30 mart 2022 17:00
924

Tək ayaqla velosiped sürdü: İnsanlara motivasiya oldu/FOTO/VİDEO

Türkiyənin Adana şəhərində uşaq ikən atasının avtomobilinin ön təkərinin altında qalan Əhməd Dönməzin sol ayağı amputasiya edilib. Hadisə baş verəndə Əhmədin 13 yaşı olub. O gündən sonra tək ayağı ilə həyata tutunan Dönmez bir çox idman sahəsi ilə maraqlansa da, 3 il əvvəl velosiped sürməyə başlayıb. 32 yaşlı Ahmed Dönmez tək ayağı ilə velosiped sürür, hətta 200 kilometr uzaqlıqdakı şəhərlərə belə gedən Əhməd yarışlara qatılmaq istəyir.

Velosipeddə kilometrlərlə yol qət edən gəncin ən böyük hədəfi triatlon (qaçış, velosiped və üzgüçülük idmanlarını özündə birləşdirir) idmançısı olmaqdır.

Xoş reaksiya alıram

“İhlas” xəbər agentliyinə danışan Əhməd Dönməz “Mən yorucu idmanla məşğulam. “Bir ayaqla yorulmursan” - deyə soruşanlar da var, təbii ki, mən də yoruluram. Velosipedlə Mersinə və Hataya gedirəm. Yolda görənlərdən xoş reaksiyalar alıram. Mənim videomu çəkirlər. Bu baş verəndə ruhlanıram və daha da qətiyyətli oluram. Çünki görürəm ki, insanların motivasiyası oluram” deyə bildirib.

Yıxılmaqdan qorxmayın

Özü kimi əlillərin də velosiped sürə biləcəyinə diqqət çəkən Dönməz, “Mənim əlil dostlarım da bu idmanla məşğul ola bilərlər. Onsuz da tək ayaqla sürürəm. Velosipedi belə sürmək üçün lazım olan aparatlar var. Bir az cəsarət və əzm tələb edir. Yıxılmaqdan qorxmasınlar. Yıxılaraq özümü təkmilləşdirmişəm” deyib.

Yarışlarda iştirak etmək üçün sponsor axtarıram

Maddi imkansızlıq səbəbindən yarışlara qatıla bilmədiyini və sponsor axtardığını bildirən Əhməd Dönməz daha sonra bunları deyib: “Normalda yarışlara qatılırdım, amma keçən mövsüm iştirak edə bilmədim. Maddi çətinliklərim var. Sponsor axtarıram. İstəyirəm ki, velosiped idmanında mənə dəstək olsunlar. Çünki etdiyim məşqlər və əziyyətim hədər olur. İnsanlardan idmanda uğur qazanmaq üçün mənə kömək etməklərini istəyirəm.”

Vüsal Cahanov, “İki sahil”