03 mart 2022 15:00
758

5300 illik kəllədə ən qədim qulaq əməliyyatının izləri tapılıb - FOTO

2018-ci ildə arxeoloqlar təxminən 5300 il əvvələ aid bir məzardan kəllə sümüyü çıxarıb. Tədqiqatçılar kəllə üzərində ən qədim qulaq əməliyyatının izlərini tapıblar.

Kəllə sümüyünü İspaniyanın Burqos şəhərindəki El Pendon Dolmendə qazıntı sahəsində çalışan arxeoloqlar aşkar ediblər. Müayinələr nəticəsində kəllə sümüyünün 65 və ya daha yuxarı yaşlı qadına aid olduğu təxmin edilir.

 Valyadolid Universitetinin tədqiqatçıları 2018-ci ildə tapılan bu kəllə üzərində araşdırma apararaq,  orta qulaq infeksiyasının müalicəsində istifadə edilən primitiv cərrahi əməliyyatın əlamətləri olduğunu müşahidə ediblər.

Araşdırmaçılar qulaq kanalında artan təzyiqi aradan qaldırmaq üçün başın hər iki tərəfində deşiklər açıldığını vurğulayıblar. Sümüklərin inkişafına baxdıqda qadının əməliyyatdan sonra həyatına davam etdiyi bildirilib.

Bundan əlavə, qazıntı sahəsində aparılan araşdırmalar zamanı bir neçə dəfə yüksək temperaturda qızdırılan və üzərində kəsmə əməliyyatının izləri olan çaxmaq daşından bir bıçaq da tapılıb. Araşdırmaçılar bunun cərrahi alət kimi istifadə edilə biləcəyini söyləyiblər.

Vüsal Cahanov, “İki sahil”