01 aprel 2022 01:59
986

Panik atak nədir və onun öhdəsindən necə gəlmək olar?

Panik atak - qəfil yaranan güclü təşviş, qorxu, gərginlik halıdır. Bu hiss somatik simptomlarla müşahidə olunur: tərləmə, titrəmə, təngnəfəslik, huşun itməsi. Atak ortalama 5-20 dəqiqə içərisində keçir, lakin nadir hallarda uzunmüddətli ola bilər.

Son zamanlar bu xəstəlikdən əziyyət çəkənlərin sayı sürətlə artır. Risk qrupunda daha çox 20-30 yaş aralığında olan və meqapolisdə yaşayan insanlardır. Panik atakın əlamətləri: nəfəs darlığı, ürək döyüntülərinin artması, tərləmə, titrəmə, ürək və ya döş qəfəsində ağrı, başgicəllənməsi, yuxusuzluq, ölüm qorxusu və ya dəli olmaq qorxusu, əllərin və ayaqların uyuşması, şüurun qarışması, ürəkbulanma.

Əgər qeyd olunan simptomlardan ən azı dördü sizdə mövcuddursa artıq diaqnoz qoyula bilər. Sıralanan əlamətlər bir çox ciddi xəstəliklərin xəbərçisidi. Buna görə də mütləq həkimlərə müraciət etməlisiniz: terapevt, endokrinoloq, nevropatoloq, psixiatr. Fizioloji səbəblərin olmadığından əmin olduqdan sonra, müalicə almaq üçün psixoloji amillərlə işləyə bilərsiniz.

Panik ataka necə qalib gəlmək olar? Bunun bir çox yolları var. Onlardan bəzisini təqdim edirik: 

1. Nəfəs kontrolu - Bədəni panik vəziyyətindən çıxarmağa kömək edən çox sayda tənəffüs məşqləri və meditasiyalar var. Nəfəs alma orqanizmdə ən vacib proseslərdən biridir. Atak mütəmadi olaraq təkrarlanırsa, o zaman meditasiya da daim aparılmalıdır.

2. Diqqətinizi yayındırın - Diqqətinizi başqa şeyə yönləndirsəniz, bədəninizi az da olsa aldada bilərsiniz. Misal üçün hazırkı halınızla əlaqəli olmayan bir mövzuda sevdiyiniz insanla söhbət edə bilərsiniz. Ətrafda heç kim yoxdursa, başınızı qatmağa məşğuliyyət tapın: internetdə gülməli bir video açın, sevimli pişik balalarının şəkillərinə baxın, yüksək səslə musiqi dinləyin və oxuyun (bu həm də nəfəsinizi bərpa etməyə kömək edəcək), yoldan keçən maşınları sayın.

3. Qorxularınızla üzləşin - Psixoloqa müraciət etmək daha yaxşıdır, ancaq problemin öhdəsindən özünüz də gəlməyə cəhd edə bilərsiniz. Dərin qorxularla işləməyin üsullarından biri də onları vizuallaşdırmaqdır. Başınıza ən pis nə gələ bilər? Ən çox qorxduğunuz şeyin başınıza gəldiyini təsəvvür edin, bu anı bütün detalları ilə düşünün və sonra rahat olun.

Nərmin Nərimanova