Birinci Qarabağ müharibəsində erməni cəlladları Qarabağda və Şərqi Zəngəzurda azərbaycanlılara qarşı əsl soyqırımı siyasəti həyata keçiriblər. 1992-ci il aprelin 7-dən 8-nə keçən gecə erməni silahlıları tərəfindən Kəlbəcər rayonunun 130 evdən ibarət Ağdaban kəndi tamamilə yandırılıb və yer üzündən silinib. Kəndin 779 nəfər dinc sakininə qeyri-insani işgəncələr verilib, 67 nəfər qətlə yetirilib, 8 nəfər 90 -100 yaşlı qoca, 2 azyaşlı uşaq, 7 qadın diri-diri yandırılıb. Erməni vandalları yaşlı, qoca, qadın, uşaq demədən dünyada görülməmiş ən qəddar üsullarla dinc əhalini qətlə yetirərək soyqırımı aktı törədiblər.
Ağdaban faciəsinə ilk hüquqi-siyasi qiymət verən ulu öndər Heydər Əliyev Ağdabanda baş verənləri bəşəriyyətə qarşı törədilən ən böyük cinayət adlandırıb, bunu bütün insanlıq adına utanc kimi səciyyələndirib.
Qırx dörd günlük Vətən müharibəsindən sonra işğaldan azad edilən ərazilər minalardan təmizləndikcə, burada Birinci Qarabağ müharibəsi zamanı işğalçı ermənilər tərəfindən xüsusi amansızlıqla qətlə yetirilən mülki Azərbaycan vətəndaşlarının kütləvi məzarlıqları aşkarlanmışdı. Bu günlərdə də Azərbaycan Ordusunun hərbçiləri Fərrux kəndi ərazisindəki mövqelərdə qazıntı işləri apararkən insan qalıqları aşkar edib. O dövrdə ən böyük qətliam 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda baş verib. Xocalıda 1275 nəfər əsir götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil. Bundan başqa, 1992-ci il aprelin 7-dən 8-nə keçən gecə Ermənistan silahlı qüvvələri Kəlbəcər rayonunun Ağdaban kəndində 67 sakinini işgəncələrlə qətlə yetirib. Həmin gün 90-100 yaşlı 8 qoca, 2 uşaq, 7 qadın diri-diri yandırılıb, 2 nəfərin taleyindən isə indiyədək xəbər yoxdur. Goranboy rayonunun Ballıqaya yaylağında 1992-ci ilin 28 avqustunda Ermənistanın diversiya qrupu 24 nəfər laçınlını qətlə yetirib. Həmçinin Kəlbəcər rayonunun Ballıqaya ərazisində də ötən il kütləvi məzarlıq aşkar edilib. Növbəti belə məzarlıq Şuşanın Daşaltı kəndində tapılıb. 1992-ci ilin yanvarında uğursuz Daşaltı əməliyyatı zamanı 90-a yaxın azərbaycanlı həyatını itirib. Onlardan 30 nəfərə yaxını itkin düşmüş sayılırdı. İnsanlıq əleyhinə cinayətlərdən biri də Kəlbəcər rayonunda “Tunel” adlanan ərazidə 1993-cü il martın 31-də törədilib. 82 nəfərin 50-dən çoxu diri-diri yandırılıb, 31 nəfər əsir götürülüb. Bu ərazidə də kütləvi məzarlığın olduğu bildirilir. Azərbaycanlıların kütləvi basdırıldığı məzarlığın aşkar olunduğu yerlərdən biri də Kəlbəcərin Başlıbel kəndidir. 1993-cü ilin aprelin əvvəllərində bu kəndin 73 sakini evlərini vaxtında tərk edə bilməmiş və düşməndən qorunmaq üçün kahalara sığınıblar. Aprelin 18-də ermənilər 14 nəfəri girov götürüb, 18 nəfəri qətlə yetiriblər.
Azərbaycana qarşı hərbi təcavüz zamanı Ermənistan tərəfindən bir çox beynəlxalq hüquq normaları, o cümlədən beynəlxalq humanitar hüququn tələbləri kobud şəkildə pozulub. Prezident İlham Əliyev beynəlxalq tədbirlərdə, eləcə də yerli və xarici mətbuat orqanlarına müsahibələrində Birinci Qarabağ müharibəsində Ermənistanın Qarabağda törətdiyi insanlıq əleyhinə cinayətlərdən bəhs edərək hərbi əməliyyatlar zamanı əsir götürülmüş insanların naməlum aqibəti, məhv edilmiş soydaşlarımızın gizlədildikləri məzarlıqlar məsələsini daim diqqətə çatdırır. Belə ki, ölkəmizin başçısı 2021-ci il sentyabrın 23-də BMT Baş Assambleyasının 76-cı sessiyasının dövlət və hökumət başçıları səviyyəsində keçirilən illik ümumi müzakirələrində çıxışı zamanı bir daha bildirib ki, Ermənistan itkin düşən şəxslərin taleyi ilə bağlı bizə məlumat verməlidir: “Bizdə olan etibarlı məlumatlara əsasən, onların demək olar ki, hamısı işgəncələrə məruz qalaraq qətlə yetirilib və beynəlxalq humanitar hüquqa zidd olaraq Ermənistan ordusu tərəfindən kütləvi məzarlarda basdırılıb. Ermənistan hərbi cinayətkarları tərəfindən qətlə yetirilmiş 12 mülki şəxsin qalıqları 2021-ci ilin aprel ayında işğaldan azad olunmuş Kəlbəcər rayonunun Başlıbel kəndində kütləvi məzarda tapılıb”.
Azərbaycanın dilbər guşəsi olan Kəlbəcər rayonu 1993-cü ilin aprel ayının 3-dən Ermənistan ordusunun işğalı altında idi. 1993-cü il mart ayının 23-dən aprel ayının 3-dək gedən gərgin döyüşlərdən sonra 60 min Kəlbəcər sakini təxliyə edilmişdi. Rayon ərazisində 1 şəhər, 1 qəsəbə və 145 kənd olmaqla 147 yaşayış məntəqəsi yerləşirdi.
Kəlbəcərlilər Azərbaycan Respublikasının 56 rayon və şəhərinin 707 yaşayış məntəqəsində qaçqınlıq şəraitində yaşayır. Kəlbəcər rayonu ərazisində qalmış 13.000-dək fərdi mənzil, 37.852 ha meşə sahəsi ermənilər çıxarılanadək də talan edilmişdir. Günahsız insanlar öz dədə-baba torpağından vəhşicəsinə qovulmuş, Kəlbəcərin tarixi abidələrinə, təbiətinə böyük ziyan vurulmuşdur.
2020-ci il sentyabrın 27-də başlayan qırx dörd günlük Vətən müharibəsində Azərbaycan Silahlı Qüvvələri dünyanı heyrətə gətirən taktiki döyüşləri ilə hərb tarixinə adını qızıl hərflərlə yazdı. Qarabağ erməni işğalından azad edildi. Noyabrın 10-da imzalanan üçtərəfli Bəyanatla işğalçı Ermənistan kapitulyasiyaya imza atdı. Noyabrın 25-də Kəlbəcər Müzəffər Ali Baş Komandanın İkinci Qarabağ müharibəsində yürütdüyü hərbi-siyasi yolun davamı olaraq bir güllə atılmadan azad edildi və düşmən rayondan çıxmağa məcbur edildi. Bu, Azərbaycanın döyüş meydanında olduğu kimi diplomatik danışıqlarda da qalib olmasının göstəricisidir. Kəlbəcərin işğaldan azad edilməsi Azərbaycanın möhtəşəm tarixi Qələbəsinin daha bir təsdiqidir.
Zahid Rza, “İki sahil”