəqin ki, hamımızın başına gəlib: yatağa uzanan kimi yuxuya getmək istəyirik, amma heç cür alınmır.Alimlərin son zamanlar apardığı araşdırmalardan müəyyən olunub ki, aşağıdakı üsullarla beyninizi sakitləşdirərək,  dərin bir yuxuya gedə bilərsiz.

Həqiqətən yorğun olduğunuzdan əmin olun

 Mütəxəssislərin məsləhətlərinə görə yatağa ancaq yatmağa hazır olduğunuz vaxtda girməyiniz yuxuya getmənizi xeyli asanlaşdırar.

Bəzi "gecəquşları" digər insanlar üçün "normal" olan saatlarda yuxuya gedə bilmirlər. Əgər sizdə də belədirsə, səhərlər yataqdan yorğun qalxanda gün işığına çıxın və gün ərzində günəşdən mümkün qədər çox faydalanmağa çalışın.

Alimlər deyirlər ki, "gecəquşları" orqanizmlərini daha erkən saatda yatmağa bu üsulla alışdıra bilərlər.

Gün ərzində idman hərəkətləri etmək də vacibdir, ancaq idmanı yatağa girməzdən 4 saat əvvəl  bitirmək lazımdır, çünki adrenalin də yuxuya getmənizə mane ola bilər.

 Gün ərzində, xüsusilə də axşam 4-dən sonra bir az mürgüləmək belə gecə yuxuya getməyi çətinləşdirir.

Yeyib-içdiklərinizə diqqət edin

Yaxşı yuxu yaxşı hazırlıq tələb edir. Məsələn, günün sonuncu kafeinli mayesini yatağa girməzdən ən azı 6 saat əvvəl içmək lazımdır.

Kafein orqanizmdə doqquz saata qədər qala bilir. Ona görə də gecə tez yuxuya getmək üçün günortadan sonra çay, kofe və ya kola kimi içkilərdən uzaq durmalısınız.

Çox adam acqarına yuxuya gedə bilmir. Ancaq dolu mədəylə də yatmaq çətindir. Yatağa girməzdən ən geci 4 saat əvvəl yeməyə çalışın, yuxunuza mane olacaq və ya sizi yuxudan oyandıracaq ağır və şəkərli yeməklərdən uzaq durun.

Spirtli içkilərdən də uzaq olun. Çünki alkoqol yuxuya getməyi asanlaşdırsa da, onun keyfiyyətinə mənfi təsir göstərir.  Bundan başqa, alkoqol həm də sidikqovucu xüsusiyyətə malik olduğu gecə sizi yuxudan oyada bilər.

Özünüzü sakitləşdirməyə çalışın

Yatağa girməzdən əvvəl sizi rahatladan bir üsullardan edə bilərsiniz.Məsələn, isti hamam və ya duş, meditasiya, həyat yoldaşınızla və ya digər ailə üzvlərinizlə söhbət, gündəlik yazmaq, kitab oxumaq və ya tutqun işıqda musiqi dinləmək ola bilər.

Yatmazdan öncə “ağıllı” qadjetlərdən uzaq olun

Yatmazdan ən azı bir saat əvvəl hər hansı elektron cihazın ekranına baxmaq məsləhət görülmür.

Çünki bu, həm yuxunuzu qaçıracaq, həm də bir çox televizorların və ağıllı telefonların ekranından çıxan mavi işıq beyninizin hələ xeyli oyaq qalmasına səbəb olacaq.

Nizamlı yuxu rejiminə riayət edin

Bir çox insanların  sadəcə 4 saat yatmaları ilə öyündüklərini yəqin ki, siz də eşitmisiz. Ancaq insanların böyük əksəriyyəti bu rejimlə yaşaya bilməz. Cəmi bir neçə saatlıq yuxunun sizə bəs etdiyi görünə bilər, ancaq bunun uzun müddət davam etməsi fiziki və ruhi sağlamlığınıza zərər vura bilər. Davamlı olaraq 5 saatdan az yatmaq ürək tutması, insult və ya xərçəng riskini artırır, ona görə də sağlam bir yuxu planına sadiq qalaraq hər gecə 7-8 saat yatmağa çalışın.

Samirə Tağıyeva, “İki sahil”