D vitamininin gen ifadəsinə təsirini araşdıran bir tədqiqat zamanı vitamin D2 və vitamin D3 əlavələri arasında əhəmiyyətli fərqlər tapılıb.
Pəhriz əlavələrinin istehsalı üçün adətən D vitamininin iki variantından biri istifadə olunur: erqokalsiferol (vitamin D2) və xolekalsiferol (vitamin D3).
Əvvəlki tədqiqatlar D3 vitamini əlavələrinin insanın qanında D vitamini səviyyəsini artırmaqda daha faydalı olduğunu göstərdi. Yeri gəlmişkən, bu vitamin bəziləri tərəfindən əsl möcüzəvi vitamin hesab olunur.
İki növ vitamin D əlavəsi arasında insan sağlamlığı üçün funksional fərqlərin olub-olmadığını müəyyənləşdirmək üçün alimlər bir araşdırma aparıblar. Yeni araşdırmada elm adamları D2 vitamini və D3 vitamini əlavələrinin təsirlərini müqayisə edən klinik sınaqdan əldə edilən məlumatları nəzərdən keçirdilər. Bir neçə yüz sağlam qadın onları 12 həftə ərzində pəhrizlərinə əlavə etdi.
Günəş və D vitamini: elm adamlarının tövsiyələri
Alimlər pəhriz əlavələrinin qəbulunun test iştirakçılarının genlərinin işinə necə təsir etdiyini diqqətlə araşdırdılar. Tədqiqatçılar D2 və D3 qrupları arasında gen ifadəsində əhəmiyyətli fərqlər tapdılar.
Qeyd edək ki, genlərin ifadəsi (onların "yanması" və "sönməsi") bədənimizin necə işlədiyini müəyyənləşdirir.
Bu zaman məlum oldu ki, D2 vitamini orqanizmə D3 vitaminindən fərqli təsir edir.
"Bizim işimiz göstərdi ki, vitamin D3 virus və bakteriyalara qarşı ilk müdafiə xəttini təmin edən immun sisteminin əsas hissəsi olan I tip interferon siqnal sistemini stimullaşdırır",-deyə Surrey Universitetinin professoru Kolin Smit bildirib.
Smit I tip interferonların istehsalının azalmasının viral infeksiyalara qarşı həssaslığın artması ilə əlaqəli olduğunu izah edir. Buna görə də alim D3 vitamininin viruslara qarşı immun reaksiyasını gücləndirməkdə D2 vitaminindən daha təsirli ola biləcəyini bildirir. Beləliklə, hər şey onu göstərir ki, anadangəlmə və adaptivimmunitetin köməyi ilə patogen hücumları dəf etməyə kömək edən D3 vitaminidir. O, virusların və bakteriyaların bədənə daxil olmasının qarşısını almaqda həqiqətən effektivdir.
Xəstəliyin ilkin mərhələsinin və sonrakı mərhələlərində də təsirin fərqli olduğunu başa düşmək lazımdır. Yəni infeksiyadan sonra D vitamini əlavələrinin qəbulu xəstəliyə qarşı mübarizədə kömək etməyə bilər.
Yeri gəlmişkən, nəticələri bu yaxınlarda məlum olan başqa bir araşdırma göstərdi ki, C və D vitaminləri, eləcə də sink olan əlavələr ağır COVID-19-da ölüm ehtimalını azaltmır. Tədqiqat, həmçinin D vitamininin iki formasının müəyyən gen ifadə yollarına əks təsir göstərdiyini göstərdi.
D2 vitamini qəbul edən şəxslərdə 12 həftəlik tədqiqat başa çatdıqdan sonra təcrübəçilərin qanında daha az D vitamini səviyyəsi var idi. Bundan elm adamları belə nəticəyə gəlirlər ki, D2 vitamini D3 vitamininin bəzi faydalı təsirlərini azalda və ya onlara qarşı təsir göstərə bilər.
Tədqiqatın həmmüəllifi professor Susan Lanham-Nyu nə baş verdiyini daha yaxşı başa düşmək üçün həmkarlarını təcili olaraq vitaminlərin iki forması arasındakı funksional fərqləri öyrənməyə dəvət edib. Tədqiqatçı qeyd edib ki, bu arada vitamin D3 əlavələri əksər insanlar üçün seçim forması sayıla bilər.
Tədqiqat müəlliflərinin məqalələri “Frontiers in Immunolog” jurnalında dərc olunub.
Nubar Süleymanova, “İki sahil”