KÖŞƏ

Vəli İlyasov

Sülh müqaviləsi Ermənistanı böhrandan çıxaracaq

08 aprel 2022 00:57
1245

Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin nə vaxt imzalanacağı qeyri-müəyyən olaraq qalır. Sözsüz ki, əsas da İrəvanın davam edən maksimalist mövqeyi üzündən. Erməni rəsmilər indiyədək özlərini elə aparırlar ki, sanki 44 günlük müharibəni rüsvayçılıqla uduzan tərəf onlar deyil. Yəni sülh üçün daha çox çalışmalı, hətta yalvarmalı ikən, əksinə, vaxtı mümkün qədər uzatmağa çalışırlar.

Belə düşünürlər ki, sülh müqaviləsi yoxdursa, deməli, müharibə də bitməyib. Nikol Paşinyanın gizlənpaç oyununa oxşar oyunbazlıqları da bu axmaq düşüncələrə xidmət edir. Ancaq divar qurtarıb və işğalçının düz yola gəlməkdən başqa çarəsi qalmayıb. Brüssel görüşündən sonra Ermənistan cəmiyyətində yaranan məyusluq da bundan xəbər verir.

Qeyd edək ki, Ermənistan Brüssel öncəsi vaxtda Qarabağda aranı qarışdırmağa, bununla da Qərbdə  fikir yaratmağa çalışırdı ki,  “öz müqəddəratını“ təyin etmək istəyən “yazıq” ermənilər Azərbaycanın təzyiqinə məruz qalırlar. “Ermənistan” müxalifət blokunun deputatı Qeqam Manukyan açıq şəkildə bildirib ki, Ermənistandan çağırışçılar mülki geyimdə Qarabağa göndərilir və oradakı hərbi hissələrdə xidmət keçirlər.

Hakimiyyət təbii ki, bunu rəsmən boynuna almır. Ancaq təkzib də etmir. Laçın dəhlizi Azərbaycanın ciddi nəzarətində olduğundan böyük ehtimalla, bu cür qanunsuz, 10 noyabr kapitulyasiya sənədinə tamamilə zidd təxribatçı əməllər kamifulyaj edilərək həyata keçirilir.

Ermənistan müdafiə nazirinin müavini Armen Sarkisyan isə üç gün əvvəl bəyan edib ki, “Fərrux kəndi və ətrafında baş verən insident hərtərəfli araşdırılacaq, kənd ətrafında vəziyyət dəyişməz və sabit” qalır, ancaq hər an yeni qarşıdurmalar başlaya bilər".

Lakin son günlərdə ABŞ hökuməti və dövlət katibi Entoni Blinkenin Ermənistana öz yerini göstərməsi kapitulyant ölkədə soyuq duş effekti yaradıb. Okeanın o tayındakılar Ermənistana barmaq silkələyərək xəbərdarlıq edirlər ki, indi eskalasiya vaxtı deyil, Ermənistan qonşu dövlətlərlə, yəni Türkiyə və Azərbaycanla münasibətləri qaydaya salmalıdır. Bu xəbərdarlıqdan sonra Ermənistan istər-istəməz Azərbaycanla sərhədlərin müəyyənləşdirilməsinə, delimitasiya və demarkasiya işlərinə start verməlidir. Aydın görünür ki, Ermənistanın Ukraynaya qarşı tutduğu düşmən mövqe onun Qərbdəki ağalarını əsəbiləşdirib. Bunu anlayan ermənilər indi quyruğunu qısmış it kimi aradan çıxmağı, bu məsələlərdə dirəniş göstərməməyi məqsədəuyğun hesab edirlər. Ona görə də Nikol Paşinyan dərhal mesaj verib ki, aprelin sonuna qədər  Azərbaycanla sərhəddə dondurulmuş demarkasiya və delimitasiya işləri canlandırılacaq. Başqa çıxış yolu yoxdur, bizdə deyildiyi kimi: Ya bilək, ya dirək!

İrəvanda artıq başa düşürlər ki, bu, ermənilərə verilmiş son şansdır və bu şansı əldən vermək olmaz. Həmin şansdan istifadə etməklə Ermənistan hakimiyyəti öz ölkəsinin əhalisinin sakit həyatını təmin edəcək, ağır iqtisadi böhrandan xilas edəcək. Bir sözlə, sülh müqaviləsinin bağlanması Azərbaycandan çox Ermənistana lazımdır.