Vüqar Həşimov son dərəcə istedadlı şahmatçı idi. O, qısa ömür sürməsinə baxmayaraq, adını şahmat tarixinə yaza bildi. Təbii ki, bu tarix də həmişəlik bizimlə qalacaq.
“İki sahil” xəbər verir ki, bunu “Vüqar Həşimov memorialı”nın təşkilat komitəsinin üzvü, Milli Məclisin deputatı Nigar Arpadarai turnirin mətbuat xidmətinə müsahibəsində deyib.
N.Arpadarai vurğulayıb ki, Vüqar Həşimovun xatirəsinin yaşadılması şahmat ənənələrimizin davam etdirilməsi baxımından çox vacibdir. Bu turnir həm də onun adının əbədiləşdirilməsi üçün olduqca əhəmiyyətlidir.
“Vüqar Həşimov haqqında onun yaxınları ilə söhbətim olub və müsahibələrini oxumuşam. Bunların yekununda onun nə qədər maraqlı və açıq insan olduğu qənaətinə gəldim. Məsələn, komandada onunla iştirak edən həmkarları bildirirlər ki, o, üzərində işlədiyi partiyalarla bağlı düşüncələrini digər şahmatçılarla bölüşürdü. Yəni, komanda oyunçusu idi. Vüqar qələbənin təkcə onun yox, komandanın, bütün ölkənin qələbəsi olmasını istəyirdi", - deyə Milli Məclisin deputatı bildirib.
Vüqar Həşimovun xatirəsinə həsr olunan turnirin təşkilat komitəsində yer almaqdan məmnunluğunu ifadə edən N.Arpadarai deyib: “Hamı mərhum qrossmeyster haqqında xoş xatirələr söyləyir, onun həmişə digər insanlara böyük hörmətlə yanaşdığını xüsusi vurğulayırlar. Söyləyirlər ki, qalib gəlsə də, uduzsa da, bu, onun əhval-ruhiyyəsinə təsir etmirdi və o, bunu büruzə vermirdi. Çünki Vüqar insanlara o qədər hörmətlə yanaşırdı ki, ona yaxınlaşan hər bir jurnalistə istənilən halda normal müsahibə verməyə, hər bir azarkeşi ilə danışmağa hazır idi. Yəni, sözün əsl mənasında çox dürüst insan idi. Məhz Vüqarın bu xatirələri, ali xüsusiyyətləri və yüksək insani keyfiyyətləri onu daim yaşadacaq. Çox xoşbəxtəm ki, “Vüqar Həşimov memorialı-2021” super turnirinin təşkilat komitəsinin üzvüyəm. Bu, mənim üçün böyük şərəf və məsuliyyətdir. Hesab edirəm ki, bu iş davamlı olmalıdır”.
Qeyd edək ki, sayca yeddinci dəfə təşkil olunan “Vüqar Həşimov memorialı”nda qalib adı uğrunda 8 şahmatçı – Azərbaycan təmsilçiləri Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Vüqar Əsədli, amerikalı Fabiano Karuana, Rusiya şahmatçısı Sergey Karyakin, Macarıstan idmançısı Riçard Rapport, hindistanlı Vişvanatan Anand və çexiyalı David Navara mübarizə aparırlar. Şahmatçılar turnirdə rapid və blits turnirlərində yarışırlar. Rapid yarışları 14 turdan ibarət olacaq və dekabrın 21-dək davam edəcək. Dekabrın 22-23-də isə blits yarışları keçiriləcək. Rapid yarışı 15 dəqiqə + 10 saniyə, blits turniri isə 5 dəqiqə + 3 saniyə nəzarət vaxtı ilə təşkil olunacaq.
Yarış Vüqar Həşimov Şahmat Fondunun təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin, Azərbaycan Şahmat Federasiyasının dəstəyi, SOCAR-ın sponsorluğu ilə keçirilir. Yarışa “Fairmont Baku” oteli ev sahibliyi edir.
Vüqar Həşimov memorialı ilk dəfə 2014-cü ildə Şəmkirdə keçirilib. Hazırkı dünya çempionu Maqnus Karlsen dörd (2014, 2015, 2018, 2019), Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov isə iki (2016, 2017) dəfə turnirin qalibi olublar.