24 mart 2022 23:44
779

Törətmədikləri cinayətə görə 25 il həbsdə qaldılar

ABŞ-ın Miçiqan ştatında törətmədikləri cinayətə görə 25 ilə yaxın həbsxanada yatmış Corc və Melvin Dejesus bəraət qazanıb. 

"İki sahil" xarici KİV-ə istinadən xəbər verir ki, onlar ötən gün azadlığa çıxıblar.

Hadisə 1995-ci ildə baş verib. Belə ki, Marqaret Midkiffi adlı şəxs evində ölü tapılıb. Midkiffin cinsi təcavüzə məruz qaldığı da müəyyən edilib. Cinayət yerindən DNT bir il sonra Brandon Qohagenlə uyğunlaşıb.

Qohagen 1997-ci ildə keçirilən məhkəmə iclasında Dejesus qardaşlarının onu cinsi təcavüzə məcbur etdiyini iddia edib. Qatilin iddiasına görə, ikisi Midkiffi öldürüb.

Həmin məhkəmənin qərarı ilə Qohagen ikinci dərəcəli qətl və birinci dərəcəli cinsi təcavüzdə, Dejesus qardaşları isə ömürlük həbs cəzasına məhkum edilib.

2017-ci ildə isə Qohagen qətldən bir il əvvəl qadını zorlayıb öldürməkdə təqsirli bilinib və ömürlük həbs cəzası alıb.

Miçiqan Baş Prokurorluğu Qohagen tərəfindən "emosional, fiziki və cinsi zorakılığa" məruz qalan daha 12 qadını müəyyən edib.

Bundan sonra Dejesus qardaşlarının işini araşdırmağa başlayan səlahiyyətlilər, Corc və Melvinin cinayət hadisəsi ilə əlaqəsini təsdiq edən heç bir DNT və ya başqa sübut tapa bilməyiblər.

Dejesus qardaşları məhkəmə zamanı bildiriblər ki, cinayət gecəsi Qohagenlə məclisdə olublar və sonra hər kəs öz yolu ilə gedib. Səlahiyyətlilər bu ifadələri təsdiqləyən şahidlər tapıblar.

İkili təqsirsiz bilinərək sərbəst buraxılıblar.

Hakim Martha Anderson "Sizə edilənlərə görə üzr istəyirəm. Ömrünüzün 25 ilini sizdən alıblar. Bu, əvəzolunmazdır" deyib.

Ayrı-ayrı kameralarda saxlanılan qardaşlar 24 ildir görüşmədiklərini bildiriblər.

Corc  ifadəsində "Haqlı olmaq hissi ilə yola çıxmaq əladır" deyib. Melvin də bildirib ki, "Çox məmnunam. Bunu çoxdan gözləyirdim". 

Miçiqan Baş Prokurorluğu, günahı olmayan məhkumlara dövlət tərəfindən ildə 50 min dollar təklif etdiyini açıqlayıb.