Türkiyənin Adana şəhərinin Karataş rayonundakı Akyatan gölündə yerləşən Nərgiz adası milyonlarla nərgizlərlə görənləri valeh edir.
Onlarla növdən olan minlərlə quşa ev sahibliyi edən Akyatan gölü Türkiyədə köçəri quşların ən əhəmiyyətli istirahət və qidalanma yerləri arasındadır.
“Həssas ərazi” olaraq qeydə alınan göldə yalnız qayıqla gedə biləcəyiniz Nərgiz adası var. Baharın müjdəsini verən ətirli nərgiz çiçəkləri ilə bəzədilmiş sirli adaya qayıqla 20 dəqiqəyə çatmaq olar. Ada aşkar edildikdən sonra gölün ətrafında yaşayan insanlar çiçəkləri görmək üçün adaya gedirlər.
Karataş Bələdiyyəsinin sədri Nəcib Topuz ada haqqında bunları ifadə edib: “Akyatan gölünün ürəyi olan Nərgiz adası çox xüsusi bir yerdir. Burada insan ağlı başdan alan bir qoxu ilə qarşılaşır. Bura qorunan bir ərazidir. Müxtəlif vaxtlarda insanlar xüsusi qayıqlarla bura gələ bilərlər. Turizmə xeyir verə biləcəyinə inandığımız bu ərazi həm Adananın, həm də Karataşın tanınması üçün əhəmiyyətlidir. Biz bunu Türkiyəyə və dünyaya bəyan etmək üzərində işləyirik.”
Qeyd edək ki, ada tamamilə təbii şəkildə formalaşmış nadir bir yerdir.
Vüsal Cahanov, “İki sahil”