Yeni Azərbaycan Partiyası (YAP) Kürdəmir rayon təşkilatının sədri Ayaz Cəbrayılov, Kürdəmir Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Mirmahmud Mahmudov, Kürdəmir rayon Təhsil şöbəsinin müdiri Rəfail Məmmədov şəhid ailələri, qazilər, YAP rayon təşkilatının əməkdaşları, partiya fəalları, din xadimləri, təhsil işçiləri, gənclər, rayon ictimaiyyətinin nümayəndələri Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda qəhrəmancasına Şəhid olmuş Mehdiyev Zahir Zakir oğlunun doğum günü ilə əlaqədar dəfn edildiyi rayonunun Şəhidlər Xiyabanında məzarını ziyarət edərək, qəbri üzərinə gül dəstələri düzmüş və xatirəsini ehtiramla yad ediblər.
Sonra şəhid Mehdiyev Zahir Zakir oğlunun xatirəsinə tikilən bulaq abidə kompleksinin rayonun Qarabucaq kəndində açılış mərasimi keçirilib.
Açılış mərasimində YAP Kürdəmir rayon təşkilatının sədri Ayaz Cəbrayılov, Kürdəmir rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Mirmahmud Mahmudov, filologiya üzrə fəlsəfə doktoru Yaqut Əşrəfova və digərləri çıxış edərək Mehdiyev Zahir Zakir oğlunun keçdiyi şərəfli həyat yolundan və döyüşlərdə göstərdiyi igidliyindən söhbət açmışlar. Bidirdilər ki, şəhidlərimizin ruhu bizim üçün çox əzizdir, qələbəni bizə yaşadan şəhidlərimizin ruhu qarşısında baş əyir, şəhid analarına dərin minnətdarlığımızı bildirirlər. 44 günlük Vətən müharibəsi və tarixi qələbəmiz Azərbaycan xalqının nəyə qadir olduğunu göstərdi. Xalqımızın birliyi, Ali Baş Komandanımızın qətiyyəti, Ordumuzun gücü, əsgər və zabitlərimizin peşəkarlığı, qəhrəmanlığı parlaq zəfərimizin qazanılması ilə nəticələndi.
Ramil Umudov adına Qarabucaq kənd ümumi orta məktəbinin və Qalib Əliyev adına Qarabucaq kənd tam orta məktəbinin şagirdlərinin şəhidlər haqqında hazırladıqları bədii kompozisiya nümayiş olunub.
Daha sonra tədbir iştirakçıları şəhidin evinə gedərək, ailə üzvləri ilə görüşüb, onların qayğı və problemləri ilə maraqlanaraq maddi və mənəvi dəstək göstəriblər.
Şəhidimizin ailə üzvləri şəhid ailələrinə göstərilən diqqət və qayğıdan razılıqlarını ifadə edərək, buna görə Prezident, Ali Baş Komandan cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, Vətən müharibəsində 44 gün ərzində qəhrəmanlıq göstərən igid oğullardan biri də şəhid Mehdiyev Zahir Zakir oğludur. Zahir Mehdiyev 1984-cü il aprelin 27-də Kürdəmir rayonunun Qarabucaq qəsəbəsində anadan olub. 1990-2001-ci illərdə Kürdəmir rayon Qarabucaq kənd tam orta məktəbində təhsil alıb. Zahir Mehdiyev 2002-2004-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu olub. Goranboy rayonunun Goran qəsəbəsində yerləşən "N" saylı hərbi hissədə xidmət edib.
Zahir Mehdiyev 2010-cu ildən eyni hərbi birləşmədə "gizir" rütbəsində xidmət edirdi. Qazax rayonunda yerləşən "N" saylı hərbi hissədə xidmətini davam etdirmişdir. 2016-cı ilin aprelin 2-dən 5-nə qədər davam edən Aprel döyüşlərində yaxından vuruşmuş, fərqlənmişdir.
Azərbaycan Ordusunun giziri olan Zahir Mehdiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzuli və Xocavənd istiqamətində gedən döyüşlərdə savaşıb. Zahir Mehdiyev noyabrın 3-də Xocavənd döyüşləri zamanı şəhid olub. Dekabrın 4-də nəşi Kürdəmir Şəhidlər Xiyabanında dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılaraq hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi, şəxsi igidlik və şücaət nümayiş etdirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamları ilə Zahir Mehdiyev ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Xocəvəndin azad olunmasına görə” medalları ilə təltif edilib.
Orxan Vahidoğlu, “İki sahil”