Dünyada koronavirusdan ölənlərin sayının 18 milyondan çox olduğu təxmin edilir.
Bəs, COVID-19-dan ən az və ən çox ölüm halı hansı ölkələrdə yaşanıb?
Tədqiqat ABŞ-ın Vaşinqton Universitetində "COVID-19 əlavə ölüm qrupu" tərəfindən aparılıb. 191 ölkəni əhatə edən araşdırmaya qlobal real ölüm adı verilib. Araşdırmada birbaşa virusa bağlı ölümlərlə yanaşı, infeksiyaya bağlı ölümlər də nəzərə alınıb. Buna səbəb olaraq mövcud xəstəliklərin koronovirusa görə pisləşməsi göstərilib.
Tədqiqat pandemiyadan əvvəlki illərin göstəriciləri ilə pandemiya dövründəki orta ölüm sayına əsasən aparılıb. Bu hesablamanı aparmaq üçün tədqiqat qrupu Dünya Ölüm Məlumat Bazası, Avropa Statistika İnstitutu kimi rəsmi qurumların məlumatlarından istifadə edib. Əldə edilən məlumatlar ölkə və bölgə əsasında dramatik fərqlər göstərsə də, qlobal ölüm nisbəti hər 100 min nəfərə 120 nəfər olaraq müəyyən edilib.
Bu, 2020-ci ilin əvvəlindən 2021-ci ilin sonuna qədər olan iki il ərzində 18,2 milyon insanın bu virusdan dünyasını dəyişdiyinin göstəricisidir. Rəsmi məlumatlara görə, dünyada 5,9 milyon insan bu xəstəlikdən vəfat edib. “The Lancet” jurnalında dərc edilən araşdırmaya görə, ən yüksək ölüm göstəriciləri aşağı gəlirli Latın Amerikası ölkələrində, Avropada və Saxara səhrasının cənubunda yerləşən Afrika ölkələrində qeydə alınıb.
Virus səbəbindən ölümlərin ən çox olduğu 5 ölkə Boliviya, Bolqarıstan, Esvatini, Şimali Makedoniya və Lesotodur. Ölümlərin ən az olduğu ölkələr isə İslandiya, Avstraliya, Sinqapur, Yeni Zelandiya və Tayvandır.
Böyük Britaniya üçün əldə edilən əlavə ölüm qeydləri rəsmi məlumatlara uyğun göstərilir. 173 min ölümün açıqlandığı İngiltərədə əlavə ölümlərin orta hesabla 100 min nəfərə 130 olduğu hesablanır.
Qeyd edək ki, pandemiyada əlavə ölüm anlayışı normal və ya böhransız şəraitdə gözləniləndən daha çox baş verən ölümləri təsvir edir. Bunun hesablanması ötən illərin orta ölüm göstəricilərinə və gözlənilən illik artımlar nəzərə alınaraq müəyyənləşdirilir. Ən çox yayılmış sadə üsullardan biri də müəyyən bir tarixdə cari ilin ölüm sayı ilə son beş ilin orta göstəricisi arasındakı fərqi müqayisə etməkdir.
Vüsal Cahanov, “İki sahil”