Bəri başdan deyim bu müalicə üsulun kökü çox-çox qədimlərə gedib çıxır. Ən əsası isə əsrlərin sınağından uğurla çıxan bir metoddur. Sadə və olduqca ziyansız olan bu müalicə xalq təbabətində “özünü təlqin” adlanır. Mən özümdə təqribən 1990-ci ildə belə bir metoddan istifadə etmiş və onun səmərəsini də yaxşı görmüşəm. Belə ki, 1981-ci ildə ordu sıralarında futbol oyunu zamani ciddi zədə aldım. Uzun müddət həkimlərə müraciət etdim, müxtəlif müalicə üsullarına əl atdım. Ancaq bunların heç xeyri olmurdu. Günlər keçdikcə ağrılarım azalmaq əvəzinə artırdı.
Atam poçtalyon olduğuna görə evimizdə müxtəlif qəzet və jurnallar olardı. Bir dəfə əlimə rus dilində olan qəzet parçası düşdü. Onu oxudum və ağrılarıma çarə tapa bildim. Özümü necə müalicə etməyim barədə məlumat versəm maraqlı olar.
Qəzeti oxuya-oxuya “özünü təlqin” müalicəsinə başlayanda əvvəl orqanizmimi tam sakit vəziyyətə gətirdim. Bununla sağalmağa məndə əminlik yarandı. Sonra divara 8 addım aralı kresloda rahat əyləşib və baxışımı gözümün istiqamətindən 30 santimetr yuxarıda olan divardakı bir ləkəyə zillətdim. Nöqtəyə baxa-baxa 100-dən 1-ə qədər saymağa başladım. Özü də rəqəmlərin adını hər dəfə tutanda dərindən nəfəs alırdım. Nöqtəyə baxa-baxa, rəqəmləri saya-saya, yavaş-yavaş özümü ilıq bir dənizin dibinə düşməyimi təsəvvürümə gətirdim. Qəfildən hiss etdik ki, göz qapaqlarım qaralır və gözlərimin qarşısı tədricən dumanlanır. Bu an gözlərimi aramla bağlamağa başladım. Belə vəziyyətdə yenə dərin nəfəsalma ilə 100-dən birə qədər saymağımı davam etdim. Saydıqca, həm də fikrimdə canlanırdı ki, yatmış, dincələn balıq belə rahat bir məkanda hansı hissləri keçirə bilər. Elə bu rahat məkanı xoş düşüncələrlə öz dünyama gətirdim. Və beləcə də özümü tam təhlükəsiz hiss etdiyim anda saymağı saxladım.
Vəziyyətdən çıxmaq üçün “bir” deyəndə hazırlaşdım, ”iki” deyəndə nəfəsimi bir neçə saniyəlik saxladım. “Üç”ə çatanda isə gözlərimi açdım. Gözlərimi açandan sonra az müddət ərzində rahat halda əyləşdiyim kreslodan durmadım. Hiss etdim ki, artıq kəskin baş ağrılarım gedibdir. Tam sağalmaqdan ötrü özümü bir neçə dəfə bu üsulla müalicə etdim. İndi çoxdandır baş ağrılardan əziyyət çəkmirəm.
“Özünü təlqin” müalicəsindən hər bir adam müalicə oluna bilər. Sağlam həyat üçün bu olduqca faydalıdır. Onu da deyim ki, insan orqanizminin gizli qüvvələri çoxdur. Özünü sağlam olmağa yönəltmək üçün bu qüvvələrin qədir-qiymətini bilmək və buna inam lazımdır. Elə həyatın gözəlliyi, şirinliyi sağlam canla bağlıdır. Qoy hər açılan səhərimiz üzlərdə təbəssüm, ürəklərdə sevinc olsun. Onda yaşadığımız işıqlı dünya heç vaxt öz gözəlliyini itirməz...
Zəfər Orucoğlu,
Azərbaycan jurnalistlər Birliyinin üzvü