18 aprel 2022 22:40
4830

Qara rəngli 18...

Başlıbel faciəsi erməni vəhşiliyinin daha bir təzahürüdür

27 il əvvəlin 18 apreli idi azərbaycanlı, türk qanına susamış erməni qatilləri tərəfindən insanlığa sığmayan növbəti faciə törədiləndə...

Dəlidağ dəli oldu, qayaları çat verdi yüzillər boyu qucağında bəslədiyi, kahalarına sığınmış özü kimi xeyirxah, dupduru buz bulaqları kimi saf Başlıbel sakinlərinin, o dinc insanların göylərə yüksələn haraylarından! Uca başını qaldırıb “hara yoxa çıxıb?”, - deyə Tanrını axtardı. Ancaq Ulu Yaradan göz yumdu baş verənlərə, görməzdən gəldi olanları...

Sənin də günahın var günahsızların ölümündə, Dəlidağ, qoruya bilmədin onları, gizlədə bilmədin qaniçən yağılardan!

Başlıbelin taleyinin qara rəqəmidir 18. Başvermə tarixi də daxil olmaqla neçə 18 var faciənin içində - aprelin 18-nə kimi 18 gün kahalarda gizlənmiş dinc insanlara amansız hücumlar zamanı 18 nəfər qətlə yetirilib!

...1993-cü ilin aprel ayının əvvəllərində Kəlbəcər rayonunun ermənilər tərəfindən işğalı zamanı 2 minə yaxın əhalisi olan Başlıbel kəndinin 76 nəfər sakini evlərini vaxtında tərk edə bilmədilər. Onların bir qrupu mühasirədən çıxmağa çalışsalar da alınmadı – 9 nəfər yolda qətlə yetirildi, 5 nəfər girov götürüldü. Digər 62 nəfər isə dağlara çəkilərək kahalarda (mağaralarda) sığınmaqla özlərini qorumağa çalışdılar. Lakin onlara uzun müddət gizlənmək müəssər olmadı. 18 gündən sonra, aprelin 18-də erməni silahlı birləşmələri dinc sakinlərin sığındığı yerləri tapıb onların üzərinə silahlı hücuma keçdilər. Cəmi 2 ov tüfəngi və əhalini qoruyan əsgərlərdə olan bir neçə avtomat silahı ilə vəhşi düşmənə müqavimət göstərmək, təbii ki, mümkün deyildi. Amansız hücumlar zamanı dinc sakinlərdən 14 nəfər girov götürüldü, 18 nəfər isə qətlə yetirildi. Sağ qalan 30 nəfər sığınacaq yerlərini kəndin ərazisindəki digər kahalara dəyişərək mühasirə həyatını davam etdirdi. Düşmən gülləsindən canını qurtara bilən həmin 30 nəfər nə az, nə çox, düz 113 gün mühasirə həyatı yaşamalı oldular. Onlar dəfələrlə ölümlə üz-üzə gəlib və günlərlə ac-susuz qalıblar. Dinc sakinlər yalnız 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk etdilər. Və yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa bildilər. Ancaq yenə hamısı deyil. Bu dəfə isə 93 yaşlı Ələsgər Kazımov doğma kəndini tərk etməyərək sığınacaqda qaldı. O, bugünədək itkin sayılır və barəsində hər hansı məlumat yoxdur. Daha sonra dörd gün piyada yol qət edən 29 nəfər 1993-cü il iyulun 22-də Daşkəsən ərazisinə keçə bildilər.

Vəhşi, qaniçən ermənilər Başlıbel kəndini işğal edərkən hər zamankı kimi qəddarlıqlarından əl çəkməyiblər. Şahidlərin sözlərinə görə, faciə zamanı erməni qaniçənləri İkinci Dünya müharibəsinin iştirakçısı olan kənd sakini Hüseyn Hüseynovu diri-diri yandırıblar, ruhi xəstəlikdən əziyyət çəkən Qənaət Ağayevi amansız işgəncələr verməklə qətlə yetiriblər. Qadın, uşaq və qocalardan ibarət 19 nəfər kənd sakini isə erməni hərbçilər tərəfindən girov götürülüb.

Qeyd edək ki, Başlıbel Kəlbəcər rayonunun ən qədim və böyük kəndlərindən biridir. 7659 hektar ərazisi olan kənd iki dağ çayının qovuşduğu yerdə, Dəlidağın ətəyində yerləşir. Kəndin ərazisində 1993-cü ilədək yaşayan yerli sakinlərin hamısı isə Azərbaycan türkləri olub. Birinci Qarabağ müharibəsi zamanı 5 ilə yaxın mühasirə şəraitində yaşayan Başlıbel sakinləri torpaqlarımızın müdafiəsi üçün əllərindən gələni etmişdilər. 1992-ci ilin yanvarından Kəlbəcərin elektrik təchizatı dayandırılması səbəbindən həmin vaxtdan işğal dövrünədək 1 il 3 ay bütün Kəlbəcər rayonu, o cümlədən Başlıbel kəndi qaranlıqda qalmışdı. Üstəlik ermənilərin mühasirə halqası günü-gündən daralırdı. Lakin bütün bunlara baxmayaraq inamını, dəyanətini itirməyən Başlıbel sakinləri öz ata-baba yurdlarını tərk etməmişdilər. Kəndin düşmənə qarşı aparılan döyüşlərin iştirakçısı olan 9 qəhrəman oğlu torpaqlarımızın bütövlüyü uğrunda şəhid olub. İşğal zamanı kənd sakinlərindən 4 nəfər sağlamlığını itirib, 2 nəfər itkin düşüb və indiyədək barələrində heç bir məlumat yoxdur...

Təəssüf ki, təcavüzkar Ermənistan hələ də Azərbaycan ərazilərinin işğalı zamanı dinc sakinlərə qarşı törətdiyi ağır cinayətlərə görə beynəlxalq məhkəmə qarşısında cavab verməyib, dünya birliyi Xocalıda, Ağdabanda, Başlıbeldə törədilmiş faciələrə göz yumub, yummaqdadır.

Bəlli olduğu kimi, təcаvüzkаr mühаribəni plаnlаşdırmа, hаzırlаmа, bаşlаmа və yа аpаrmа bеynəlхаlq hüququn prinsipləri ilə təsbit оlunmuş sülhün, хаlqlаr və dövlətlər аrаsındа dinc yаnаşı yаşаmаnın və əməkdаşlığın əlеyhinə yönəldiyi üçün bеlə əməllərin törədilməsi bеynəlхаlq hüquq nоrmаlаrı ilə məsuliyyət yaradır. 1949-cu il avqustun 12-də  qəbul edilmiş Cenevrə Konvensiyasının tələblərini kobudcasına pozan Ermənistan açıq şəkildə Azərbaycanın mülki əhalisini məhv etməyə hesablanmış təcavüz aktları həyata keçirib. Və indi nəhayət ki, bütün bu əməllərin hesabını vermək vaxtıdır. Vətən müharibəsində şəhidlərimizin qisası qəhrəman oğullarımız tərəfindən döyüş meydanında alındığı kimi, düşmən ölkənin törətdiyi cinayətlərin hesabını verəcəyi günlərə də çox qalmayıb. Ədalət öz yerini tutacaq, bir az gec olsa da!

Mahir Rəsuloğlu, “İki sahil”