44 günlük Vətən müharibəsi bunu sübut etdi
“Xalq – yanındayam”, Ali Baş Komandan – “İrəli”, komandir – “Ardımca” dedi. Ordumuzun cəsur döyüşçüləri düşmən üzərinə inamla yürüdü, düşmən məğlub edildi, torpaqlarımız işğaldan azad olundu və tariximizin misilsiz Zəfəri qazanıldı!
Döyüşlərdə ağır yaralanan və şəhid olduğu zənn edilən, lakin möcüzə nəticəsində sağ qalan Vətən müharibəsi qazisi baş leytenant Vüsal Nəsirov Zəfər günü ərəfəsində televiziya kanallarının birinə müsahibəsində deyib: “Müharibənin yazılan və yazılmayan qanunları var. Döyüşdə komandir qərar qəbul etdikdən sonra adətən “irəli” əmri verir. Amma Vətən müharibəsində qalibiyyəti şərtləndirən ən mühüm amillərdən biri komandirlərin “irəli” yox, “ardımca” komandasını verməsi idi. Məhz “ardımca” deyən komandirlərimizlə birlikdə Vətən naminə düşmən üzərinə qartaltək şığıdıq. İnandıq, döyüşdük və qalib gəldik”.
“Ardımca” deyən komandirlər Qələbəmizin təməl daşı, Zəfərin sütunları oldular
Zəfərimizin təməlini təbii ki, ilk dəfə ölkə prezidenti seçildiyi gün Müqəddəs Qurani-Kərimi və Bayrağımızı öpüb and içərək torpaqlarımızı erməni silahlı birləşmələrinin işğalından azad etməklə Azərbaycanın ərazi bütövlüyünü təmin edəcəyinə söz verən və sözünə əməl edən dövlətimizin başçısı qoydu. Müzəffər Ali Baş Komandanın sərkərdəlik qabiliyyəti, eləcə də onun yürütdüyü məqsədyönlü siyasət, həyata keçirdiyi islahatlar, atdığı uğurlu addımlar, diplomatik qələbələri, dönməz iradə və qətiyyəti Qələbəmizə ümid və təminat yaratdı. Ümid inama, inam isə əminliyə döndü. Bu inamdan, əminlikdən güc alan Azərbaycan Ordusu Şanlı Zəfəri gerçəkləşdirdi.
Hamının yadındadır ki, 2020-ci il sentyabrın 27-də yaşayış məntəqələrimizi, mülki əhalimizi atəşə tutan, artilleriya zərbələri endirən azğınlaşmış, yeni ərazilər zəbt etmək xülyasına düşən düşmənin genişmiqyaslı təxribatlarına cavab olaraq Müzəffər Ali Baş Komandan əks-hücum əmrini verdi. Ordu və xalq “irəli” əmrini coşqu və qisas hissi ilə, həsrətə son qoymaq arzusu ilə qarşıladı.
Vətənə və hərbi anda sədaqət Zəfərə aparan yollara işıq saçdı
“İrəli” əmrini alan Azərbaycan zabiti “Ardımca” əmrini verərək şəxsi heyəti Zəfərə, Qələbəyə apardı. Təbii ki, komandirində cəsarət, mərdlik, igidlik görən, bundan ruhlanan hər bir hərbi qulluqçu döyüşə daha böyük inamla, əzmlə atıldı. Döyüş ruhunun, bu Qələbə əzminin Vətən sevgisi ilə vəhdəti qalibiyyətin qaçınılmaz olduğu döyüşlərin ilk günündə özünü göstərdi. 44 gün ərzində xalqımızın yenilməz ruhu ordu ilə bir oldu, düşməni məhz bu vəhdət, birlik məğlub etdi.
Danılmaz faktdır ki, döyüş tapşırıqlarının uğurla yerinə yetirilməsində, əmrlərin qüsursuz icrasında komandirlərin rolu böyük oldu. Bunları düşünərkən ağlıma ilk gələn fikirlərdən biri də o oldu ki, Azərbaycan zabiti dünya ordularında mövcud şərəf kodekslərində öz əksini tapan bütün yüksək keyfiyyətləri özündə cəmləşdirən hərbi qulluqçudur. Xalqına, Vətəninə, Dövlətinə, Ali Baş Komandanına sonuna qədər sadiq qalan, yüksək mənəvi, əxlaqi, dünyəvi keyfiyyətlərə malik insan, peşəkar hərbçi, fədakar vətəndaşdır.
44 günlük Vətən müharibəsində bizi dünyaya tanıdan amillərdən biri də zabitlərimizin peşəkarlığı ilə yanaşı canından əziz tutduğu Vətəninə olan sevgisi oldu. Bütün dünya gördü ki, Azərbaycan zabiti Vətən naminə könüllü surətdə xoşbəxtliyindən, canından, qanından keçməyə hər an hazır olan komandirdir. Zəfər gününü bizlərə bəxş edən Vətən müharibəsində misilsiz cəsarət, şücaət, şəxsi igidlik nümunələri nümayiş etdirərək şəhid olan, yaralanan zabitlərimiz buna əyani sübutdur. Müzəffər Ali Baş Komandan tərəfindən təltif edilənlərin siyahısına baxmaq yetərlidir ki, Azərbaycan zabitinin-komandirinin Böyük Zəfərin qazanılmasında rolunu görəsən və dəyərləndirəsən. Bu gün hamımız Şanlı Qələbəni bizlərə yaşadan hərbi qulluqçular haqqında ən xoş sözlərimizi fəxrlə, minnətdarlıq hissi ilə deyirik, yazırıq... Deməliyik də, yazmalıyıq da...
Əvvəlki dövrlərdə xoş sözlər deyərkən yeganə istinad nöqtəmiz ümid və inam hissləri idi. İnanırdıq ki, gec-tez Ali Baş Komandanın əmri ilə Azərbaycan Silahlı Qüvvələri işğala da, yurd həsrətinə də son qoyacaq. Ümidlər də, inam da reallığa döndü. Azərbaycan Ordusu işğala son qoydu. Vətən müharibəsi və haqq savaşımızda qazandığımız Şanlı Zəfər Azərbaycan zabitini bizlərə daha yaxından tanıtdı, hər kəsin gözündə bu cəsur insanları, vətənsevər komandirləri-ucaltdı! Bu gün mən də xüsusi qürurla, böyük fərəhlə şəhidlərimiz, döyüşçülərimiz və Ordumuzun zabitləri haqqında düşüncələrimi qeydə alaraq Azərbaycan zabitinə-komandirinə olan ehtiramımı yüksək hörmət hissləri ilə oxucularımızla bölüşmək istəyirəm.
Orduda zabitin şəxsi nümunə olması ən təsirli tərbiyə və təbliğat vasitəsidir desək yanılmarıq. Komandir savadlı, bacarıqlı, peşəkar olmaqla yanaşı rəhbərlik etdiyi kollektivə nümunə də olmalıdır. İstər təlimdə, istərsə də döyüşdə tapşırığın daha uğurla, tez, səmərəli yerinə yetirilməsi məqsədilə komandir ilk olaraq özü irəli atılmalı, “Ardımca” əmr etməklə şəxsi heyəti döyüşə aparmalı, onlara nümunə olmağı bacarmalıdır. Azərbaycan zabiti istər atəşkəs dövründə, istərsə də döyüşlər zamanı tabeliyindəkilərə nümunə olmağı bacardı. Bununla da Azərbaycan zabiti qəhrəmanlıq simvoluna, igidlik, cəsarət etalonuna çevrildi. Bu da zabitlərimizin yüksək əxlaqi keyfiyyətlərə malik olmasının məhsuludur.
Döyüş ruhu, qələbə əzmi və zabit şərəfi düşmənə qalib gəlmək üçün lazım olan ən güclü silahımız oldu
Döyüşlər gedən zaman, eləcə də döyüşlər bitdikdən sonra Zəfərimizlə bağlı yazılanları oxuduqca, televiziyalarda süjetləri izlədikcə bir daha müşahidə etdik ki, Azərbaycan zabiti Vətənin ərazi bütövlüyünün, təhlükəsizliyinin, dövlətçiliyin qarantı olan Ordumuzun düşünən beyni, vuran əli – fiziki gücü və mənəvi-intellektual potensialının daşıyıcısıdır. Döyüş tapşırıqlarının uğurlu icrası hər kəsə, hətta bizi gözü götürməyənlərə belə əyan etdi ki, Azərbaycan zabitinin döyüş ruhu, qələbə əzmi, insani keyfiyyətləri, şəxsiyyəti, onun simasında Ordumuzun hər bir üzvünün sarsılmazlığını təcəssüm etdirir. Vətən müharibəsində həyata keçirilən əməliyyatlar, döyüşlər onu göstərdi ki, Azərbaycan zabitinin ruhu və qələbə əzmi onun əsas, eyni zamanda, ən güclü silahıdır.
Şərəf zabitin şəxsən özünə məxsus, ən başlıca daxili, mənəvi ləyaqət hissi, onun ruhunun nəcibliyi, fədakarlığı, alicənablığı, vicdanının təmizliyidir. Şərəf hissi, zabitin döyüş ruhunun, eyni zamanda, hərbi xidmətin özünəməxsus xüsusiyyətlərindən irəli gələn cəngavərlik keyfiyyətlərinin yüksək insani hisslərlə, bəşəri duyğularla ahəngdar vəhdətindən yaranan və zabitin ruhuna hakim olan ali bir əxlaqi kateqoriyadır. Vətən müharibəsi həm də Vətənə, hərbi anda sədaqətin və bu yolda fədakarlığın bir şərəf məsələsi olduğunu sübut etmək üçün imtahan günü, sınaq anı idi. Azərbaycan naminə 44 gün davam edən ölüm-dirim savaşının nəticələri Azərbaycan zabitinin bu sınaqdan uğurla, alnıaçıq, üzüağ çıxdığının ən gözəl göstəricisidir.
Vətənin sədaqətli övladına çevrilmək üçün ruhən azərbaycanlı olmaq lazımdır
Xalqımız gördü ki, Azərbaycan zabiti olmaq yalnız özünəməxsus tanıtma nişanları olan hərbi formanı geyinib, poqonlar taxmaqla, cibində azərbaycanlıya məxsus şəxsiyyət vəsiqəsini gəzdirməklə əldə olunmur. Bu şərəfli adı daşımaqdan ötrü yuxarıda sadaladığımız və göstərdiyimiz keyfiyyətlərlə yanaşı, xalqımızın əsrlər boyu yaratdığı, qoruduğu, nəsildən nəsilə ötürdüyü yüksək əxlaqi dəyərlərə, hərbi ənənələrə yiyələnmək, Vətənin sədaqətli övladına çevrilmək üçün ruhən azərbaycanlı olmaq lazımdır. Bütün bunlara şüurlu surətdə nail olan Azərbaycan zabitlərində bu keyfiyyətləri sezən xalqımız zabitimizi, döyüşçülərimizi daha böyük sevgi ilə sevdi, onlara etibar etdi, güvəndi. Xalqın sevgisindən ilham alan komandirlər şəxsi heyətlə birlikdə haqq savaşına daha böyük inamla davam etdirib Qələbəyə doğru uğurla addımladı.
Vətən anlayışı Azərbaycan zabiti üçün ən qiymətli dəyərdir
Ali Baş Komandanın rəhbərliyi altında həyata keçirilən əks-hücum əməliyyatları hərbi qulluqçularımızın daha bir keyfiyyətini nümayiş etdirdi. Hər kəs əmin oldu ki, Vətən anlayışı Azərbaycan zabiti, eləcə də Azərbaycan Ordusunun bütün şəxsi heyəti üçün ən qiymətli dəyərdir. Zaman göstərdi ki, adı müqəddəs Ana kəlməsi ilə yanaşı çəkilən Vətənə xidmət etmək, lazım gəlsə onun yolunda canından keçmək, şəhid olmaq, sağlamlığını qurban verməyə hazır olmaq ideyası hər bir Azərbaycan zabitinin böyük amalı, əqidəsi, məramıdır. Torpaqlarımızın işğaldan azadlığı naminə haqq savaşına qalxan xalq və ordu ən böyük dəyərin Vətən, vətənə sevgi anlayışı ilə bağlı olduğunu da dünyaya bir daha xatırlatdı. Məhz bu dəyər, bu sevgi hər kəsi Vətən naminə ən dəyərli məfhumdan, candan keçərək şəhidlik zirvəsinə ucaldan yola aparır.
Vətən, torpaq sevgisi, el-obaya bağlı olmaq türk dünyasını səciyyələndirən ən əsas amildir
Vətən sevgisi, qarşılıq gözləmədən, təmənnasız yaşanılan amaldır. Zabitlərimiz göstərdi ki, kiçik leytenantdan ən yüksəl rütbəli komandirədək hər kəs ilk növbədə Vətəndaşdır, fərddir. O, Vətənin hər qarışını qəlbinə sığışdıra bilən, Vətənin daşı, qayası olmağı bacaran insandır. Torpaqlarımızın Ermənistan silahlı birləşmələrinin işğalından azad edilməsi məqsədilə keçirilən əməliyyatlardan bəlli oldu və xalqımız, eləcə də dünya gördü ki, Azərbaycan zabiti bütün şəxsi heyət tərəfindən sevilən, hörmət, ehtiram qazanmış komandir, eyni zamanda, dövlətin maraqlarını şəxsi mənafeyindən, hətta canından belə üstün tutmağı bacaran Vətəndaşdır. Belə olmasaydı minlərlə döyüşçü, Vətən övladı onun ardınca döyüşə atılıb şəhidlik zirvəsinə ucalmazdı. Fikrimcə, əsl Vətən, torpaq sevgisi, el-obaya bağlı olmaq da məhz belə olur. Yadımdadır ki, Tovuz döyüşləri zamanı general-mayor Polad Həşimov, polkovnik İlqar Mirzəyev və digər hərbçilərimizin şəhid olması barədə xəbəri çatdırarkən general-leytenant Kərim Vəliyev (indi Azərbaycan Ordusunun Baş Qərargah rəisidir) televiziya kanallarına verdiyi açıqlamasında bir çox mətləblərə, taleyüklü məqamlara toxundu. Fikrimcə, bu kədərli hadisə haqqında məlumat verərkən məğrur dayanan generalımız qürur dolu bir mesaj da verdi bütün xalqımıza. “Belə yüksək rütbəli zabitlərin döyüşdə, səngərdə tabeliyində olan əsgərlə birlikdə şəhidlik zirvəsinə ucalması onu sübut edir ki, Azərbaycan zabiti heç vaxt arxada oturmağı ağlına gətirmir. Bizim komandirlər canının hayına qalmır, əksinə canını Vətən naminə, ölkəsinin ərazi bütövlüyü yolunda qurban verməyə hər an hazırdır və qadirdir”. Əvvəllər də belə idi, Vətən müharibəsində də belə oldu. General-polkovnik Kərim Vəliyev özü başda olmaqla yüzlərlə, minlərə müxtəlif çinli, vəzifəli zabitimiz ilk olaraq şəxsi heyətin önündə düşmən üzərinə atıldılar. Yuxarıda da qeyd etdiyim kimi, bu dediklərimin əyani sübutu olaraq Azərbaycan Prezidenti, Ali Baş Komandanın təltiflərlə bağlı imzaladığı sərəncamlara nəzər yetirmək kifayətdir.
Vətənə, torpağa, el-obaya, ailəyə bağlılıq, dünyanın harasında yaşamasından asılı olmayaraq Vətəni unutmamaq, Vətənin dərdlərinə şərik olmaq, ölkəsinin uğurlarına sevinmək, qürur duymaq kimi mənəvi keyfiyyətlər azərbaycançılıq məfkurəsinin ən əsas prioritetlərindən qaynaqlanır. Bu mənada heç kimə sirr deyil ki, Vətəni qəlbən sevmək onun zəngin tarixini öyrənmək, şanlı ənənələrinə riayət etmək, təmənnasız vətəndaş və vətənpərvər olmaq deməkdir. Eləcə də Vətəni sevmək Vətənin taleyinin həll olunduğu ən çətin məqamlarda belə ruhdan düşməmək, son nəfəsə, son damla qanınadək Vətənə sədaqətli olmaq, onu düşməndən qorumaq deməkdir. Azərbaycan zabiti göstərdi ki, Vətəni sevmək təkcə onun qədimliyi, təbii gözəllikləri, maddi-mədəniyyət abidələri ilə öyünmək deyil, eyni zamanda, coğrafi böyüklüyündən asılı olmayaraq Vətəni müqəddəs bir anlayış kimi yumruq boyda ürəyə sığışdırmaq, ruhun, mənəviyyatın bir parçası kimi gəzdirmək və bu yolda candan keçməkdir. Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlər bir daha onu göstərdi ki, “İkinci Ana olmadığı kimi, ikinci Vətən də yoxdur” deyimi Azərbaycan zabitinin inandığı ən müqəddəs həqiqətlərdəndir. Hər ikisindən vaz keçmək ən böyük günah, ən böyük qəbahətdir. Hər ikisinə - Anaya və Vətənə olan sevgi, məhəbbət, sədaqət isə bütün uğurların səbəbidir, insana baş ucalığı, müstəqillik, suverenlik bəxş edən ən güclü amildir, qələbələrin, zəfərin açardır!
Biz Bayrağımızı şərəfimizin göstəricisi bilirik
Döyüşlərə ilk atılan, “Ardımca” deyən komandirlərimiz bütün dünyaya bir daha sübut etdilər ki, ölkəsinin Dövlət Bayrağını, eləcə də hərbi hissənin döyüş bayrağını Azərbaycan döyüşçüsü şərəfi, namusu və ləyaqəti qədər dəyərləndirir, onu şərəfli keçmişi ilə bu günü, bu günü ilə gələcəyi arasında bağlılıq yaradan müqəddəs simvol kimi sevir, onu qorumaq naminə canından belə keçməyə hər an hazırdır. Çünki bu Bayraq ələmdir, aləmdir! Üzərində şəhidlərimizin qanının rəngi olan müqəddəs bayrağımız xalqın şanlı tarixi yazılan salnamədir. Bayraq dövlətçiliyimizin simvolu, ölkəmizin tanıtım atributu, vətəndaşlarımızın qürur mənbəyidir. Bu bayrağı ucaltmaq, zirvələrdə dalğalandırmaq nə qədər qürurvericidirsə, onun ucalması, qorunması naminə candan keçmək də bir şərəfdir.
Canım, qanım, müqəddəsdir Bayrağım!
Müqəddəsliyi üstündəki qandır
O candır! Cahandır! Azərbaycandır!
Təsadüfi deyil ki, Zəfərimiz naminə savaşan zabitlərimiz, həmçinin hər bir hərbi qulluqçu döyüşə məhz sinəsində gəzdirdiyi Azərbaycan Bayrağı ilə gedirdi. Qürurvericidir ki, azad edilən yaşayış məntəqələrimizdə, yüksəkliklərdə məhz həmin bayraqlar dalğalanır. Vətən müharibəsi dövründə əsgərimiz, zabitimiz irəlidə Bayrağımızı necə ucaltmağa, zirvələrə sancmağa can atırdısa, arxa cəbhədə həmrəylik nümayiş etdirən xalq da şəhərləri, kəndləri üçrəngli Bayrağımızla bəzəmişdi. Düşmən işğalından azad edilmiş şəhər və rayonlarımızda Ali Baş Komandanın ucaltdığı Bayraqlar, yüksəkliklərə sancılan Bayraqlar bu gün də vüqarla dalğalanır. Dünyanın harasında yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı bunu görür, sevinir, qürurlanır. İşğaldan azad edilmiş ərazilərimizdə sancılan Bayraqlarımızın Zəfər paradında nümayiş etdirilməsindən duyduğumuz qürur, fərəh hissi heç vaxt Azərbaycan sevənlərin yadından çıxmayacağına əminəm.
Fikrimcə, işğaldan azad olunan torpaqlarda Azərbaycan Bayrağının dalğalanması bu amal naminə canından keçən şəhidlərimizin ruhlarını şadlandırır. Təsadüfi deyil ki, şəhidlərimiz də məhz Azərbaycan Bayrağının müşayiəti ilə, Bayraqla süslənərək dəfn edilir. Sonra da həmin Bayraq şəhidin ailəsinə təhvil verilir. Şəhid ailəsi Bayrağı öpüb gözünün üstə qoyur, övladından xatirə, yadigar, Vətən, övlad əmanəti, ən qiymətli atribut olaraq qoruyub saxlayır. Bax budur Azərbaycan xalqının böyüklüyü! Onun Vətən, Bayraq, torpaq sevgisi, dövlətinə sədaqəti, hörməti, ehtiramı və dəstəyi!
Şəhid ruhları da şadlanar yaman,
Bayraqlar zirvəyə sancılan zaman
Döyüş hazırlığının səviyyəsi və peşəkarlıq ordu quruculuğunun ən əsas keyfiyyət göstəricisidir
Azərbaycan zabitlərinin xüsusiyyətlərindən danışarkən onu da qeyd etmək lazımdır ki, komandirlər bütövlükdə Azərbaycan dövlətinin müdafiəsi, toxunulmazlığı üçün şəxsi məsuliyyət daşıdıqlarını şüurlu dərk edir, Vətənin müdafiəsinin təmin olunması naminə daim öz üzərilərində çalışırlar. Bu məsuliyyətli işin öhdəsindən gəlmək üçün zabitlərimiz hərbi bilik və səriştələrini durmadan artırırlar. Xüsusilə indiki informasiya–psixoloji müharibələrin, terror, təxribat əməliyyatlarının genişləndiyi vaxtda özlərini ölkəmizin müdafiəsinə hazılayırlar. Vətən müharibəsində Qələbəmizi təmin edən amillərdən biri də məhz təcrübə, peşəkarlıq oldu.
Birinci Qarabağ müharibəsindən sonrakı illərdə tədris prosesində, məşğələlərdə, təlimlərdə, müxtəlif kurslarda nəzəri-praktiki biliklərini artıran zabitlər bəzi aspektləri bir an belə unutmadı. Öyrəndi, öyrətdi, inkişaf etdi və peşəkarlaşdı. Özünü həlledici döyüşlərə, Ali Baş Komandanın “İrəli” əmrinə hazırladı.
44 günlük Vətən müharibəsi göstərdi ki, hər bir hərbi qulluqçu döyüşçü, ən əsası Vətənini sevən Vətəndaşdır
Zabitlərimiz tabeliyində olan əsgərlərin sədaqətli Vətən müdafiəçiləri kimi yetişməsi üçün əllərindən gələni əsirgəmədilər. Onlar həmişə verdiyi sözün ağası olmağa çalışdı, sözü ilə əməli, fəaliyyəti arasında uyğunsuzluğun yaranmasına imkan vermədilər. Onlar heç vaxt unutmadılar ki, komandir hərbi mütəxəssis olmaqla yanaşı, həm də ona etibar edilmiş neçə-neçə gəncin tərbiyəçisi, ideya ilhamçısıdır. Tabeliyində olanların ürəyinə, qəlbinə və şüuruna hakim olmağı bacaran komandirlər döyüş tapşırıqlarının icrasını daha inamla, uğurla təmin etməyə müvəffəq oldular.
Azərbaycan zabiti öz peşəsinə ümummilli lider Heydər Əliyevin və Ali Baş Komandanın qeyd etdiyi kimi, peşələrin ən şərəflisi, ən məsuliyyətlisi kimi yanaşdılar və dövlətimizin mənafeyini maraqlarından üstün tutmağı bacardılar.
Düzdür, istər xidmətdə, istərsə də döyüşdə hərbi qulluqçu ona verilən əmri sözsüz, sorğu-sualsız icra etməlidir. Əmri müzakirə etmək, yaxud onu icra edib-etməməyi ağlından keçirmək artıq cinayət sayılır. Döyüşdə isə əmri icra etməmək həm də xəyanətə bərabərdir. Bu mənada zabitlərimiz barədə “döyüşdə komandirin rolu böyükdür” demək sadəcə sıradan bir fikir, reqlamentə sığan ifadə üsuludur. Çünki məhz onların bu mühüm rolunun nəticəsidir ki, cənab Prezident, Müzəffər Ali Baş Komandanın da qeyd etdiyi kimi, Vətən müharibəsində şəxsi heyət arasında bir nəfər fərarilik edən, döyüşdən yayınan olmadı. Odur ki, haqq-ədalət naminə “döyüşdə komandirlərin rolu əvəzolunmazdır” demək daha düzgün olardı.
Sözün həqiqi mənasında istər gündəlik xidmətdə, istərsə də təlimlərdə, məşqlərdə komandirin rolu həlledicidir. Dövlətinə, hərbi anda sadiq olan, xidməti vəzifələrini və döyüş tapşırıqlarını vicdanla yerinə yetirən, xalqın, dövlətin marağını öz şəxsi marağından, mənafeyindən qat-qat üstün tutan və sözün əsl mənasında “komandir” olmağı bacaran zabitlər ordu quruculuğu prosesində böyük rol oynayırlar. Təmənnasızlıq, düzgünlük, səmimiyyət, təvazökarlıq, dözümlülük kimi dəyərləri həyatında, xidmətində rəhbər tutan, ədalətli olan, özündə daim nizam-intizam tərbiyə edən, qətiyyət, qələbəyə inam kimi əsas mənəvi keyfiyyətlərə yiyələnən zabitlərimiz daima dövlətimizin, cənab Ali Baş Komandanın diqqət və qayğısını hiss edir, daha böyük sevgi, həvəslə Vətənə xidmətini davam etdirirlər. Ordumuz bu gün də işğaldan azad edilmiş torpaqlarımızın etibarlı müdafiəsini təmin etmək naminə keşikdədir, ayıq-sayıqdır və düşmənin istənilən təxribatının qarşısını almağa hazırdır, qadirdir.
Döyüşə girəndə “Ardımca” əmri verən həmin komandir bir anda mərdlik, cəsarət, igidlik və Vətən üçün canından keçməyə hazır olan qəhrəmanlıq simvoluna çevrilir. Azərbaycan zabitinin bu addımından, cəsarətindən, şücaətindən, comərdliyindən ruhlanan minlərlə əsgərimiz ölümün gözünə dik baxaraq düşmən üzərinə yeridi və ərazi bütövlüyümüzün təmin edilməsi naminə həyata keçirilən döyüş əməliyyatlarında vuruşdu, şəhid oldu, yaralandı, qalib gəldi, Zəfər qazandı. Vətən müharibəsinin 44 günündə biz bunun şahidi olduq, bütün bu anları bir “Dəmir yumruq” olan xalq olaraq qürurla yaşadıq.
Sonda xüsusi olaraq bir məqamı da qeyd etmək istəyirəm. ƏMİNLİK hissi! Bəli, Azərbaycan zabitinin xalqına, dövlətinə, Ali Baş Komandanına, Ordusunun qüdrətinə, texnikasının müasirliyinə, silahının mükəmməlliyinə, seçilən taktikanın, qəbul edilən qərarların, verilən əmrlərin, görülən tədbirlərin, atılan addımların düzlüyünə, eləcə də döyüşə apardığı şəxsi heyətə, rəhbərlik etdiyi kollektivə olan əminlik hissi idi. “Ardımca” deyərək düşmən üzərinə yeriyən komandir döyüş meydanında tək qalacağını ağlına belə gətirmədi və səngərdən tərəddüd etmədən irəli sıçradı. Çünki zabitimiz əmin idi ki, o, irəli atılanda, səngərdə olan hər bir əsgər onunla bərabər düşmən üzərinə şığıyacaq, torpaqlarımızın azad edilməsi naminə döyüşə atılacaq və canını bu yolda fəda etməkdən çəkinməyəcəkdi. Zabitimiz bu əminliyə gündəlik xidməti, şəxsi heyətə, tabeliyində olan kollektivə münasibətilə nail olmuşdu.
Bir də komandirin “Ardımca” əmrini yerinə yetirən, döyüş tapşırığını icra edən əsgərlərin, döyüşçülərin əminlik duyğusu var idi. Düşməndən torpaqlarımızı azad etmək naminə döyüşə girən hər bir döyüşçü əmin idi ki, irəlidə addımlayan Azərbaycan zabiti birlikdə Vətən naminə savaşmağa, canından keçməyə, yeri gəlsə ölümün üzərinə getməyə layiq olan komandirdir. Şəxsi heyət irəlidə əldə silah düşmən üzərinə yeriyən komandirin onları Zəfərə aparacağına əmin idi.
Torpaqlarımızın azad edilməsi naminə gedən döyüşlər xalqımızın qətiyyətini, iradəsini, cəsarətini, dönməzliyini, birliyini, həmrəyliyini hər kəsə sübut etdi. Bütün dünyaya Azərbaycan xalqı özü elə “Dəmir yumruq”dur mesajını verdi.
Xalq “Yanındayam” dedi, Ali Baş Komandan “İrəli” əmri verdi, komandir “Ardımca” dedi, döyüşçü “Səninləyik, komandir” deyərək düşmən üzərinə inamla yeridi və tarixin misilsiz Zəfəri qazanıldı!
SÖZARDI: Qədim bir filosof deyib ki, insanın əməli daima onun sözlərindən daha təsirli olur. Bu mənada Azərbaycan Ordusu, onun sıralarında xidmət edən zabitlər, gizirlər, əsgərlər sözlərini öz əməlləri ilə Vətən müharibəsində Qələbə qazanaraq dedi. Döyüşçülərimiz verdiyi sözə, içdiyi hərbi anda sadiq qaldıqlarını döyüş meydanında Şanlı Zəfərin təntənəsini yaşamaq xoşbətxliyini xalqımıza ərməğan edərək sübuta yetirdilər.
Ruhu göylərə, canı-qanı Vətənə, şərəfi isə yalnız özünə məxsus olan Azərbaycan zabiti, “Ardımca” deyərək ilk döyüşə atılan komandir bir anda hər kəsin gözündə dağlar, azad etdiyi zirvələr, düşməndən təmizlədiyi yüksəkliklər qədər ucaldı.
Zəfər gününü, torpaqlarımızın 30 ilə yaxın davam edən düşmən işğalından azad edilməsinin birinci ildönümünü yola saldıqdan sonra artıq çəkinmədən, sıxılmadan fərəhlə deyə bilərik ki, Vətənə, xalqa, dövlətə, Ali Baş Komandana, hərbi anda sadiq komandirlər Qələbəmizin təməl daşı, Zəfər gününün carçıları, Zəfərimizin sütunları oldular!
Bütün bu sadaladıqlarımızdan sonra bir daha aşağıdakı fikirləri qeyd etmək yerinə düşər. Ən gözəl keyfiyyətlərlə, ən ali duyğularla yaşayan, xidmət edən, vuruşaraq şəhid olan, döyüşdə sağlamlığını itirən, sağ-salamat evinə, ailəsinə dönərək Vətəninə yenə də sədaqətlə xidmət etməyə davam edən hər kəs - əsgər, çavuş, gizir və bütün zabitlər Zəfər fəxarətini, Qələbə sevincini yaşayan bütün soydaşlarımız tərəfindən minnətdarlıq hissi ilə xatırlanır, anılır, heç vaxt unudulmur. Bu da ən gözəl mənəvi, əxlaqi keyfiyyətləri qoruyan, yaşadan Azərbaycan xalqının qüdrətinin, böyüklüyünün, qədirbilənliyinin təcəssümüdür!
“Ardımca” deyərək ilk döyüşə atılan, Vətən naminə canından keçməyə hər an hazır olan, döyüş tapşırığının icrası zamanı şəxsi igidlik nümunəsi göstərərək hamının gözündə azad etdiyi zirvələr, yüksəkliklər qədər ucalan və bir anda qəhrəmanlıq simvoluna, şücaət, mərdlik etalonuna çevrilən Azərbaycan zabitlərinə və Vətən uğrunda, ərazi bütövlüyümüz naminə döyüşən hər kəsə hörmət və ehtiramla.....
İsa Eldaroğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
(Yazının ərsəyə gəlməsində əməyi olan hər kəsə xüsusilə də Elçin İmanova və Ceyhun Cəfərliyə dərin təşəkkürlər)