KÖŞƏ

Vəli İlyasov

Paşinyan yenədəmi şit diringi oynayacaq?

29 aprel 2022 00:26
763

Araik isə deyəsən qulağının dibinə dəyən dəmir yumruqdan ağıllanıb

Erməni olanda nə olar, otuz üç ildən sonra axır ki, başa düşdü, daha doğrusu başa saldılar. İl yarımdır ki, naz-qınc edən  separatçı-terrorçuların “rəhbəri” Araik Arutyunyan Qarabağda Azərbaycanın nəzarətinin bərpa ediləcəyi reallığı ilə barışmaq məcburiyyətində qalıb. Bu barədə İrəvanda çıxan “Hraparak” nəşri yazıb. Bildirilir ki, Nikol Paşinyan və Araik Arutyunyan bu məsələdə artıq zorən də olsa razılaşıblar.

“İki gün əvvəl “təhlükəsizlik şurası”nın geniş iclasında qulağının dibi dəmir yumruq görmüş Arutyunyan bildirib ki, Azərbaycanla sülh sazişinin imzalanmasının alternativi yoxdur. Lakin özünə və başqalarına yalançı toxtaqlıq verərək qeyd edib ki, Nikol Paşinyan “Qarabağın qalması” üçün hər şeyi edəcəyinə söz verib. Sülh müqaviləsinin də “status”a heç bir aidiyyəti yoxdur”, - “Hraparak” belə yazır.

Məqalədə iddia olunur ki, Paşinyanın “status”dan imtina etməsindən sonra Araik Arutyunyan əvvəllər etiraz etsə də, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin sədri Armen Abazyan Xankəndiyə gələrək Araiki “ağıllandırıb”, görə bilmədiyi  yeni reallıqları ona başa salıb. Abazyan onun qulağına sakitcə pıçıldayıb ki, daha sənlik heç bir iş qalmayıb, çıx aradan, canını qurtar.

Nəşr yazır ki, Azərbaycanla sülh müqaviləsi imzalanandan sonra Arutyunyan Xankəndini tərk edə bilər.

Əvvəla qeyd edək ki, uzun illər Azərbaycan torpaqlarında at oynadan, cinayətlər törədən Araik elə-belə, əlini-qolunu sallaya-sallaya gedə bilməz. Çünki onu Azərbaycanın ədalət məhkəməsi gözləyir. Cavab verməli, cəzasını almalı və çəkməlidir. Yoxsa Gəncəyə raket atan, günahsız insanları, uşaqları, qadınları, qocaları qanına qəltan edən bir müharibə canisi özündənşad vəziyyətdə gedəcək? Xeyr, cavab verəcək!

Araik də, Nikol da başa düşürlər ki, müharibədəki biabırçı məğlubiyyətə görə onlarla həm Azərbaycan, həm də ermənilər haqq-hesab çəkəcəklər. Çıxardıqları hoqqalara görə hələ onların Beynəlxalq Haaqa Məhkəməsinə də çağırılacaqları şübhə doğurmur. Ona görə də hər ikisi qorxuya düşüb və ölkədə özlərinə qarşı sərt münasibətləri yumşaltmağa çalışırlar. Bunların səfehliklərindən bezmiş və müharibə istəməyən ermənilər İrəvanda bir dəstə iddiaçının əllərindən aldıqları “dqr”ın əskiyə oxşayan bayrağını yerə ataraq tapdalamışlar. Nikol Paşinyanın isə müqəvvasını düzəldərək şəhərin bir çox yerlərinə qoymuşlar ki, gələn-gedən üzünə tüpürsün. Paytaxtda hökumət əleyhinə hər gün özbaşına, qanunsuz aksiyalar keçirilir və Paşinyan bunların qarşısını almaqda çətinlik çəkir. Etirazçılar Paşinyanın karikaturalarını çəkir, üstünə “xain”, “kapitulyant”, “axmaq” və s. sözlərini yazırlar. Baş nazir isə buna göz yumur və susur. Erməni qəzetləri yazırlar ki, Paşinyan bərk patoloji qorxu hissi keçirir, yeməyə, küçəyə, tədbirə və s. yerə gedəndə yüzdən artıq cangüdənin müşayiəti ilə gedir. Əhalinin gözünə görünmək onun üçün əsl cəhənnəm əzabına çevrilib. Hansı üzlə baxsın? 44 günlük müharibədə oğulları itkin düşmüş və hələ də öldüsü-qaldısı məlum olmayan valideynlər Nikolun görmək istəmədiyi adamlardır. Çünki onların sualları qarşısında gözlərini döyə-döyə qalır. Ödünü uda-uda birtəhər razılaşdığı sülh müqaviləsi isə onu revanşistlərin, daşnakların və bəzi iddialı tör-töküntülərin düşməninə çevirib. Ona görə də qorxu onun vücudunu çulğayıb, ancaq Ermənistanda çıldağ yoxdur ki, ora aparıb qorxuluğunu götürsünlər. İndi yaxası bir neçə əldə qalan Ermənistanın baş naziri bilmir ki, başına haranın daşını salsın. Ona görə də gizlində-aşkarda hamıya vəd verir, sonra bəzilərini yerinə yetirir, bəzilərini isə qulaqardına vurur. Azərbaycanla münasibətləri qaydaya salacağına söz verən Paşinyanın bircə günü qalıb. Görək vədinə əməl edəcək, yoxsa yenə şit diringi oynayacaq?

Məhərrəm Ağalaroğlu
Anama məktub
Elşad Miraləm
BİZ KİMİK?