KÖŞƏ

Vəli İlyasov

Paşinyan və generallarının koronavirus pəstahası

28 yanvar 2022 01:13
686

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Artak Davtyan və Silahlı Qüvvələrin digər yüksək vəzifəli nümayəndələri koronavirusa yoluxub.

 Bu barədə məlumatı ölkənin “İctimai” telekanalı yayıb.

Sözügedən şəxslərin koronavirusa yoluxması səbəbindən Ermənistan Silahlı Qüvvələrinin yaradılmasının 30-cu ildönümü ilə əlaqədar yanvarın 28-də keçirilməsi planlaşdırılan rəsmi qəbul təxirə salınıb. Xatırladaq ki, Ermənistanın baş naziri, silahlı qüvvələrin ali baş komandanı Nikol Paşinyan da yenidən koronavirusa yoluxub.

İki gün ərzində orduya rəhbərlik edənlərin birdən-birə xəstəliyə düçar olmasını isə başqa səbəblərlə izah edilməlidir. Əslində onlar utandıqlarından bu bayrama qatılmadılar. Məntiq sadədir. Cəmi il yarım əvvəl barəsində miflər yayılan Ermənistan ordusunun guya keçiməz olan “Ohanyan xətti” Azərbaycan Ordusunun bir əks-hücumu ilə darmadağın edildi. Yalnız ay yarım müqavimət göstərə bilən məğlub ordu zirehli texnikasının, artilleriyasının və digər döyüş texnikalarının səksən faizini, şəxsi heyətinin isə təxminən otuz faizini itirərək təslim oldu. Döyüşdən silahlarını ataraq qaçan fərarilərin və itkin düşənlərin isə sayı minlərlə oldu. Hətta indiki günlərdə də Ağoğlanda (Hadrutda), Xocavənddə, Ağdərədə, Zəngilanda, Qubadlıda döyüşlərdə öldürülmüş əsgərlərinin cəsədlərini təhvil almaqdadırlar. İndi bu bədbəxtlər hansı üzlə tribunaya çıxıb parad qəbul edə bilərlər. Hələ övladlarının müharibədə öldü-qaldısı barədə məlumat ala bilməyən valideynlər ümidlərini kəsməyərək Nikol Paşinyandan və generallardan izahat tələb edirlər. Belə bir vəziyyətdə hərbi parad keçirmək və bayram etmək yalnız gülüş və istehza doğurardı. Bundan yaxa qurtarmağın yolunu “koronavirusa yoluxmaqda” tapan Ermənistan generaliteti və baş naziri bir gündə özlərini koronavirus xəstəsi elan etdilər.

Lap tutaq ki, parad keçirildi, məğlub ordunun komandanları orada ermənilərə nə deyəcəkdilər? Hansı qələbədən, hansı uğurlu döyüş əməliyyatından, taktikadan, strategiyadan danışacaqdılar? Döyüş texnikalarının hansı səbəbdən İrəvanda deyil, Bakıdakı Hərbi Qənimətlər Parkında nümayiş etdirilməsini necə izah edəcəkdilər? Yoxsa “Dəmir yumruq”  əməliyyatının baş gicəlləndirən zərbələrini xatırladacadılar?

Əlbəttə, hərbi parad keçirilərdisə Ermənistanın rəhbərləri və generallar bu və daha bir çox suallara cavab vermək məcburiyyətində qalardılar. Məğlub ordunu tribunadan salamlamaq Paşinyan və generallar üçün ən ağır cəza olardı. Odur ki, çox baş sındırandan sonra gözlənilmədən, paraddan iki-üç gün əvvəl “koronavirusa yoluxmağı” lazım bildilər. Düşünüblər ki, başqa bəhanə gətirsələr həm onlara inanmayacaqlar, həm də yenidən ittihamlara, təhqirlərə məruz qalacaqlar. Belə görünür ki, ermənilərin “astvası” öz bədbəxt bəndələrinə “qotur” verib ancaq qaşımağa dırnaq verməyib. Bizdə isə qəbahət iş görəni üzə çıxarmaq üçün deyirlər ki, üzünə ələk tutub çıxsın. Belə üzə çıxmağı Allah kəssin. Maraqlı burasıdır ki, məğlub ordunun şərəfini itirmiş komandanları ordu bayramında xəcil vəziyyətdə gizlənməli, bayram günündə qınaqları və təhqirləri qəbul etməmək üçün kimsənin gözünə görünməməlidirlər.

Nilufər Mustafaqızı
Sərsəm təxəyyül fəsadı
Məhərrəm Ağalaroğlu
Anama məktub
Elşad Miraləm
BİZ KİMİK?