02 avqust 2025 14:35
105

Avrokuboklardakı çıxış klublarmıza nə qədər qazandırıb?

Cari mövsümdə avrokuboklarda ölkəmizi təmsil edən klubların UEFA-dan əldə edəcəyi təxmini maliyyə gəlirləri artıq bəlli olub.

UEFA Çempionlar Liqasında Azərbaycanı təmsil edən "Qarabağ" mövsümə II təsnifat mərhələsindən start verib. Bu mərhələdə İrlandiyanın "Şelburn" klubunu üstələyən Ağdam təmsilçisi III mərhələyə yüksəlib.

Belə ki, UEFA-nın qaydalarına əsasən, ÇL-in təsnifat mərhələsini adlamağa görə klublara pul mükafatı verilmir. Lakin komanda qrup mərhələsinə qədər irəliləsə, bu halda artıq 15.6 milyon avro mükafat alır. Əgər "Qarabağ" pley-offda mübarizəni dayandırarsa, UEFA-dan 5 milyon avro qazanc əldə edəcək.

Avropa Liqasına I təsnifat mərhələsindən qoşulan "Sabah" klubu isə buradakı iştirakına görə 150 min avro mükafat qazanıb. "Selye" ilə qarşılaşmada məğlub olan komanda mübarizəsini Konfrans Liqasının II təsnifat mərhələsində davam etdirib. Bu mərhələdə iştiraka görə 350 min avro, "Petrokub" üzərindəki qələbəyə görə isə əlavə 550 min avro mükafat nəzərdə tutulur. Beləliklə, "Sabah"ın cari mövsüm avrokuboklardan indiyə qədər qazancı 1 milyon 50 min avroya çatıb. Komanda yoluna davam etdikcə bu məbləğ daha da artacaq.

Konfrans Liqasının II mərhələsindən mübarizəyə qoşulan "Araz-Naxçıvan" bu mərhələdə iştirak üçün 350 min, mərhələ adladığına görə isə əlavə 550 min avro qazanıb. Komanda ilk mövsümündə ümumilikdə 900 min avroluq qazanc əldə edib.

Mövsümə Konfrans Liqasında başlayan digər təmsilçimiz "Zirə" isə yalnız II təsnifat mərhələsində iştirak etdiyi üçün 350 min avro ilə kifayətlənməli olub.

Oxu.Az