13 mart 2022 14:30
1134

Tayı-bərabəri olmayan içki

Bütün dünyada çay öz populyarlığına, insanlar  tərəfindən istehlakına  görə  tayı-bərabəri  olmayan içki sayılır. Bu şəfaverici  bitkinin müxtəlif növləri məlumdur. Qara, yaşıl, ağ, sarı ulun, püre növləri  daha çox bəyənilir.  Çayı sevdirən  onun tərkibində  300-dən artıq  faydalı kimyəvi  maddələrin olmasıdır. Onda olan  taninlərin, vitamin, üzvi turşuların səbəbindən dezinfeksiyaedici  təsirə malikdir, həzm prosesinə müsbət təsir göstərir. Ürəyin fəaliyyətini  qaydaya salır,  damarları genişlənir, spazmalar aradan qalxır.

 Çin, Hindistan, Şri-Lanka,  Yaponiya,  Vyetnam, İndoneziya, Keniya ölkələri dünyada çayın əsas məskənləri sayılır. Adlarını çəkdiyim ölkələrin  meşələrində indinin özündə də yabanı hallında  çay ağacları bitir. Bu həmişə yaşıl ağacların hündürlüyü təqribən 10 metrə çatır. Yarpaqları sıx və qalın oval şəkillidir. Üst hissəsi tünd-yaşıl, aşağı hissəsi isə açıq rənglidir.  Ağacların çiçəkləndiyi dövrdə onların ətrafa yaydığı  ətirdən doymaq olmur.   

 Bildiyimiz kimi, mədəni çay bitkisinin hündürlüyü bir metr yarıma çatır. Tipinə görə Çin və Assam növlərinə bölünür. Ən yaxşı çay plantasiyaları dəniz səviyyəsindən 2 min yüksəklikdə  yerləşir. İçməli çayın ən bahalı növü kolun üst tərəfində yerləşən tumurcuqlu 2-3 gənc əllə yığılan yarpaqdan alınır.

 Çay çinlilərin kəşfidir. Rəvayətə görə  eramızdan əvvəl üçüncü əsrdə əfsanəvi imperator  Şen-nun  çay yarpağının  müalicəvi  xüsusiyyətlərini öyrənir.  Tan sülaləsi (yeddi-onuncu  əsrlər) hakimiyyətə gələnə qədər  çaya dərman kimi baxırlar. Səkkizinci yüzillikdə  yaşamış alim Lu Yuy çay, eləcə də onun içməsi barədə “Ça tszin” yəni “Çay qanunu” adlı ilk kitab yazır. Kitab on fəsildən ibarət olmaqla burada  çayın mənşəyi, yayıldığı  rayonlar, istehsalı, hətta istifadə edilən  qab-qacağı haqqında geniş  danışılır. Elə çay  mərasimini də yaponlar yox, çinlilər fikirləşib. Həm də  çayın dadının  dəyişməsinə səbəb olan yarpağın müxtəlif emal  texnologiyalarının kəşfi,  ilk  dəfə tətbiqi çinlilərdən gəlibdir.

 Avropaya gəldikdə isə buraya çay 1517-ci ildə portuqaliyalılar  tərəfindən  gəlib çıxıb. Həmin  zamanlar Monqolustandan Moskva  şəhərinə gətirilən çay rusların da ən sevimli içkisi idi. On  səkkizinci əsrin  sonlarında artıq bütün Qərbi  avropalılar çayın  dadını bilirdilər. İngilislərin  isə çaya xüsusi maraqları var idi.  Onlar Hindistanda, Seylonda, bir müddətdən sonra Afrikada  geniş çay plantasiyaları salırlar. Bu vaxtlar İngiltərəyə  gətirilən  qaçaq malların əsası  dövlətin yüksək vergi qoyduğu  çay olardı. Çayın idxalı ilə məşğul olan  Ost-Hind şirkəti  qaçaqmalçıların təcavüzü  nəticəsində  il ərzində  400 min funt itirirdi.  Dediyim rəqəm  həmin dövr üçün astronomik  məbləğ hesab edilirdi.

 Çayla bağlı daha bir maraqlı fakt. Belə ki, ən yaraşıqlı, sürətli yelkənli gəmilərin (kliperlər)  istehsalı çayla bağlıdır.  İlk dəfə Baltimorda  amerikalılarin, sonra  Aberdində ingilislərin düzəltdiyi  bu kliperlərlə Çindən çay yarpaqları  gətirilirdi.  1851-ci ildə Honkonqdan  Londona üzən ABŞ-a məxsus  “Oriyentar” kliperi  cəmi 97 gün sərf etmişdir.

  Çayın insan həyatına  nüfuz etdiyi vaxtdan uzun əsrlər ötür.  İndi artıq hər ölkənin öz çayının hazırlaması qaydaları, mərasim və ənənələri  yaranmışdı. Bir neçə misal. Çində  çayı içinə  kiçik ələk  salmış iri çini , saxsı  çaydanlarda  dəmləyir.  Dəmə qoyulmuş  çay  bir qədər saxlanır. Sonra piyaləyə, fincana  süzülüb süfrəyə gətirilir. Yaponiyada  əsasən  yaşıl çaya üstünlük verilir.  Onlar  hazırladığı bu faydalı içkini aramla, kiçik qurtumlarla, şəkər və başqa əlavələr qatılmadan  içirlər. Tibetdə  ən çox kərpic rəngli yaşıl  çay işlədilir.  Tünd dəmləmiş  çaya  100-125 qram əridilmiş öküz yağı və duz  əlavə olunur. Yekcins qatı maye olana qədər  çalınır. Alınan çay öz dadına görə fərqlənir.  Qidalıq dərəcəsinə görə   onu içənin həyat tonusu artır. Tailandda  qırmızı çaya cirə, qırmızı-sarı  boya, ədviyyat qatır, şəkər və üzlü südlə  şirin edir, sonra buzla soyudurlar. Çayı hündür stəkana süzüb içirlər.

 Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü