KÖŞƏ

Vəli İlyasov

26 aprel 2022 00:57
1438

“Get, öz azərbaycanlılarını…”

Ermənilərin və  havadarlarının iki yüz illik sərsəm planlarına necə son qoyuldu?

“XIX əsrdə, XX əsrin əvvəllərində ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi. 1920-ci ildə Sovet hakimiyyəti tərəfindən Zəngəzurun Azərbaycandan qoparılıb Ermənistana verilməsi, bu da tarixi faktdır”.

Bu fikri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu günlərdə Şuşa şəhərində keçirilən Dünya Azərbaycanlılarının V Qurultayındakı nitqində deyib.

Prezident qeyd edib ki, ondan iki il əvvəl Azərbaycan Xalq Cümhuriyyətinin İrəvanı Ermənistana bağışlaması, bu da sənədlərlə təsdiq olunan faktdır: “1921-ci ildə sovet hakimiyyəti tərəfindən bizə qarşı növbəti təxribat hazırlanırdı. Zəngəzur 1920-ci ilin noyabrında bizdən qoparıldı, bir il sonra Qafqaz Bürosu Qarabağı da bizdən qoparmaq istəyirdi. Ancaq alınmadı və qərar qəbul olundu ki, Dağlıq Qarabağ Azərbaycanın tərkibində saxlanılsın. Amma buna baxmayaraq, il yarım keçəndən sonra –1923-cü il iyulun 7-də Azərbaycan ərazisində tamamilə əsassız, süni bir qurum yaradıldı - Dağlıq Qarabağ Muxtar Vilayəti. Bunun yaradılmasının heç bir əsası yox idi. “

Tarixi faktdır ki,  o vaxt yüz il ərzində çar hakimiyyəti xarici ölkələrdə yaşayan erməni ailələrini nə qədər daşıyıb Azərbaycan ərazilərinə gətirsə də, istər Qarabağda, istərsə də Ermənistan adlandırılan qondarma respublikada azərbaycanlılarla müqayisədə onlar yenə azlıq təşkil edirdilər.  1920-ci illərdə də  indiki Ermənistanda yaşayan azərbaycanlıların sayı Qarabağda yaşayan ermənilərlə müqayisədə  iki dəfədən də  artıq idi. Bundan əndişələnən ermənipərəst bolşevik hökuməti bu fərqi minimuma endirmək və sayca ermənilərin üstünlüyünü təmin etməyə çalışırdılar.  O zaman bu,  bir müəmma idi ki,  muxtar vilayəti azərbaycanlılar üçün niyə Ermənistanda yox, Azərbaycan ərazisində ermənilər üçün yaratdılar? Qarabağ nə üçün iki yerə bölündü? Ancaq çox keçməmiş hər şey aydın oldu. Bunu yaradanlar qədim Azərbaycan şəhərini – Şuşanı da onun tərkibinə saldılar, bir məqsədlə ki, Şuşa da erməniləşsin. Çünki Şuşa tək bir qala kimi qalmışdı və  Şuşaya bütün yollar ermənilərin məskunlaşdığı  ərazilərdən keçirdi. Yəni, Şuşaya gəlmək üçün mütləq ermənilərin yaşadıqları kəndlərdən keçmək lazım idi. Amma bədxahlarımızın planları alınmadı. Şuşa öz milli ruhunu o vaxt möhkəm qorudu və işğal dövründə ermənilər Şuşanı erməniləşdirə bilmədilər. Ancaq onlar Şuşaya da sahib olmaq üçün min oyundan çıxdılar.

Bu hadisələrdən bir qədər sonra-1948-1953-cü illərdə azərbaycanlıların Ermənistandan kütləvi deportasiyası başlandı ki,  bu da xalqımız üçün böyük faciə və böyük ədalətsizlik idi. 1948-ci ildə “ellər atası” Sovet dövlətinin başçısı İosif Stalin ətrafındakı ermənilərin fitvası ilə Azərbaycanın böyük bir hissəsinin qoparılıb erməniləşdirilməsinə razılıq verdi. Bunun qarşısını almaq üçün Stalinin qəbulunda olan tiran bolşevik  Azərbaycanın o vaxtkı rəhbəri Mircəfər Bağırovun etirazlarını qətiyyətlə kəsərək: Get,  öz azərbaycanlılarını oradan yığışdır. Xaricdən gələn erməniləri o torpaqlarda yerləşdirəcəyik-dedi.  Bununla da xalqımızın ən böyük deportasiyasına start verildi. Azərbaycanlıların bir qismi  öz tarixi torpaqlarından əvvəlcə Qazaxıstana, sonra kütləvi surətdə Azərbaycanın Mil-Muğan zonasına zorla köçürüldülər. Dağ havasında ömür sürən adamlar aranın qaynar  istilərinə dözmür, müxtəlif ağır yolxucu xəstəliklərə tutularaq ölürdülər. Lakin bütün bunlar ittifaq dövlətinin rəhbərlərini əsla narahat etmirdi, təki ermənilərin könlü xoş olsun.

Dişləri şirəyə batmış həyasız ermənilər isə dayanmaq bilmirdilər, yeni ərazilər almaq niyyəti onları bir gün də tərk etmirdi.  1980-ci illərin sonlarında Sovet İttifaqında başlanmış separatizm meyilləri nəticəsində faktiki olaraq Qarabağın böyük hissəsi müəyyən bəhanələrlə Azərbaycandan qoparıldı.  Buna hazırlıq məqsədi ilə əvvəlcədən  çoxplanlı tədbirlər görüldü.  Moskvanın məkrli planına əsasən Sumqayıtda və Bakıda xüsusi xidmət orqanları tərəfindən qırğınlar təşkil olundu. Bununla da “azərbaycanlılarla ermənilərin birgə yaşamasının mümkünsüzlüyü” “sübut” edildi. Qarabağda Xüsusi İdarəetmə Komitəsi yaradıldı və Moskvadan Arkadi Volski adlı və soyadlı  bir ermənipərəst məmur Xankəndiyə gətirilərək bədnam komitəyə sədr təyin olundu. Həmin Volski var gücü ilə çalışaraq faktik olaraq Qarabağın Ermənistana birləşdirilməsinə şərait yaratdı. 1993-cü ilə qədər Azərbaycana rəhbərlik etmiş şəxslər-Kamran Bağırov,  Ayaz Mütəllibov, Əbdürrəhman Vəzirov və Əbülfəz Elçibəy ölkəni ağır durumdan çıxara bilmədilər və Ermənistan silahlı qüvvələri Qarabağı və ona bitişik olan yeddi rayonumuzu da işğal etdilər.

 Nəhayət, 2020-ci ildə dəmir yumruqla iki yüzillik tarixin ədalətsizliklərini və ermənilərin məkrli planlarını darmadağın edərək milli ləyaqətimizi bərpa etdi. Prezident İlham Əliyev çıxışında xüsusi vurğuladı ki, tariximizdə baş verənləri soydaşlarımız bilməlidir. Ona görə, çox vacibdir ki, bu tarixi məqamlar daim diaspor təşkilatlarının gündəliyində olsun. Çünki müharibə meydanında döyüş bitsə də, informasiya müharibəsində qarşıdurma davam etməkdədir. Biz daim bu qarşıdurmanın da qalibi olmaq üçün tariximizi bilməli və öz həqiqətlərimizi dünyaya çatdırmalıyıq.

Vəli İlyasov, “İki sahil”