Həyatınızı smartfonsuz təsəvvür edə bilmirsiniz? Əlinizin altında və ya göz önündə olmayanda təşvişə düşürsünüz? Gecə-gündüz vaxtınızı ekrana baxaraq keçirir, şarjınız bitən kimi tələsik onu doldurmağa çalışırsınız?
Əgər bütün suallara cavabınız müsbətdirsə, sizdə nomofobiya, yənı telefon asılılığı var. İstənilən pis vərdiş kimi (siqaret və s.) nomofobiya da vaxtında aradan qaldırılmalıdır. Əks halda bu, sizin həyatınızı mənfi təsir edə bilər.

Telefon asılılığı olan insanın həyatını (yeməyini, içməyini,gəzməyini və s.) smartfon idarə edir. Hər 5 dəqiqədən bir ekrana baxır, mesaj alıb-almadığını yoxlayır və hətta gəzintidə, kinoteatrda və ya kafedə daim smartfonu əlindən yerə salmır.
Əgər sizdə nomofobiyanın bütün əlamətləri varsa, o zaman nəticələr heç də ürək açan deyil. Bu emosional pozuntu real həyatdan həzz almamağınıza,virtual dünyanın xəyalını qurmağınıza səbəb olur.
Psixoloqlar telefondan asılılığın səbəblərini açıqlayıb:

Telefondan asılılıq daha çox kompleksləri olan, canlı ünsiyyətdən və problemlərdən qaçan insanlarda rast gəlinir. Bu insanlar özgüvən problemi yaşayır. Real həyatı sıxıcı olan insanlar virtual dünya vasitəsi ilə həyatlarına rəng qatmağa çalışırlar. Özünü tənha hiss edən insan smartfona gələn bildirişlər sayəsində tək olmadığını, kiminsə ona ehtiyyacı olduğunu düşünür.
Nomofobiyadan qurtulmanın yolları:
İlk öncə asılılığın yaranma səbəbini tapmaq və bu səbəbi aradan qaldırmaq lazımdır. Bunun üçün mütləq mütəxəssisə müraciət etməlisiniz. Əgar asılılığın səbəbi həyatınızın darıxdırıcı olmasıdırsa, bu zaman dostlarınız, ailə üzvləriniz və qohumlarınızla daha çox zaman keçirməyə çalışın. Maraq dairənizə uyğun olaraq kurslara yazılın, vaxtınızı səmərəli keçirin. Sizin bildirişlərlə dolu olan telefonunuz, heç də kiminsə sizə ehtiyyacı olduğu anlamına gəlmir. Çalışın bir müddət sosial şəbəkələrdən istifadəni azaldasınız, o zaman görəcəksiniz ki, sizə hər gün yazan həmin insanlar yoxa çıxıb. Anlayacaqsınız ki, sosial şəbəkə dostlarınızın sadəcə bir neçəsi gerçəkdir. Telefonda olan lazımsız tətbiqləri silmək bu yolda atacağınız vacib addımlar biridir.
Ən əsası da yaşam səbəbinizin telefon olmadığını dərk etməlisiniz.
Nərimanova Nərmin,
Bayramova Aysel,
Bakı Slavyan Universitetinin tələbələri