22 yanvar 2022 02:17
4494

İmmunitetimizi necə gücləndirə bilərik?

Havaların soyuması ilə bağlı olaraq temperatur dəyişikliyinə məruz qalan insanın metobolizmi soyuq hava ilə daha asan mübarizə etsin deyə zəifləməyə başlayır. Metobolizmin zəifləməsi nəticəsində immun sistem də zəifləyir və xəstəliklərlə mübarizə apara bilmir. Eyni zamanda havanın tez qaralması  və günəşin təsirinin azalması nəticəsində yorğunluq, xoşbəxt olmayan və depressiv əhval-ruhiyyə özünü göstərir. Tez-tez xəstələnməmək üçün immunitetimizi artırmalıyıq. Bunun üçün nə etməliyik?

İmmun sistemi hüceyrələr, toxumalar, sümük iliyi, orqanlar və  proteinlərdən ibarət olub, orqanizmi xəstəliklərə qarşı qoruyan müdafiə sistemidir.  İmmun sistem mürəkkəb quruluşludur. Bunun üçün də immunitetimizi artırmağın çoxlu yolları vardır.  Vitamin və minerallarla zəngin qidalardan  çoxlu miqdarda istifadə etmək yerinə onlardan balanslı şəkildə istifadə etmək lazımdır. Misal olaraq, vitamin dəyəri yüksək olan qidalardan istifadə etdiyimiz halda proteinlərdən istifadə etmədikdə immunitetimiz aşağı düşür. Eyni zamanda sağlıqlı yaşam vərdişləri qazanmaq, spirtli içki, siqaret kimi zərərli vərdişlərdən uzaq durmaq immun sistemimizi güclü tutmaq üçün əhəmiyyətlidir. Qısaca desək, immun sistemini gücləndirməyin aşağıdakı yolları var: Düzgün yuxu rejiminə əməl etmək,  hərəkətsizlikdən uzaq durmaq, davamlı şəkildə idman etmək, bol maye qəbulu, stres, siqaret və içkidən uzaq durmaq, əlllərin və ağzın təmizliyinə və bədənimizin çəkisinə və sağlıqlı qidalanma rejiminə diqqət etmək.  Unutmaq lazım deyil ki, bunlara daima əməl etsək immun sistemimiz həmişə güclü olacaqdır.

İmmun sistemi gücləndirmək üçün selenlə zəngin qidalardan istifadə etmək lazımdır. Selen qriplə birbaşa əlaqəlidir. Zərərli mikroorqanizmlərlə mübarizə aparan və hüceyrələri qoruyan selenə gündəlik qidalanmada mütləq yer verilməlidir. Orqanizmdə selen çatışmadıqda depresiya, bədbin əhval ruhiyyə əmələ gəlir. Bütün dəniz məhsullarının tərkibində, sarımsaqda, soğanda, zeytunda, paxlalılarda, hind qozunda, püstədə, yumurta və toyuq ətində selen miktoelementi vardır.  

Qida rasionomuzda C vitamini isə mütləq olmalıdır, bu vitamin ən yaxşı antioksidantdır. Pomidor, soğan, ispanaq, portağal, limon, mandarin, kivi kimi bir çox meyvələrin tərkibində vardır.

Sinklə zəngin qidalardan istifadə etmək lazımdır. Sink immun sisteminin əsas mexanizmində rol oynamaqla yanaşı bədəndəki sərbəst radikalların orqanizmə verdiyi zərərin qarşısını alır, metobolizmi gücləndirir, pozitiv və enerjili olmağımıza zəmin yaradır. Mövsüm dəyişikliyi zamanı mütləq orqanizmdəki sink dəyərlərinə baxılmalıdır. Sinklə zəngin qidalar bunlardır: hind quşu əti, qabaq toxumu, paxlalılar, dəniz məhsulları, fındıq, badam, fıstıq və s.

Kalsium və proteinlə zəngin olan qidalardan istifadə etmək lazımdır. Kalsium bədənin su balansını tənzimləyir, iltihabı azaldır, immun sistemi gücləndirir. Süd və süd məhsulları təkcə protein deyil, həmçinin kalsiumla da zəngin olduqları üçün bədən çəkisini də tənzimləyir. Süd, qatıq, kefir, pendir, yumurta, ət, toyuq və balıq kimi qidalar protein cəhətdən zəngindirlər.  

Yorğunluğun, stresin, hafizənin zəifləməsinin və öyrənmə çətinliyinin səbəbi B12 vitamininin çatışmazlığı ola bilər. B12 vitamini ilə zəngin qidalar ət, balıq, süd, qatıq və s. aiddir.

Omeqa-3 yağı immunitet düzənləyicisi və dəstəkləyicisi xüsusiyyətinə malikdir. Bu yağ balıqda, cəvizdə, avakadoda daha çoxdur. Həftədə 2-3 dəfə balıq yemək günlük omeqa-3 ehtiyacını qarşılayacaqdır. Əgər balıq yeyilmirsə, mütləq qida əlavəsi kimi qəbul ediməlidir.  

İmmunitetin əsas faktorlarından biri də D vitaminidir. Yaydan qışa keçdikdə orqanizmdə ən çox əksikliyi hiss edilən vitamin D vitaminidir. Bu vitaminin çatışmazlığı orqanizmdə immunitetin zəifləməsi nəticəsində müxtəlif xəstəliklərə yol açır. D vitamininin ən yaxşı qaynağı günəş olmaqla bərabər, balıq, yumurta, kərə yağı və süddür.

Orqanizm üçün faydalı bakteriyaların təsir mexanizmini saymaqla bitməz. Mədə-bağırsaq sisteminin düzgün fəaliyyət göstərməsi üçün  bu bakteriyalar olduqca əhəmiyyətlidir. Sağlıqlı mikroflora və güclü bağırsaqlar üçün prebiotiklərdən mütləq istifadə etmək lazımdır. Evdə hazırlanan turşu, qatıq, kefir, pendir, alma sirkəsi prebiotiklərə ən gözəl nümünədir.

Payız aylarında orqanizmdəki toksinləri atmaq və metobolizmanı sürətləndirmək üçün yetərincə su içmək lazımdır.  Gün ərzində ən az 10-12 stəkan su içilməlidir.

Müntəzəm və yetərli yuxu ruhi və fikizi cəhətdən bədən sağlamlığıını qoruyur. Aparılan tədqiqatlardan da aydın olmuşdur ki, yuxusuzluq immun sistemə mənfi təsir göstərir, bir çox xroniki xəstəliklərə tutulmağımıza səbəb olur. Gündə 5 saatdan daha az yatmaq artıq çəkiyə, ürək-damar xəstəliklərinə, hipertaniyaya və diabetə qədər gətirib çıxara bilər. Yuxusuzluq toxluğumuzu göstərən leptin hormonunun miqdarını azaldıb, aclıq hormonu olan qrelinin səviyyəsini artırır, beləliklə artıq çəki almağımıza səbəb olur.

Gülşad Məmmədova,
AMEA Naxçıvan Bölməsi Bioresurslar İnstitutunun əməkdaşı