Sosial şəbəkələr gündəlik həyatımızın ayrılmaz hissəsidir. Demək olar ki, boş vaxtımızı onlarsız təsəvvür edə bilmirik. Son illərdə hətta bir çox işlərdə bu platformalar əsas vasitəyə çevrilib. Bəs, ən çox izləyicisi olan sosial şəbəkələr hansılardır?
Məlumata görə, “Facebook” dünyanın ən böyük sosial şəbəkəsi seçilib. Veb-sayt yeni açılanda “Thefacebook” adlanıb və yalnız Harvard Universitetinin tələbələri üçün əlçatan olub. Sonra isə Bostonun digər universitetlərinin tələbələrinə də giriş verilib. Bir müddət sonra isə ABŞ-ın digər təhsil müəssisələrinin “.edu” domenində elektron ünvanı olan tələbələri də bu şəbəkədə qeydiyyatdan keçə bilərdilər. Sayt 2006-cı ilin sentyabrından başlayaraq elektron ünvanı olan 13 yaşdan yuxarı digər istifadəçilər üçün də əlçatan olub. Hazırda “Facebook”un 2.7 milyard istifadəçisi var.
“Facebook”dan sonra ikinci yerdə 2.2 milyard istifadəçi ilə “YouTube” qərarlaşıb. “YouTube” videohostinqi istifadəçilərə videoların saxlanması, çatdırılması və göstərilməsi xidmətlərini təqdim edir. İstifadəçilər videoyazılara baxa, onları paylaşa, yükləyə, dəyərləndirə, şərh edə bilirlər.
“Whatsapp” istifadəçilərinin sayı isə təxminən 2 milyarddır və bu göstərici ilə ən çox istifadə olunan üçüncü sosial şəbəkədir. “WhatsApp” mobil və digər platformalar üçün ismarıcların ani mübadilə sistemidir. Mətn ismarıcları, şəkil, video və audio göndərməyə imkan verir.
“Facebook Messenger” 1.3 milyard istifadəçi sayı ilə dördüncüdür. “Facebook Messenger” “Facebook” tərəfindən ismarıc və videoların dərhal ötürülməsi üçün yaradılmış tətbiqdir. O, “Facebook”un əsas saytında məlumat mübadiləsi sistemi ilə inteqrasiya olunub.
Beşinci yerdə isə 1.2 milyard izləyici ilə “Instagram”dır. “Instagram” foto və videoları paylaşmaq üçün sosial şəbəkə elementləri olan tətbiqdir. Bu sosial şəbəkə “Facebook” şirkəti tərəfindən 2012-ci ilin aprel ayında alınıb. Şəbəkə 300 milyon dollar pul vəsaiti və şirkətin 23 milyon səhmi dəyərində satılıb ki, bu da ümumilikdə 1 milyard dollar təşkil edib.
1.13 milyard izləyici ilə “WeChat” altıncı yerdə qərarlaşır. Bu şəbəkə Çinin “Tencent” şirkəti tərəfindən hazırlanmış mətn və səs ismarıclarının ötürülməsi üçün mobil kommunikasiya sistemidir, ilk relizi 2011-ci ilin yanvar ayında işıq üzü görüb. Bu sosial şəbəkə vasitəsilə məlumatları eyni vaxtda bir neçə ünvana yollamaq, şəkil və video ilə paylaşmaq olur. Servis “Facebook” və “Tencent QQ” kimi sosial şəbəkələrlə inteqrasiya olunur. Şəkilləri filtrlərlə emal etmək və onlara yazı əlavə etmək imkanı var.
Sonrakı yerləri isə hər biri 600 milyondan çox olan istifadəçi sayı ilə “Twitter”, “TikTok” və “QQ” sosial şəbəkələridir. “Twitter”dən xəbər əldə etmək üçün geniş istifadə edilir. “TikTok” isə musiqili qısa videolar, canlı yayımlar yaratmağa və ismarıclar yollamağa imkan verən sosial şəbəkədir. Çində “Douyin” adı ilə tanınan bu sayt 2016-cı ilin sentyabrından işə salınıb. “QQ” isə Çində ən geniş yayılmış ani ismarıc yollama servisidir. “QQ”nun ilkin adı “OICQ”dır.
Cavid Əkbərov, “İki sahil”