09 mart 2022 17:00
2160

Saatlar haqqında maraqlı faktlar - FOTO

Dünyada 24 saat qurşağı mövcuddur.

Saatlar saat əqrəbi istiqamətində – soldan sağa doğru hərəkət edir, çünki günəş saatlarında kölgə məhz bu istiqamətdə hərəkət edir.

Qədim dövrlərdə zamanı ölçməyə çalışan ayrı-ayrı xalqlar müxtəlif üsullardan istifadə ediblər. Ən qədim saatlar Günəş saatları hesab olunur. İlk Günəş saatını düzəltmək qədim misirlilərin ağlına gəlib. ( eramızdan əvvəl 15-ci əsrdə) Onlar Günəşin hər gün müntəzəm bir hərəkətlə doğmasını, müəyyən vaxtlarda göy üzünün eyni nöqtələrində olmasını, sonra batmasını müşahidə edərək ən qədim saatı kəşf ediblər. Bu saat meydanın yüksək bir yerində qoyulan daşdan ibarət olub. Qədim misirlilər Günəşin hərəkəti əsasında bu daşın kölgəsini izləməklə vaxtı ölçüblər. Yeri gəlmişkən, saat əqrəbinin sağa hərəkət etməsi də buradan yaranıb.

Günəş saatından sonra su saatı yaranıb. Su saatının yaranması isə qədim yunan riyaziyyatçısı, mühəndisi və ixtiraçısı Ktesibiosun adı ilə bağlıdır. O, bizim eradan əvvəl II əsrdə qədim Misirdə yaşayıb. Su saatı ixtira edilənədək insanların istifadə etdiyi günəş saatı ilə vaxtı yalnız gündüzlər ölçmək mümkün olurdu. Amma su saatı icad olunandan sonra vaxtı gecələr də ölçmək mümkün olub. Su saatları ilkin vaxtlarda dibində deşik olan qabdan ibarət idi. Qaba müəyyən miqdarda su tökülür, su axıb qurtardıqda vaxt ötüb keçirdi. Bu saatların çatışmayan cəhəti onlarda suyun sürətinin sabit olmaması səbəbindən vaxtın qeyri-dəqiq ölçülməsi idi. Belə ki, qabda suyun həcmi dəyişdikcə qabın dibindəki təzyiq də dəyişirdi ki, bu da suyun axın sürətinə birbaşa təsir edirdi. Digər tərəfdən deşiyin çirklənməsi də saatın dəqiqliyini aşağı salırdı. Sonralar mühəndis Ktesibios bu problemləri aradan qaldırmaq üçün yeni konstruksiya təklif edib. Qabdakı deşiyin dəqiqliyini artırmaq üçün o, deşiyi qızıldan və ya xüsusi daşlardan hazırladı.

Günəş və su saatlarından sonra qədim insanlar qum saatlarını icad ediblər. Ələnmiş narın qumu ortası boğma şüşə qaba tökür və sonra qabı tərsinə çevirirdilər. Amma bu saatın yanında kimsə növbə çəkməli idi ki, qum şüşənin alt hissəsinə tökülüb qurtaran kimi, yenidən qabı tərsinə çevirsin. Qum saatı bərabər sürətli hərəkət prinsipi əsasında işləyirdi.

Orta əsrlərdə mexaniki saatların kəşfi zamanın daha dəqiq ölçülməsinə imkan yaradıb. Dünyada ilk sadə mexaniki saat 1335-ci ildə İtaliyanın Milan şəhərində düzəldilib. Sonralar illər ötdükcə mexaniki saat daha da təkmilləşdirilib. Müasir mexaniki saatın ixtiraçısı 1657-ci ildə kəfkiri idarəedici detal kimi saata daxil edən X.Hüygensdir. Saatın sonrakı təkmilləşməsi ingilis saatsazı U.Klementin, C.Qraqamın, sonra yenə də Hüygensin adı ilə bağlıdır. XVI əsrin sonunda dəqiqə əqrəbi, 1760-cı ildə saniyə əqrəbi meydana çıxıb. Ardınca saatlarda ayın tarixini, həftənin günlərini göstərən əlavə mexanizmlər qoyulub.

1300-cü ildən başlayaraq Avropa ölkələrində qüllə saatları düzəldilib. Bəzi məlumatlara görə, ilk qüllə saatı Fransanın Strasburq şəhərində ucaldılıb. Qüllə saatları çox güc tələb edən mexanizm üzərində qurulurdu. Dünyadakı məşhur qüllə saatlarından biri də Çexiyanın paytaxtı Praqada düzəldilib. Təəssüf ki, həmin saatlar müasir dövrə qədər qorunub saxlanılmayıb.

XV əsrin ikinci yarısından sonra saat istehsalında yeni təkmilləşmələr baş verib və ardınca divar, stolüstü, cib və bilək saatları yaradılıb. İlk cib saatları XIX əsrin əvvəllərində istehsal olunub. 1800-ci ildə isə dünyada ilk elektrik və elektromexanki saatlar buraxılıb. Daha sonralar elektron saatlar istehsal olunub.

Saatdan ilk istifadə vaxtlarında insanların əksəriyyəti cib saatı istifadə edirdilər. Bu saatların qurma düyməsi sağda «3» rəqəminin yanında idi. Tez-tez qurmaq lazım olan bu saatları cibdən çıxardıb sol əllə qurmaq çox çətin idi. İnsanlar bu saatları sol əlləri ilə çıxarıb baxmağa və sağ əlləri ilə qurmağa öyrəşmişdilər. Saatı sol qola taxmaq isə o vaxtdan adət halını alıb.

Məşhur «Big Ben saatı» kimi tanıdığımız Big Ben,  əslində qüllənin adı deyil, qüllənin daxilində səslənən 13-cü zəngin adıdır.

Heç bilirdinizmi ki, müasir dünyada İsveçrə ənənəvi saat ölkəsi kimi tanınır. Bu gün ən yaxşı, möhkəm, dözümlü, sukeçirməz və digər keyfiyyətlərinə görə fərqlənən saatlar İsveçrə saatları hesab olunur. Hazırda dünyanın bir sıra ölkələrində saat muzeyləri fəaliyyət göstərir. Belə muzeylərdən biri Rumıniyanın Ployes şəhərində yerləşir. Bu, Şərqi Avropada yeganə olan Qədim Saatlar Muzeyidir. 1963-cü ildə yaradılan muzeydə 500 növdə gün, qum və su saatları qorunur.

“Graff Hallucination” –hazırda dünyanın ən bahalı saatıdır. Bu saatı bu qədər bahalı edən onun platindən hazırlanan qolbağında 110 karatlıq qeyri-adi və rəngli brilyiantların yerləşdirilməsidir. Bu saatın hazırlanmasında istifadə olunan brilyiantlar "Fancy" kateqoriyasına aid edilir. Bu kateqoriyaya daxil olan daşlar öz miqyasına görə dünyanın ən bahalı və nadir daşlarıdır.

Bahalı saatlar kateqoriyasına daxil olan İsveçrənin “Patek Philippe” şirkətinin istehsalı olan saat isə  Cenevrədə “Only Watch” hərracında rekord məbləğə - 31 milyon dollara satılıb.

2019-cu ildə satılan poladdan hazırlanan saat son illər ərzində  satılan ən bahalı saat olub.

“Professional Watches” portalı qeyd edib ki, “The Grandmaster Chime Reference 6300A-010” modeli 2014-cü ildə məhdud tirajda (7 ədəd) buraxılıb.

Dünyanın ən böyük saatı  Məkkədə inşa edilib. Bu əsərin adı “Makkah Clock”  adlanır. Saat 425 metr hündürlüyə malikdir.

Saatın mexanizmi Səudiyyə Ərəbistanı kralının əmri ilə Ramazan ayının ilk günündə, Ayın görünməsindən bir dəqiqə sonra işə salınıb. Saat dünyanın istənilən istiqamətinə dövr edən dörd siferblata sahibdir və namaz vaxtı beş dəfə zəng çalmaq kimi mexanizmə malikdir.

Küləyin təsiri nəticəsində saatın əqrəblərinin əyilməməsi üçün 90 milyon rəngli kristal mozaikadan istifadə olunub. İsveç istehsalçıları elə bir mexanizm yaradıblar ki, əqrəblər siferblatdan kifayət qədər uzaq məsafədə dayanır.

21 ton olan  saatın görüntüsünü 21 min ağ və yaşıl rəngli elektrik lampalar gecələr   mükəmməl edir.

Samirə Tağıyeva, “İki sahil”