17 avqust 2026 18:56
98

D vitamini qəbulunda nələrə diqqət edilməlidir?

D vitamini orqanizm üçün vacib maddələrdən biri olsa da, onun nəzarətsiz və yüksək dozada qəbul edilməsi müxtəlif sağlamlıq problemlərinə səbəb ola bilər. Mütəxəssislər xüsusilə orqanizmdə D vitamini çatışmazlığı müəyyən edilmədən əlavə preparatlardan istifadə edilməməsini tövsiyə edirlər.

Endokrinologiya və Metabolik Xəstəliklər üzrə türkiyəli mütəxəssis, professor İdris Kuzu D vitamininin vacib olduğunu, lakin “möcüzəvi vasitə” kimi qiymətləndirilməsinin doğru olmadığını bildirib. Onun sözlərinə görə, çatışmazlıq müəyyən edilməli və zərurət olduqda müalicə aparılmalıdır: “Yağda həll olan və orqanizmdə hormonabənzər funksiyalar yerinə yetirən D vitamininin əsas mənbəyi günəş şüalarıdır. Dərinin ultrabənövşəyi (UVB) şüalar ilə təması nəticəsində orqanizmdə D vitamini sintez olunur. Bundan əlavə, müəyyən qidalar və ehtiyac olduqda vitamin əlavələri də D vitamini mənbəyi ola bilər.

D vitamini aktiv formaya çevrildikdən sonra kalsium və fosfor mübadiləsinin tənzimlənməsində, sümüklərin və dişlərin sağlamlığının qorunmasında, həmçinin əzələlərin normal fəaliyyətində mühüm rol oynayır. İmmunitet sisteminin fəaliyyətinin tənzimlənməsində də iştirak edir.”

Çatışmazlıq hansı problemlərə səbəb olur?

D vitamini çatışmazlığı yalnız sümüklərin sağlamlığı ilə bağlı problem deyil. Uzun müddət davam edən çatışmazlıq uşaqlarda raxit xəstəliyinə, böyüklərdə isə osteomalasiyaya, sümük itkisinə və sınıq riskinin artmasına səbəb ola bilər. Lakin D vitamini səviyyəsinin aşağı olması müəyyən edilərsə, müalicə hər kəs üçün eyni şəkildə aparılmamalıdır.

D vitamini səviyyəsi aşağı olan şəxslər üçün müalicə planının fərdi şəkildə hazırlanmasının vacibliyini vurğulayan professor yaş, bədən çəkisi, xroniki xəstəliklər, istifadə olunan dərmanlar və digər sağlamlıq problemlərinin müalicə zamanı nəzərə alınmalı olduğunu qeyd edib: “Bəzi insanlarda gündəlik aşağı dozalı əlavə kifayət edə bilər. Daha ciddi çatışmazlıq zamanı isə həkim nəzarəti altında daha yüksək dozalı müalicə tətbiq olunmalıdır.”

Mütəxəssis xüsusilə D vitamini çatışmazlığını qısa müddətdə aradan qaldırmaq məqsədilə yüksək dozalı preparatların özbaşına qəbul edilməsinin düzgün olmadığını bildirib. Onun sözlərinə görə, D vitamininin həddindən artıq qəbulu qanda kalsium səviyyəsinin yüksəlməsinə, böyrək daşlarının yaranmasına və böyrəklərin zədələnməsinə səbəb ola bilər. Bu səbəbdən D vitamini çatışmazlığının aradan qaldırılmasında günəş şüası, balanslı qidalanma və zərurət olduqda həkim nəzarəti ilə qəbul edilən əlavələr birlikdə qiymətləndirilməlidir. Yəni D vitamini vacibdir, amma daha çox qəbul etmək daha sağlam olmaq demək deyil. Əlavə preparatın dozası insanın ehtiyacına uyğun müəyyənləşdirilməlidir.

Şahnigar Əhmədova, “İki sahil”