ABŞ Konqresinin Nümayəndələr Palatasının respublikaçı üzvü, Arizona ştatını təmsil edən Pol Qosar (Paul Gosar) Xocalı soyqırımının 30-cu ildönümü münasibətilə bəyanatla çıxış edib.
Azərbaycan Respublikasının Amerika Birləşmiş Ştatlarındakı Səfirliyindən “İki sahil”ə verilən məlumata görə, Konqres üzvü daha bir kədərli tarixin yad edildiyini, 26 fevral 1992-ci ildə baş vermiş Xocalı faciəsindən 30 il ötdüyünü bildirib. O, bu tarixi faciəni tanıdığını və həyatını itirənləri andığını bəyan edib.
P.Qosar 26 fevral 1992-ci il tarixində Sovet İttifaqının dağılmasından sonra yaranmış Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi zamanı faciəvi hadisənin qeydə alındığını, Xocalı şəhərində 613 mülki əhalinin qətlə yetirildiyini bildirib.
Konqres üzvü qeyd edib ki, baş verənlərin dəyişdirilməsi mümkün deyil, lakin qurbanların xatirəsini yad etmək və bütün dünyaya mülki əhalinin hədəf alınmasının heç zaman qəbul edilməyəcəyini xatırlatmaq mümkündür. Konqres üzvü ABŞ-ın bir daha eyni taleyi başqalarının yaşamaması naminə Xocalıda həyatını itirənlərin xatirəsini yad etdiyini və sülhün tərəfdarı olduğunu bildirib.
Sonda Konqres üzvü bu gün Xocalı qurbanlarının yad edildiyini, onların hər zaman ürəklərdə və ağıllarında yaşayacaqlarını vurğulayıb.
ABŞ Konqresinin Nümayəndələr Palatasının demokrat üzvü, Azərbaycan üzrə İşçi Qrupun həmsədri, Tennesi ştatını təmsil edən Stiv Kohen (Steve Cohen) də Xocalı soyqırımının 30-cu ildönümü münasibətilə bəyanatla çıxış edib.
Bəyanatda Xocalı soyqırımından bəhs edən Konqres üzvü S.Kohen Azərbaycanın Qarabağ bölgəsində yüzlərlə azərbaycanlının qətlə yetirilməsinin 30-cu ildönümünün anıldığını bildirib.
Konqres üzvü 26 fevral 1992-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən törədilmiş en geniş etnik təmizləmə nəticəsində 106-sı qadın, 63-ü uşaq və 70 nəfəri yaşlı olmaqla 600 nəfərdən artıq silahsız insanın qətlə yetirildiyini, 100 nəfərdən artıq uşağın bir, 25 uşağın isə hər iki valideynini itirdiyini və 8 ailənin tamamilə məhv edildiyini bəyan edib.
Qeyd olunanlara baxmayaraq, Konqres üzvü Azərbaycan və Ermənistanın bir araya gələcəklərinə və sülhün bərqərar olacağına ümidvar olduğunu bildirib. O, həmçinin deyib ki, uzunmüddətli sülh, təhlükəsizlik və regional əməkdaşlıq bütün Cənubi Qafqaz regionunun, eyni zamanda, bütün dünyanın maraqlarına uyğundur.
Bəyanatda, həmçinin, Azərbaycanın ABŞ üçün önəmindən bəhs edən Konqres üzvü Azərbaycanı ABŞ və müttəfiqlərinin güclü tərəfdaşı adlandırıb. ABŞ-la Azərbaycan arasında əməkdaşlığa misal olaraq, kütləvi qırğın silahlarının yayılmaması, Kosovo, İraq və Əfqanıstanda ABŞ qüvvələri ilə çiyin-çiyinə xidmət edən silahlı qüvvələrin təmin edilməsi, Koalisiya qüvvələri tərəfindən Əfqanıstandakı qüvvələrin təchizatı üçün Azərbaycandan tranzit məqsədilə istifadə olunması, Avropanın enerji ilə təmin edilməsində Rusiyanın enerji təchizatına alternativ təşkil etməsi, eləcə də İsrailin neft istehlakının təxminən 40%-nin təchiz olunması kimi məsələlərə diqqət çəkilib.
Bəyanatda, həmçinin, Azərbaycanda əmin-amanlıq şəraitində yaşayan yəhudi icmasının mövcudluğuna və Azərbaycanın İsrail dövləti ilə dostluq əlaqələrinə diqqət çəkilib.
Sonda konqres üzvü bütün dünya azərbaycanlılarının Xocalı qətliamını anarkən və itirdikləri yaxınlarına yas tutarkən, yekunda daxili rahatlıq tapacaqlarına ümidvar olduğunu bildirib.