01 mart 2022 18:10
1730

Dünyanın ən qəribə və ağılasığmaz  restoranları - FOTO

Restoran-həbsxana- Almaniya

Almaniyanın Rüdeshaym şəhərində yerləşən “Bollesje” restoranı da dünyanın qeyri-adi restoranları siyahısına daxildir. Həbsxanaya bənzər bu restorana daxil olarkən sizin barmaq izlərinizi götürdükdən sonra restoranda davranış qaydaları ilə tanış edəcəklər. Daha sonra ziyarətçilərə  həmin restoranın məşhur “ oğru kokteyli ”ni dadmaq və xüsusi həbsxana paltarı geyinmək təklif olunur.

“Kayabukiya Tavern” - Yaponiya

Yaponiyanın paytaxtı Tokioda “ Kayabukiya” restoranı fəaliyyət göstərir. Bu qeyri-adi restoran insanları yalnız yeməkləri ilə deyil, həm də qəribə isçiləri ilə cəlb edir. Çox maraqlıdır ki , restoranın ofisiantları 16 yaşlı Yat-çan və Fuku-çan adlı meymunlardır. Onlar müştərilərə həm yemək, həm də əllərini yumaq üçün dəsmal aparırlar. Restoranın sahibi Kaoru Otsuka meymunlara bu işi etməyi xüsusi olaraq öyrətmədiyini deyir. Onun sevdiyi meymun Yat-çan sahibinin hərəkətlərini eyni ilə təkrarlamağa başlayıb. Meymunun qəribə hərəkətlərindən sonra Kaoru Otsuka “Kayabukiya” restoranını açmaq fikrinə gəlib. Qonaqların sözlərinə görə, meymunlar onlara yaxşı xidmət göstərirlər, gətirilən  yeməkləri və içkiləri dəyişik salmırlar. Meymunlardan məmnun qalan müştərilər onlara çay pulu əvəzində soya paxlaları verirlər.

“Bacardığın qədər ye”- ABŞ

ABŞ-da yerlərən “Big Texan Steak Ranch Amarillo” restoranı qonaqları üçün mütəmadi olaraq maraqlı aksiyalar keçirir. Bu qeyri-adi restoran “Bacardığın qədər çox ye” şüarı altında tanınmaqdadır. Burada əgər siz qarnirlə birgə 2 kq-lıq  steyki bacarıb yeyə bilsəniz , onda sizdən pul almayacaqlar. Restoran açıldığı gündən bəri buna yalnız bir neçə insan müvəffəq olub.

“Sakit restoran” - ABŞ

Nyu-York ştatının Grinpoint şəhərində Nikolas Noyman tərəfindən “Eat” (Ye) restoranı açılıb. Restoranın fərqli bir xüsusiyyəti var. Orada nahar edən insanlar yemək zamanı söhbət etməməlidirlər. Nikolas Noyman  Asiyada bir buddist monastırına səyahət edərkən bu restoranı açmaq qərarına gəlib. O, insanların səssizlikdən zövq alacağı bir məkan yaratmaq istəyib. Bu qeyri-adi məkana gələn insanlar onu “Sakit restoran” adlandırıblar. Fərqli məkanda verilən “sakit naharlar” insanlar tərəfindən çox sevildiyinə görə onlar burada  nahar etmək üçün əvvəlcədən özlərinə masa sifariş edirlər.

“Quş yuvası” restoranı - Tailand

Tailandın “ Soneva Kiri Eko” otelində ağac başında nahar etmək olar. Bu unikal restoran 4.8 metr hündürlükdə, sanki göydən asılmış bir zənbilin içində yerləşir. Ofisiantlar qonaqlara xidmət göstərmək üçün xüsusi “ kəndir yollarla” hərəkət edərək, insanlara qulluq edirlər. Adi nahar yeməyi bu restoranda təxminən 450 dollara başa gəlir. Lakin bu gözəlliyi görən insanlar burada olan yüksək qiymətlərə fikir vermirlər.

Dünyanın ən kiçik restoranı-Finlandiya

Finlandiyada yerləşən  məşhur “Kuappi lisalmi” dünyanın ən kiçik restoranı kimi tanınmaqdadır. Burada yalnız bir masa və iki stul var.

“At Eenmaal” restoranı - Niderland

Amsterdamda yerləşən “At Eenmaal” restoranı “təklik” anlayışını təbliğ etməklə məşhurlaşıb. Bu məkanda eyni tipdə tək yerləşən masalar görə bilərsiniz. Restoranın quruluşçusu və dizayneri Marina van Goorun sözlərinə görə, bu qeyri-adi yanaşmanın məqsədi insanlara təkliyi hiss etməyə imkan verir.Marina van Goorun fikirlərinə görə, təklikdə nahar etmək bəzən əsəblərimizin sakitləşməsinə yardım edir.

Qeyri-adi uşaq restoranı- Niderland

“Kinderkookkafe” Amsterdamın ən məşhur və qeyri-adi restoranları sırasındadır. Bu restoranda ofisiantların  əvəzinə ziyarətçilərə gənc hollandiyalılar xidmət göstərib hesablarını gətirirlər. Onlar hətta baş aşpazın nəzarəti altında aşpazlıq edib müxtəlif yeməklər hazırlayırlar. Bunu da əlavə edək ki, burada verilən həm yeməklər, həm də şirniyyatlar çox ləzzətli olur.  Gənclərin işindən və hazırladıqları yeməklərdən razı qalan müştərilər onlara çaypulu belə saxlayırlar.

“Buz restoranı” - Finlandiya

Son zamanlar buzdan inşa edilən restoranlar  və otellər dəbə düşüb. Bunlardan ən məşhuru Finlandiyada yerləşir. Bu restoran hər il yanvar ayının sonuna doğru xidmət göstərməyə başlayır.Bura gələn qonaqlar mənfi 5 dərəcə soyuqda nahar edirlər.Buzdan inşa edilmiş bu restoranda insanlar yalnız soyuq qəlyanaltılar dada bilərlər.

Bostana bənzər restoran – İspaniya

Bostana bənzər “ De Kas” restoranı İspaniyada yerləşir.  Çox maraqlıdır ki, bu restoranda masalar az qala ləklərin arasında qoyulub. Burada tərəvəz, göyərti,meyvə- ekoloji cəhətdən təmiz məhsullar yetişdirirlər.  Bu restoran həm vegetarian yeməkləri, həm də ət və balıqdan hazırlanan yeməkləri ilə məşhurdu.

Lakin restoranın daha bir unikal xüsusiyyəti var. Burada baş  aşpazın masası şüşə arxasında yerləşir. Beləliklə, restoranın qonaqları aşpazın işini seyr edə bilərlər.

“Mikroskop restoranı” - Yaponiya

Bir neçə il əvvəl zarafat kimi başlayan “mikroskop yeməkləri” layihəsi aşbaz Hironori İkenonu bütün dünyaya məşhur etdi. Bir gün kiçik qablarda miniatür yeməkləri nümayiş etdirən aşbaz bu layihənin bu dərəcədə sevildiyini gözləmirdi. Hironi İkenon bütün dünyaya bir düyüdən düzəldilən suşi nümayiş etdi. Bu gün bütün dünyadan gələn turistlər cənab İkenonun miniatür yeməklərini dadmaq arzusundadır.

“EL Diablo” restoranı - İspaniya

Bu restoranda verilən kabablar, restoranın dibində olan aktiv  vulkanın istisi ilə bişirilir. Restoranın dibində olan vulkan XIX əsrdən bəri püskürmür. “El Diablo” restoranı 6 qaya üzərində tikilib.

Sualtı restoran- Maldiv adaları

Maldiv adalarının Hilton otelində yerləşən “İtha” restoranı da qeyri-adi məkanlar sırasına daxildir. Bu restoranda nahar edərkən, siz dənizdə üzən akuları, skatları və digər dəniz sakinlərini müşahidə edə bilərsiniz. Dünyanın ilk tam şüşələnmiş restoranı koral rifində dənizin 5 metr dərinliyində yerləşir. Burada yalnız 14 masa var.

Samirə Tağıyeva, “İki sahil”