Aparılan araşdırmaya görə, Amerikaya gedən ilk insanların qarşısı “Game of Thrones” filmindəkinə bənzər nəhəng buz divarı ilə alındığı aşkar edilib. Bəs, bu nə dərəcədə doğru ola bilər? Gəlin bu araşdırmaya birlikdə nəzər yetirək.
Yeni araşdırmaya görə, Amerika qitəsinə köç edən ilk insanlar təxminən 900 metr hündürlüyündə nəhəng buz divar ilə qarşılaşıblar. Nəticələr göstərir ki, Amerika qitəsindəki ilk insanlar Sakit okean sahilləri boyunca qayıqlarla səyahət ediblər. Beləliklə bu nəhəng divarın Asiyanı Amerikaya birləşdirən quru yoldan girişinə mane olacağı düşünülürdü.
Bəs niyə? Bu hələ də sirr olaraq qalır.
Bununla bağlı iki nəzəriyyə var
İnsanların Şimali Amerikaya gəlişinə dair iki əsas nəzəriyyə mövcuddur. Birincisi, onların bir vaxtlar Asiyanı Şimali Amerika ilə birləşdirən Beringiya adlı quru yolu vasitəsilə gəldiklərini, ikincisi isə Asiyadan Sakit okean sahilləri boyunca kiçik su gəmilərində səyahət etdiklərini irəli sürülüb. Arxeoloqlar 13.400 il əvvələ aid daş alətlərə əsaslanaraq, Asiyadan Amerikaya ilk köç edənlərin klovis kimi tanınan qədim mədəniyyətə sahib insanların olduğunu düşünüblər. “Buzsuz dəhliz” adlandırılan yerlə bağlı araşdırmalar göstərir ki, klovislər bu quru yoldan istifadə etmiş ola bilərlər.
Lakin sonradan aşkar edilən ayaq izləri və daş əsərlər ilk insanların Nyu-Meksikoya təxminən 23000 il əvvəl, Orta Meksikaya isə 26500 il əvvəl gəldiyini göstərdi. Belə ki, Nyu-Meksiko və Orta Meksikaya gedən insanların bu quru yoldan istifadə etmək ehtimalı yox idi.
“Buzsuz dəhliz” nə vaxt açılıb?
PNAS elmi jurnalında dərc edilən araşdırma buzsuz dəhlizin nə vaxt açıldığını müəyyən etməyə çalışıb. Quru yolunun mövcud olduğu ehtimal edilən bölgədə 1200 kilometrə qədər uzanan 6 məntəqədən götürülmüş 64 geoloji nümunə araşdırılıb. Oreqon Dövlət Universitetindən Jorie Clarkın rəhbərlik etdiyi tədqiqat qrupu dəhlizin təxminən 13800 il əvvəl açıldığını müəyyən edib. Jorie Clark “Bizim artıq buzsuz dəhlizin Amerikanın ilk insanları üçün açıq və uyğun olmadığına dair tutarlı sübutlarımız var"deyə bildirib.
900 metrə çata bilər
Tədqiqatçılar həmçinin bölgədəki buz təbəqələrinin 900 metr yüksəkliyə çatdığını da müəyyən edib. Məşhur "Game Of Thrones" serialındakı nəhəng divara bənzəyən bu təbəqələr insanların sözügedən bölgədə səyahət etmələrini qeyri-mümkün edir. Digər tərəfdən, tədqiqatçılar tarixin heç bir dövründə insanların bu dəhlizdən istifadə etmədiyini demirlər. Nəticələr yalnız ilk köç dalğasına aiddir. Bu araşdırma insanlar qitəyə ilk gəlişində dəhlizin bir köç yolu kimi istifadə edilə bilməyəcəyini açıq şəkildə göstərir.
Vüsal Cahanov, “İki sahil”