28 fevral 2022 22:29
4384

İnsanın xarici görünüşü onun haqqında nə deyir?

Əsrlər boyu insanlar həyat qabiliyyətli nəsillər yetişdirmək üçün yaxşı irsiyyətə malik tərəfdaşlar seçməyə çalışıblar. Bu, xarici cəlbedicilik üçün də xüsusi meyarlar formalaşdırdı. Alimlərin fikrincə,insanın xarici görünüşü onun immun sisteminin vəziyyətini də müəyyən etməyə imkan verir.

Gözəllik və cəlbedicilik

Ənənəvi olaraq hesab edirlər ki, gözəllik və sağlamlıq bir-biri ilə sıx bağlıdır. Xarici görünüş orqanizmin bütün sisteminin funksiyasının nə qədər düzgün işlədiyini büruzə verir. Üzün rəngi, dəri problemləri, saç, dırnaq “içəridə” hər şeyin normal olub-olmadığını aydın şəkildə göstərir.

Ancaq gözəllik ümumilikdə daha çox estetik bir anlayışdır.

Oksford lüğəti gözəllik sözünü "görmə və digər hissləri sevindirən keyfiyyətlərin birləşməsi" olaraq təyin edir. Biz tez-tez cəlbedicilikdən danışırıq ki, bu da psixoloqların fikrincə, maraq duyğusuna, əlaqə yaratmaq meylinə əsaslanır. 1990-cı illərdən bəri elm adamları bunun sağlamlıqla necə əlaqəli olduğunu anlamağa çalışırlar.

Gözəllik və cəlbedicilik qanunları eyni deyil. Birincisini, bir qayda olaraq, sosial mühit - ictimai rəy, media, kino və televiziya müəyyən edir. İkinci halda, insan öz hissləri ilə idarə olunur. Qarşı cinsin nümayəndələri tərəfindən gözəl və ya cazibədar hesab edilənlər bəzən fiziki parametrlərə görə çox fərqlənirlər.

Alimlər müəyyən ediblər ki, kişilər üçün qadının cazibədarlığı cinsəllikdən əlavə, sağlam nəsil vermək potensialına əsaslanır. Gələcək tərəfdaşı şüuraltı olaraq məhz bu baxımdan qiymətləndirirlər. Kişilər isə qadınları əslində ehtiyatları qorumaq və təmin etmək qabiliyyəti ilə cəlb edirlər.

Əsas olan güclü immunitetdir

Texas Xristian Universitetinin tədqiqatçıları cəlbediciliyin arxasında hansı bioloji amillərin dayandığını və onun irsiyyətin sağlamlığını və “keyfiyyətini” mühakimə etmək üçün istifadə oluna biləcəyini yoxlamaq qərarına gəliblər.

Tələbələr və yerli sakinlər arasından orta yaş həddi 20 olan 159 gənc - 80 kişi və 79 normal bədən quruluşlu qadın seçilib. Onlar öz fotoportretlərini - makiyajsız və bəzəksiz, üzlərində neytral ifadə ilə hazırlayıblar. Nəticələrin dəqiqliyi üçün digər xarici əlamətlər də istisna edilmişdi.

Alimlər əvvəlcədən əmin olublar ki, iştirakçıların heç birində psixi pozğunluqlar, xroniki depressiyalar, kəskin xəstəliklər olmayıb, heç kim hormonal kontraseptivlərdən, steroidlərdən və ya iltihab əleyhinə dərmanlardan istifadə etmir. Testdən iki gün əvvəl könüllülərə idman etməmək və spirtli içki qəbul etməmək tapşırılıb.

Əvvəllər bir neçə elmi məqalədə mütəxəssislər qadınların kişiləri menstrual dövrün  fazasından asılı olaraq qəbul etdikləri qənaətinə gəlmişdilər. Buna görə də sözügedən təcrübədə qadın iştirakçılar elə seçilmişdi ki, onların hamısı eyni follikulyar (preovulyasiya) fazada idilər.

Şəkil çəkdikdən sonra hər kəs ümumi analiz və immun sisteminin vəziyyətinin markerləri üçün qan verdi.

Daha sonra “Amazon Mechanical Turk” platforması vasitəsilə tədqiqatçılar təxminən 25 yaşlarında olan 492 könüllü, gənc kişi və qadını dəvət edərək, onlara iştirakçıların fotoşəkilləri göstərilib və cəlbedicilik şkalası ilə qiymətləndirmələri xahiş edilib. Üstəlik, cinsi oriyentasiyasından asılı olmayaraq, yalnız əks cinsin nümayəndələrinin portretləri nümayiş etdirilib. Nəticədə cəlbedicilik reytinqi tərtib edilib.

Nəticələr olduqca gözlənilən idi. “Qiymətləndirənlər mütənasib cizgiləri olan simmetrik üzlərə, yüngül təmiz dəriyə, çıxıntılı yanaq sümüklərinə, parlaq gözlərə üstünlük veriblər. Eyni zamanda, alimlər cəlbedicilik və immunitetin gücü arasında əlaqə tapıblar. Məlum olub ki, reytinqdə ilk sıralarda yer alanların immunitet sistemi aşağı yerləri tutanlardan daha güclü işləyir. Eyni zamanda, korrelyasiya qanda iltihabın markerləri ilə müəyyən edilən cari sağlamlıq vəziyyətindən asılı deyildi.

Alimlər immunitetin gücünü bir neçə göstərici ilə qiymətləndiriblər. Bu zaman patogen siqnallara görə immun hüceyrələrin faqositoz qabiliyyəti - bakteriyaların, birhüceyrəli orqanizmlərin və yad hissəciklərin tutulması və sorulması, lizis - şiş hədəf hüceyrələrinin əriməsi əsas götürülüb. Bundan əlavə - immun hüceyrələrin olmaması ilə qan plazmasında bakteriyaların böyüməsinə yalnız antibakterial zülalların köməyi ilə maneə törətmək üsulu sınaqdan keçirilib.

Nəticələr göstərib ki, ən "məşhur" iştirakçılar faqositozun daha yüksək parametrlərinə malikdirlər. Bu, “Escherichia coli” biohissəciklərinin parçalanma sürəti ilə qiymətləndirilir. Qadın üzlərinin cəlbediciliyi ən çox qanda qlükoza, bazofillər və antikorların yüksək səviyyəsi və plazmada bakteriya artımının aşağı sürəti ilə əlaqələndirilir. Kişilərdə isə sitotoksik limfositlərin - NK hüceyrələrinin və ya infeksiyalarla mübarizə aparan təbii killerlərin yüksək aktivliyi əsasdır.

Daha əvvəlki araşdırmaların nəticələri göstərmişdi ki, əks cinsin nümayəndələri üçün qadınlarda cəlbedici olan məlahətlilik məhz estrogen səviyyəsi yüksək olduqda üzə çıxır.

Nubar Süleymanova, “İki sahil”