17 dekabr 2021 18:34
2895

Xeyriyyəçiliklə məşğul olan tanınmış insanlar - FOTO

Dünyanın əksər ölkələrində xeyriyyəçilik ənənəsi məşhurlar arasında geniş yayılıb. Müğənnilər, futbolçular və digər tanınmış şəxslər gəlirlərinin bir hissəsini xeyriyyə işlərinə xərcləyirlər.

Ancelina Coli

Hollivudun ən yüksək maaş alan aktrisalarından biri olan Ancelina Coli Kambocada əfsanəvi “Lara Croft Tomb Raider” filminin çəkiliş meydançasında ilk dəfə Üçüncü Dünya ölkələrinin amansız reallığı ilə üzləşdikdən sonra  Tanzaniyanı, daha sonra Pakistanı ziyarət etdikdən sonra Ancelina bu ölkələrə dəstək olmaq üçün  1 milyon dollar bağışladı. BMT Komissiyası onu özünün xoşməramlı səfiri elan edib. Coli hətta hamilə olanda da humanitar missiyalarla Afrika ölkələrini ziyarət etməyə davam edirdi. O, tarladakı insanlarla  eyni şəraitdə yaşayaraq, onlarla  eyni işi görürdü. Qeyd edək ki,  aktrisa bir neçə xeyriyyə təşkilatı yaradaraq Afrika ölkələrində və başqa yerlərdə aclıqdan, yoxsulluqdan əziyyət çəkən uşaqları himayə edir. Dünyanın ən böyük xeyriyyəçi sənətçilərindən olan Coli yüzlərlə, minlərlə insana dayaq olur.  Hətta Kambocanın baş naziri Coliyə həmin ölkənin fəxri vətəndaş titulu verərək, orada onun şərəfinə məbəd tikdirmişdi.

Rihanna

Məşhur müğənni Rihanna da yardımsevər insanların sırasına daxildir. Müğənni  Barbadosdakı Kraliça Yelizavetanın xəstəxanasına böyük ianələr, yardımlar edir, bununla yanaşı, o, QİÇS-lə mübarizə aparan insanlara da həm maddi, həm mənəvi dəstək olur.

 Rihannanın Harvard Universiteti tərəfindən “İlin ən xeyriyyəçi adamı”kimi  seçilməsi bunun  sübutudur.

Anita Tsoy

Tanınmış rusiyalı müğənni Anita Tsoy 2001-ci ildə  anadangəlmə qüsurlu uşaqlara kömək edən “Anita”  fondunu açıb. Cəmi bir il ərzində o, 35 mindən çox uşağa yardım göstərib. 2010-cu ildə   Tsoy “Universal Music” şirkəti  ilə birlikdə “Vicdanla”  proqramını açaraq kimsəsiz insanlara dəstək olur. Qeyd edək ki, onun  "Şərqə" albomundan əldə etdiyi bütün gəlirləri uşaq evlərinə yönləndirildi.
Anita Tsoy, həmçinin  Moskvada aparıcılıq etdiyi konsertdən təxminən 160 min avro toplayaraq bu pulları Beslan faciəsindən əziyyət çəkən uşaqlara göndərib.

İosif Kobzon

Müğənni uzun illərdir xeyriyyəçiliklə məşğul olub. 1992-ci ildə “Qalxan və Lira” fondunu təşkil edib.
Fond  həlak olan hərbi qulluqçuların ailələrinə yardım göstərmək və daxili işlər orqanları əməkdaşlarının sosial müdafiəsi üçün yaradılmışdı. Kobzon nəinki Krasnodardakı məbədi də bərpa edib, bununla yanaşı   Xilaskar Məsihin Katedralinin bərpası üçün külli miqdarda pul xərcləyib. Bu məşhur, həmçinin iki uşaq evinə himayədarlıq edir və uşaqlara müxtəlif yardımlar göstərir.

Natalya Vodanova

“Çılpaq Ürək Fondu” model tərəfindən 2005-ci ildə yaradılıb. Fond bütün Rusiyada uşaq meydançaları tikir. Vodanova tərəfindən kimsəsiz uşaqlar üçün təşkil olunan ilk  tətil  Nijni Novqoroda (Natalyanın yaşadığı şəhərə ) olmuşdur.Dəqiq desək,  fondun yaradılmasına əsas təkan Beslan faciəsi oldu. Model uşaqları az da olsa sevindirmək üçün Beslanda oyun parkı salmaq qərarına gəldi.

2011-ci ildən  başlayaraq  kimsəsiz uşaqlar “Hər uşaq ailəyə layiqdir” proqramına cəlb olunub.

Opra Vinfrey

Media dünyasının ən uğurlu və ən nüfuzlu qadınlarından biri olan  Opra Vinfrey kimsəsiz və köməyə möhtac olan  insanlara dəstək olaraq onları  ruhlandırır. Kasıb ailədə böyüyən, aclıq və yoxsulluq görən, zorakılıq nəticəsində 14 yaşında uşağın  ölümündən sonra Opra  Afrikada yaşayan  qızların çətin həyatını biraz da olsa yüngülləşdirməyi qarşısına məqsəd qoyub.

Milyarder xanım  xeyriyyəçilik  üçün bir milyon dollardan çox pul xərcləyib. Opra öz hesabına Cənubi Afrikada yoxsul ailələrdən olan istedadlı qızlar üçün məktəb və bir neçə təhsil müəssisəsi açıb. O, həmçinin müntəzəm olaraq kütləvi yarışlarda iştirak edir və döş xərçəngi ilə mübarizə üçün ianələr toplayır. Çox maraqlıdır ki, Opra  afrikalı uşaqlara kömək etmək üçün öz paltarlarını auksionlarda  sataraq topladığı pulları onlara göndərir. Qeyd edək ki, o, həmçinin  Haitidə baş verən  zəlzələdən sonra zərərçəkənlərə yardım əlini uzatmışdı. 2012-ci ildə o, humanizm işlərinə görə,  Kino Sənəti və Elmləri Akademiyasının “Gene Herşolt” Mükafatında Oskara layiq görüldü.

Şəhzadə Diana

Bu cazibədar və bir qədər utancaq qadın müxtəlif sosial təbəqələrdən, dinlərdən, partiyalardan olan insanlarla asanlıqla ünsiyyət qurmaq üçün heyrətamiz bir qabiliyyətə sahib idi. Böyük Britaniyada onu çox sevirdilər və onu "Ürəklər Kraliçası" və ya "Ürəklərin Xanımı” adlandırırdılar. Onun fəal iştirakı ilə dünyada yüzlərlə fond yaradılıb. Şahzadə ölümcül xəstələr üçün hospislər təşkil edərək, ürək xəstəlikləri və leykozlu uşaqlara maddi və mənəvi dəstək olurdu.  Diana şəxsən xəstəxanalara baş çəkərək, xəstələrlə söhbət edir, tibb bacısı kimi əməliyyatlarda iştirak edirdi.

Diananın ölümündən sonra insanlar onun xeyriyyəçilik işlərini davam etdirdilər. Onun ən son missiyası piyada əleyhinə minaların qadağası ilə bağlı hərəkat Nobel Sülh Mükafatını aldı.

Elton Con

1992-ci ildə  Elton Con QİÇS-lə Mübarizə Fondunun təsisçisi olub və bu gün də onun inkişafı üzərində işləməyə davam edir. Böyük Britaniya və ABŞ-da onun əsərlərinin satışından əldə edilən bütün vəsaiti Elton QİÇS problemi ilə bağlı tədqiqatların təşkilinə yönəldir. O vaxtdan bəri o, bir neçə dəfə xeyriyyə konsertləri (o cümlədən Moskvada) təşkil edib.

Leonardo Di Kaprio

2012-ci ilin sentyabrında aktyor Leonardo Di Kaprio BMT-nin sülh səfiri idi.  Leonardo planetdəki iqlimi qorumaq üçün bəşəriyyətin qlobal səylərini müdafiə etməklə məşğuldur. Onun sözlərinə görə, insanların təbiətə mənfi təsiri nəticəsində iqlim əhəmiyyətli dərəcədə dəyişir və qlobal istiləşmə çoxdan reallığa çevrilib və bu təbii fəlakətlər,  kataklizmlər təhlükəsi yaradır. Di Kaprionun bu vəzifəni seçməsi təsadüfi deyil.  Leonardo məşhurlar arasında “yaşıl” həyat tərzinin əsas tərəfdarı hesab olunur. Aktyor heyvanların hüquqlarının müdafiəsi üçün keçirilən tədbirlərdə fəal iştirak edir. 2010-cu ildə “Pələng”  forumunda aktyor pələngləri qorumaq üçün ayağa qalxdı və bir il sonra Leo fillərin qorunması üçün” IFAW” beynəlxalq kampaniyasının lideri oldu. Bundan əlavə, 1998-ci ildə Leo vəhşi təbiətin qorunması və insanlar, Yer kürəsinin flora və faunası arasında ahəngdar münasibətlər qurmaq üçün fond təsis edib.  O, nəinki həyatının işi üçün vaxtını əsirgəmir, həm də müntəzəm olaraq böyük ianələr edir. Məsələn, Di Kaprio  Afrikadakı vəhşi təbiəti mühafizə təşkilatlarına və Amazon tropik meşələrini qorumaq üçün  15 milyon dollar ayırıb.

İqor Kutsenko

2011-ci ildə aktyor “Step Together” xeriyyəçilik fondunu təsis edib. Hazırda,o , serebral iflicli uşaqlara dəstək olur. Belə ki,  Kutsenko ildə iki dəfə kino, səhnə və teatrın  ulduzları ilə xəstə uşaqlar üçün bayram konsertləri və xeyriyyə tədbirləri keçirir.

İndi təşkilat konsaltinq yardımı ilə məşğul olur, xüsusilə ehtiyacı olan uşaqlara ünvanlı yardım göstərir.

Samirə Tağıyeva, “İki sahil”