Və artıq çəkidən əziyyət çəkirsinizsə…
Düşünməyin ki, çəkisi artıq olan insanlar yalnız ABŞ-da yaşayır. BMT-nin son məlumatına görə, artıq çəki ilə eyni problemləri yaşayan insanlar, həmçinin Meksikada (on meksikalıdan yeddisi kökdür), Argentinada, Venesuelada, İraqda, Liviyada, Suriyada, Trinidadda, Türkiyədə, Çexiyada və Çilidə yaşayan insanlardır.
Artıq çəkidən əziyyət çəkən insanların ən az sayı Yaponiya və Çindədir. Çünki Şərq ölkələri Qərb ölkələrindən fəqrli olaraq daha düzgün qidalanırlar. Burada insanlar daha çox tərəvəz və düyüyə üstünlük verir, daha az şəkər və yağlardan istifadə edirlər.
Normal bədən çəkisindən 25% daha artıq çəkiyə malik olan 15-70 yaş arası insanlarda, ölüm riski normal çəkili insanlara nisbətən 30% daha çoxdur. Xərçəng xəstəliyindən ölüm riski 15%,insultdan 60 %, diabetdən isə 40% -ə qədər yüksəlir.
Artıq çəkini yaradan səbəblərdən biri də stress və yorğunluqdur. Bu , əsasən qadınlar arasında artıq çəkiyə səbəb olur. Çünki qadınlar, adətən, narahatlıq səbəbindən daha çox qida qəbul edirlər və tədricən düzgün qida rejimindən yayınır, gecələr çox yeməyə üstünlük verirlər. Məlum olduğu kimi, qadınların və kişilərin stress faktoruna münasibətləri müxtəlifdir. Kişilər arasında streslə yaranan artıq çəki probleminə ona görə təsadüfən rast gəlinir ki, onların əksəriyyəti siqaret çəkir. Qəbul edilən nikotin orqanizmdəki kalorini sağlam şəkildə xaric etmir, əksinə kalori parçalanır və orqanizm kalorini qəbul etməkdə çətinlik çəkir.
Artıq çəkinin işıqlanma ilə əlaqəli olması faktı da ortaya çıxıb. Günəşli gündə və yaxud işıqlı otaqda insan daha az acır, nəinki tam qaranlıqda. Çünki tam qaranlıqda olduğumuz zaman aclıq hissimiz və yemək istəyimiz daha çox artır.
Piylənmədən azad olmaq üçün ən gözəl pəhriz növü seçilib və birinci yeri aralıq pəhrizi tutub. Bu pəhrizə görə, insanlar əsasən balıq, zeytun yağı, şərab və bitki mənşəli yeməklər istifadə etməlidirlər.
İndi çox təəssüf ki, piylənmədən əziyyət çəkən uşaqlar da çoxdur. Bir çox ölkələr hətta piylənmədən əziyyət çəkən uşaqlar üçün uşaq arabaları istehsal etməyə başlayıb. Təkcə ABŞ-da 6 yaşına qədər təxminən 300 minə qədər uşaq bu xəstəlikdən əziyyət çəkir.
Artıq çəkinin səbəbi təkcə düzgün olmayan həyat tərzi deyil, eyni zamanda, xəstəliklərdir. Məsələn, Səudiyyə Ərəbistanında yaşayan Xalid Bin Mohsen Şarininin çəkisi 610 kq idi. Buna səbəb isə onda müşahidə olunan “tiroid” xəstəliyidir.Səudiyyə Ərəbistanının kralı onun müalicəsinə kömək etmək məqsədi ilə qənc oğlan paytaxt Ər- Riyada köçürülmüşdür. Mohseni evindən çıxarmaq üçün yükqaldıran maşından istifadə ediblər. 2013-ci ildə çəkisini azaltmaq uçün gənc əməliyyat olunur və bu əməliyyat çox çətin keçir , çünki bu ağırlıqda olan insanı dəstəkləyə biləcək bir yataq və əməliyyat avadanlıqları da yox idi. Lakin əməliyyat uğurlu oldu və hal-hazırda bu gənc oğlanın çəkisi 80 kq-dır.
Piylənmə ölümlə nəticələnən pis vərdişlər arasında ikinci yeri tutur.
Dünyada qeydə alınan ən böyük çəki 635 kq-dır. Belə inanılmaz çəkinin sahibi 1941-ci ildə Amerikada anadan olan Con Brover Minocdadır . 12 yaşında olarkən onun çəkisi artıq 135 kq idi. Durmadan artan çəkisi 1978-ci ildə artıq 635 kq-a çatmışdı. Həmin ilin mart ayında ürək və tənəffüs çatışmazlığından əziyyət çəkən Conu xəstəxanaya aparmaq üçün 12 yanğınsöndürən maşın lazım oldu. Xəstəxanada olduğu müddətdə Con orada Janet adlı xanımla evlənir. Evləndiyi xanımın çəkisi 50 kq olduğuna görə çəkidə ən böyük fərqi olan cütlük kimi rekord vururlar. Con üçün 1200 kaloridən ibarət olan pəhriz tərtib edirlər və 1980-ci ildə xəstəxanadan çıxdığı zaman o, 419 kq itirmişdi. Lakin belə az müddət ərzində bu qədər çox çəki itirdiyinə görə onun sağlamlığında ciddi problemlər yarandığına görə Con Minoc 1983-ildə, 41 yaşında vəfat edir.
Samirə Tağıyeva, “İki sahil”