KÖŞƏ

Vəli İlyasov

Şaqqulunun bağı var ha, bağı var, alması yox, heyvası yox, narı yox...

29 dekabr 2021 23:34
1959

Otuz il Azərbaycan torpağında at oynadan və heç cür ipə-sapa yatmayan ermənilər 2020-ci ilin sentyabrında ordumuzun  “dəmir yumruq”larını yeyəndən sonra özlərinə gəlməyə başladılar.

Nikol Paşinyanın bu günlərdə mətbuata verdiyi son müsahibəsi Qarabağ və regional proseslər baxımından bir çox ciddi açıqlamalarla yadda qaldı. Müsahibədə inadkar Paşinyanın  əvvəlki çıxışları ilə müqayisədə həm yeni fikirləri, həm də müəyyən əsassız iddialarından imtina etməsi diqqət çəkir. O, ermənilərə 2016-cı ilin Aprel savaşını xatırladır və mesaj verir ki, “status” məsələsinin “dəfn edilməsi” onun yox, keçmiş hakimiyyətlərin günahıdır. Özünü “sığortalamağa” çalışan ermənibaşı xam dayçalara oxşayan revanşistləri başa salmaq istəyib ki, artıq xülyalardan əl çəkməyin vaxtıdır.

Baş nazir xatırladıb ki, BMT Təhlükəsizlik Şurası əvvəldən Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyıb. O vaxtdan ATƏT-in Minsk Qrupu həm də regionun statusu məsələsi ilə məşğul olub. Lakin 2016-cı ildə status məsələsi yenidən BMT TŞ-yə qaytarıldı və bu, Ermənistan üçün “fəlakət”lə nəticələndi, çünki ən mötəbər beynəlxalq platforma çərçivəsində Qarabağın statusuna ümid etmək mümkün deyil. Əgər Minsk qrupu platformasında Ermənistanın Qarabağa “xüsusi status” iddia etmək şansı var idisə, Təhlükəsizlik Şurasında bu, mümkün deyil.

 Paşinyan qətiyyətlə bildirib ki, Qarabağda yaşayan azərbaycanlıların hüquqları heç vaxt mübahisəli olmayıb, olmayacaq da, çünki “Dağlıq Qarabağ Muxtar Vilayəti” danışıqlar prosesində heç vaxt sırf erməni birliyi kimi nəzərdən keçirilməyib, ən azından erməni-azərbaycanlı icması olaraq qəbul edilib. Ona görə də bölgənin müqəddəratını yalnız azərbaycanlı sakinlərin iştirakı ilə həll etmək olar.

Yada salaq ki, “Kazan düsturu” Azərbaycanın razılaşmadığı “aralıq statusu” məsələsini nəzərdə tuturdu. 2016-cı ilin yanvarında isə vasitəçilərin yeni sənədlər paketində “Qarabağın aralıq statusu” ifadəsi yox idi, erməni tərəfi bununla razılaşmadı və nəticədə Aprel müharibəsi baş verdi. Məğlubiyyətlə bitən dördgünlük  müharibədən sonra yenə eyni təklif gəldi, İrəvan yenə də inadkarlıq göstərərək rədd etdi.  2016-cı ilin avqustunda yeni sənədlər paketi peyda oldu və “Qarabağın statusu” BMT Təhlükəsizlik Şurasına qaytarıldı, yəni Azərbaycanın ərazi bütövlüyü çərçivəsinə...

Nikol Paşinyan baş verənlərə görə keçmiş hakimiyyəti ittiham edir, bildirir ki, əgər o vaxt Qarabağın statussuz vəziyyəti ilə danışıqlar prosesinə razılıq verilsəydi, vəziyyət bu həddə çatmazdı, məhz buna görə indi “statusun” Azərbaycan Konstitusiyasına uyğun həlli vəziyyəti yaranıb.

Erməni baş nazir bununla bəyan edir ki, “statusun” olmayacağı ilə razılaşmağa məcburdurlar və buna görə o yox, keçmiş hakimiyyətlər məsuliyyət daşıyır. İkincisi, baş nazir kimi erməni cəmiyyətinə “Minsk qrupu formatında “status”un gündəmdə qalmasına çalışacağını” vəd etsə də, ciddi nəticə gözləməməyin də mesajını verib.

Paşinyan çıxışı ilə bağlı yaranan etirazlara münasibət bildirərkən, müəyyən korrektələr etsə də, yenə ümumi mövqeyini saxladı və hər şeyə görə günahkarların keçmiş hakimiyyət başçıları Robert Koçaryan və Serjik Sarkisyan olduğunu bəyan etdi. Hazırda Xankəndidə veyillənən Araik Arutyunyan Paşinyanın bu fikirlərini qəbul etməsə də, hətta ona meydan sulasa da, sonda özü Qarabağdan qaçmalı olacaq. Çünki  arxasında gizləndiyi sülhməramlıların kölgəsi getdikcə çəkilir və Araikin ayaqları yerdən üzülür. Yəni, artıq hamıya gün kimi aydındır ki, Araik daha heç nəyə yaramır və sıranı tərk etməlidir.

Aydın görünür ki, çətinliklə də olsa siyasi proseslər addım-addım yekun sülh sazişinə doğru getməkdədir. Nikol Paşinyan da bildirir ki, Ermənistan Azərbaycanla sülh müqaviləsi imzalamağa hazırdır. O, əvvəl də bu haqda danışmışdı, lakin İrəvanın gündəliyi çərçivəsində və daxili auditoriyaya. İndi isə sülh müqaviləsində Bakının gündəliyinə yaxın mövqedən çıxış edir. Başqa çarəsi də yoxdur, məğlub kimi davranmağa məcburdur. Əgər qarşısına qoyulan tələbləri yerinə yetirməsə “dəmir yumruq” Damokl qılıncı kimi başının üstündədir. Otuz il müddətində Azərbaycanın varidatını çalıb-çapan və şəhər və kəndlərimizi torpağa gömən barbar ermənilər indi yenə də həm üzüqara, həm də əliboş qalıblar. Bütün iddiaları gözündə qalan ermənilər “Əli aşından da oldular, Vəli aşından da.” Aqil babalarımız heç nəyə nail ola bilməyib aciz vəziyyətə düşən yalançılar, işyarıtmazlar və əfəllər barədə belə bir gülməcə deyiblər: “Şaqqulunun bağı var ha, bağı var, alması yox, heyvası yox, narı yox...”