KÖŞƏ

Vəli İlyasov

Armenin papağı boş qaldı

26 yanvar 2022 00:58
954

Ev qalıbdır əyriyə, həm yeyə, həm səyriyə

İkinci Qarabağ müharibəsindəki biabırçı məğlubiyyətdən sonra bu ölkənin başçısı bütün komandası ilə istefaya getməli idi. Lakin ermənilərin yalnız özlərinə xas olan xəstəlikləri, iddiaları və siyasi tərbiyələri buna imkan vermir. Ancaq “bıçaq sümüyə dirənəndə” başqa yolun olmadığını görəndən sonra məcburiyyət qarşısında qalıb istefa verirlər. Yəni, bunlarda istefa mədəniyyəti adlanan nəsnə yoxdur. Yadınıza gəlirmi 1999-cu ildə Ermənistan parlamentində 8 nəfərin güllələnib öldürüldüyü? Əlbəttə, ermənilər “gözü çıxan qardaşdan” çox şey əxz ediblər.

Ermənistan prezidenti Armen Sarkisyanın istefası isə gözlənilən məsələ idi. Çünki üç il yarımdan artıq prezidentlik kürsüsündə əyləşməsinə baxmayaraq nə daxili, həm də xarici siyasətdə öz sözünü deyə bilmədi. O, hərəkətsizliyi ilə prezident kürsüsündə otuzdurulmuş manekenə oxşayırdı. Görək Armenin boş qalmış papağını kim başına qoyacaq, boşalmış kürsüsünə kim əyləşəcək? Müvəqqəti olaraq prezident vəzifəsi qanunun tələbinə görə parlamentin sədri Alen Simonyana tapşırılıb. Onun isə Paşinyanın kadrı olduğunu bilməyən yoxdur.

 Bir sıra dövlətlərdə prezident, yəni, rəhbər funksiyasını əsasən baş nazir yerinə yetirir. Ermənistan da parlament dövləti olduğuna görə Armen Sarkisyanın da funksiyası sıfıra bərabər idi. Vəzifəsində yarıtmaz olduğunu özü də etiraf edib. Ancaq guya özünə haqq qazandırmaq üçün qarşısında çoxlu sayda əngəllərin olduğunu gizlətməyib.

Bizdə belə bir el məsəli var: “Vuran oğul atasına gənəşməz.” Əgər Ermənistanda ikinci vəzifəli şəxs qarşısını kəsən əngəlləri aradan qaldıra bilmirsə, deməli, o millətin başına yekə bir daş düşüb. Sarkisyan açıqlamalarında hüznlə bildirib ki, guya pandemiya və müharibə məğlubiyyəti ona daxildə və xaricdə hər hansı təsir gücünə malik olmağa imkan vermədi. Lakin bunların hamısı səmimiyyətdən uzaq laflardır. Cərəyan edən proseslər nəticəsində Armen Sarkisyan öz istefa ərizəsini Ermənistan parlamentinə təqdim edib. Parlament isə bu məsələyə baxacaq və istefanın qəbul edilib-edilməməsi barədə qərar verəcək.  Armen Sarkisyan öz istefasında da belə bir fikir irəli sürüb ki, Ermənistanda mütləq şəkildə konstitusiyanın dəyişdirilməsi labüddür. Çünki prezidentin demək olar ki, heç bir funksiyası yoxdur.  Prezidentin istefasından sonra 25-30 gün ərzində yeni prezident seçilməli və onu parlament təsdiq etməlidir. Daxildə gərginlik, ordunun məhvi, eyni zamanda, son vaxtlar daxili və xarici siyasətdə tənəzzül kimi məsələlərdəki məsuliyyəti Sarkisyan öz üzərinə götürmək istəmədi. Bəlkə də onun istefasının səbəblərindən biri də budur. Həmçinin, Azərbaycanın apardığı uğurlu xarici siyasət fonunda Ermənistan siyasi təzyiqlərə heç cür tab gətirə bilmir. Məhz ona görə də Ermənistanda istefalar hələ davam edəcək. Bütün bunlar göstərir ki, Ermənistanda dövlətçilik məhvə doğru gedir. Baş verənləri nəzərə alsaq, görərik ki, Armen Sarkisyanın istefası qaçılmaz idi. O özü də bilirdi ki, gedən proseslərin hamısında   onun özü də cavabdehlik daşıyır. Yaşı yetmişi ötmüş Sarkisyan onu yaxalaya biləcək məsuliyyətdən uzaqlaşmaq səbəbindən özü üçün lazımi ölçü götürdü.

Üzdə belə görünsə də, lakin  pərdə arxasında cərəyan edən hadisələr isə başqa mətləblərdən xəbər verir. Məlumdur ki, “mehriban düşmənlər” olan Paşinyan-Sarkisyan qarşıdurması 2018-ci ildən başlamışdı. Bir çox məsələlərdə, o cümlədən kadr təyinatlarında Prezident baş nazirin təqdimatlarını ya qəbul etmək istəmir, ya da süründürürdü. O, baş nazirin vəzifədən çıxardığı şəxslərə “krışalıq” etməyə çalışırdı. Paşinyan özünə ən böyük düşmən saydığı Sarkisyanı neytrallaşdırmaq üçün riyakarlıqla onun səlahiyyətlərini artıracağına söz vermiş, qərarlarını ona asan yolla qəbul etdirmişdi. Ancaq dəvə kimi kinli olan Paşinyan indi “hamar yola” çıxan kimi özünə ən real və təhlükəli rəqib hesab etdiyi Sarkisyanı sıradan çıxarmaq üçün sağ-salamat istefa verməsini tələb etmişdir. Hətta ailə üzvlərinin həyatına təhlükə yaradılacağını bilən prezident aradan sakit surətdə çıxmağa önəm vermişdir. Əslində bu, istefa deyil, vəzifədən mədəni şəkildə qovulmaqdır. Bununla da Nikol Paşinyan qarşısında şalban kimi bitmiş ən hiyləgər rəqibindən yaxa qurtarmış oldu. İndi ev qalıbdır əyriyə, həm yeyə, həm səyriyə.