Həyatımızın ayrılmaz hissəsinə çevriən internetdən istifadə edənlərin sayı gündən-günə artmaqdadır. Hətta həyatımızı internetsiz təsəvvür edə bilməyəcək hala gəlmişik.
Lakin bildiyimiz kimi, sosial şəbəkələrin həm müsbət, həm də mənfi tərəfləri var. Müsbət tərəflərdən biri sosial şəbəkələrin insanların bir-biri ilə ünsiyyət saxlamasıdır. Ünsiyyətə ehtiyacı olanlar, özünü tənha hiss edənlər, eləcə də hər hansı bir səbəbdən cəmiyyət içinə çıxa bilməyənlər öz ehtiyaclarını sosial şəbəkələr vasitəsilə təmin edirlər. Yaxud da müəyyən depressiyada olan insanlar özlərinə tanışlar tapıb əhvallarını yüksəldirlər.
Digər bir müsbət cəhəti isə odur ki, bu sosial şəbəkələrdə canlı cəmiyyətlər yaranır. Kim hansı sahə ilə maraqlanırsa, sanki onların klubları yaranır. Məsələn, həkimlər, iqtisadçılar, hüquqşünaslar və digər klublar. Belə klublar istifadəçilərin həm də öz bacarıqlarını artırıb inkişaf etdirmələrində də böyük rol oynayır.
Təəssüflə qeyd etməliyik ki, müsbət tərəflərinə baxmayaraq sosial şəbəkələrin mənfi tərəfləri daha çoxdur. Hətta bir çox dünya alimləri sosial şəbəkələri bəşəriyyəti məhvə aparan yeni “silah” növü kimi qiymətləndirirlər. Onların fikrincə, belə sosial şəbəkələr insanlarda internet asılılığını artırmaqla yanaşı, mənəvi dəyərləri məhv edərək onları real həyatdan uzaqlaşdırır.
Sosial şəbəkələrdən zərər çəkənlər isə ən çox uşaqlardır. Uşaqlar sosial şəbəkəyə qoşularkən mütləq böyüklər tərəfindən onlara nəzarət olunmalıdır. Valideynlər bilməlidirlər ki, övladları sosial şəbəkələrdən nə üçün istifadə edir, kimlərlə yazışır, ünsiyyət qurur, nəticədə kimlərlə görüşür, maraq dairəsi necədir və s. Digər tərəfdən, həddən ziyada sosial şəbəkələrdə olmaq uşaqları təhsildən yayındırıb, avaraçılığa da sövq edə bilər. Buna görə də azyaşlı uşaqlar böyüklərin kəskin nəzarəti altına alınmalıdır. Düzgün istifadə edilmədiyi halda sosial şəbəkələr gənclərin psixikasına da mənfi təsir göstərə bilər.
Sosial şəbəkələrin daha bir təhlükəli və mənfi cəhəti isə ondan ibarətdir ki, bəzi platformalar insanların şəxsi məlumatlarının asanlıqla yayılmasına və ya əldə edilməsinə səbəb olur. Belə ki, bir sıra kəşfiyyat və təhlükəsizlik qurumları var ki, belə şəbəkələr vasitəsilə insanların şəxsi məlumatlarına göz gəzdirirlər. Yəni, bəzən sosial şəbəkələr insanları nəzarət altında saxlamaq üçün bir növ vasitəyə çevrilir. Onların virtual məkanda kimlərlə dostluq etməsinə, kimlərlə nə haqqında yazışmasına və digər şəxsi informasiyalara da nəzarət olunur.
Bütün bu mənfi hallarla qarşılaşmamaq və özümüzə problem yaratmamaq üçün çalışmalıyıq ki, hər bir işdə olduğu kimi, internetin və sosial şəbəkələrin faydalı tərəflərindən istifadə edək.
Röya Rasimqızı, “İki sahil”