Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, 2020-ci ildə xərçəng on milyon insanın həyatına son qoyub, 19 milyondan çox insana isə bu xəstəliyin diaqnozu qoyulub. Bədxassəli şişlərin səbəbləri arasında elm adamları həyat tərzini və xüsusilə qidalanmanı qeyd edirlər. Pəhriz xəstəliyin qarşısını almağa kömək edirmi? “RİA Novosti”yə istinadən təqdim etdiyimiz aşağıdakı materialda.
Daha çox alma, daha az hamburger
Dünya Xərçəng Araşdırmaları Fondunun (WCRF) 2018-ci il üzrə “Qlobal Perspektivdə Pəhriz, Qidalanma, Fiziki Aktivlik və Xərçəng” adlı ekspert hesabatında xərçəngin qarşısının alınmasına töhfə verən ümumi tövsiyələr var. Məsələn, şirniyyatlardan, vetçina və donuz kimi işlənmiş ətlərdən uzaq durmaq, yeməyə həddindən artıq duz vurmamaq.
Bu məsləhətlər xərçəng diaqnozlarının tezliyi ilə müəyyən yemək tərzinə riayət edilməsi arasındakı əlaqəni təhlil edən elmi məqalələrə əsaslanır. Belə ki, qırmızı ət və onun emal olunmuş məhsullarından istifadə yoğun bağırsaq xərçəngi riskini artırır. Süd məhsulları, taxıl və lif, əksinə, onu azaldır.
Duzlu balıq-qırtlaq xərçəngi, spirtli içkilər - ağız boşluğu, farenks və qırtlaq, yemək borusu və döş xərçənginin inkişaf ehtimalını artırır. Qəhvə qaraciyər xərçəngi riskini azaldır.
Afina Milli Universitetinin epidemiologiya və tibbi statistika üzrə professoru, “Xərçəng riskini azaldan həyat tərzi” adlı ensiklopedik məqalənin müəllifi Kristina Bamia deyir ki, vitamin D, kalsium və selenium da onkologiyanın qarşısının alınması üçün perspektivlidir.
Ancaq insanlar nadir hallarda bu qaydalara əməl edirlər. Məsələn, orta amerikalı doymuş yağlarla hazırlanan qidalardan çox istifadə edir, doymamış yağ isə az yeyir və lif, tərəvəz, meyvə və bütün faydalı dənli bitkilərdən demək olar ki, məhrumdur. Oxşar mənzərə dünyanın bir çox digər inkişaf etmiş ölkələrində də müşahidə olunur.
Tövsiyələrin nə faydası var?
WCRF ekspertlərinin nəticələrini çarpaz yoxlamaq üçün Avropa və ABŞ alimləri qidalanma ilə müxtəlif xərçəng növlərinin inkişaf riski arasındakı əlaqəyə dair 860 araşdırmanı təhlil ediblər. Müəlliflər vurğulayırlar ki, nəticələrin hamısı inandırıcı olmasa da, etibarlı nəticələr də var.
Həqiqətən, süd və süd məhsulları, kalsium və bütün dənli bitkilər kolon xərçəngi ehtimalını azaldır, spirtdən sui-istifadə isə əksinə, artırır. Məstedici içkidən yemək borusu, qaraciyər və süd vəziləri də əziyyət çəkir. Onlar təbii qəhvənin qaraciyər xərçəngi riskini azaltdığına dair iddiaları da təsdiqləyiblər.
Cənubi Karolina Universitetinin alimləri sağlam və qeyri-sağlam qidalanma ilə xərçəng ehtimalı arasında əlaqəni tapıblar. Sağlam qidalanma dedikdə, tərəvəz və meyvələr, kartof, paxlalılar, dənli bitkilər, qeyri-sağlam qida kimi isə qırmızı və işlənmiş ətlər, şəkərli içkilər, çipslər, şəkər kimi təmizlənmiş karbohidratların yüksək istehlakı nəzərdə tutulmuşdu.
Sağlam olmayan qidalanmanın xərçəng riskini artırdığı aşkar edilmişdir. Alkoqolun zərəri burada da təsdiqlənib. Döş, prostat və mədəaltı vəzi xərçəngi ilə bağlı məlumatların yoxlanılması tələb olunur.
Sağlam pəhriz - məsələn, hazırda dünyada məşhur olan Aralıq dənizi pəhrizi- çoxlu meyvə, tərəvəzlər, qoz-fındıq və paxlalılar, müəyyən miqdarda balıq, zeytun yağı və spirt istehlakı, az miqdarda qırmızı və işlənmiş ət, süd məhsulları deməkdir. Alimlərin fikrincə, bun pəhrizə riayət edənlərin mədə, yoğun bağırsaq, döş, mədəaltı vəzi və prostat xərçənginə tutulma ehtimalı azdır.
Sərt pəhriz
Pəhriz təcrübəsi xərçəng hüceyrələrinin necə qidalandığını anlamağa və onlarla mübarizə aparmağın yeni yollarını inkişaf etdirməyə kömək edir. Belə bir işi bu yaxınlarda Massaçusets Texnologiya İnstitutunun (MIT) alimləri həyata keçiriblər. Onlar karbohidrat çatışmazlığına əsaslanan pəhrizin xərçəngi “yatırıb-yatırmadığını” yoxlamaq qərarına gəliblər.
Xərçəng hüceyrələri böyümək üçün çoxlu enerji tələb edir, bu enerjini qlükozadan (karbohidratlar) alır və hüceyrə membranlarının qurulması üçün lipidlər lazımdır. Bütün bunları bədənə daxil olan qidadan alırlar. Müvafiq olaraq, onları aclıq rasionuna qoysanız, çoxalmağı dayandıracaqlar.
Əvvəlki tədqiqatlardan məlumdur ki, aşağı kalorili pəhriz bəzi hallarda şişin böyüməsini ləngidə bilər. Xəstə heyvanlar üzərində təcrübədə onların ömrünü uzatdığı aydın olub. Ketogenik pəhrizin karbohidrat çatışmazlığına təsiri daha az başa düşülür. Bədəni yeni enerji mənbələrinə keçməyə və qlükoza əvəzinə qaraciyərdə uzun zəncirli yağ turşularından sintez olunan keton cisimlərindən istifadə etməyə təşviq edir.
Alimlər siçanlarda mədəaltı vəzi xərçəngini tədqiq ediblər. Heyvanların bəziləri ketogenik pəhrizə yerləşdirilib: 90 % yağ, doqquz faiz protein, bir faiz karbohidrat. Digərləri isə sadəcə olaraq, karbohidratlar hesabına kalorilərini qırx faiz azaldıblar.
Siçanların hər iki qrupunun orqanizmlərində qlükoza səviyyəsi aşağı düşüb, doymuş yağ turşularının doymamışlara çevrilməsindən məsul olan bir ferment-stearoyl-CoA desaturazanın (SCD) fəaliyyəti də azalıb. Bu, xaricdən çatışmazlıq olmadığı halda xərçəng hüceyrələrinin içərisində lipidlərin müstəqil sintezi üçün vacibdir. Pəhrizlər arasındakı fərq burada ortaya çıxıb.
Aşağı kalorili pəhriz şişin böyüməsini boğmaqda daha təsirli olub.
Lakin tədqiqatçılar xərçəng xəstələri üçün hələ də tam pəhriz tövsiyələri verə bilmirlər: aşağı kalorili pəhriz təhlükəli yan təsirlərə səbəb ola bilər.
Bununla belə, tapıntılar şişin böyüməsini zəiflədən dərmanların hazırlanmasında faydalı olacaq. Mümkün terapevtik strategiyalardan biri şiş hüceyrələrini doymamış yağ turşuları istehsal etmək qabiliyyətindən məhrum edən SCD fermentinin azaldılmasıdır.
Nubar Süleymanova, “İki sahil”