09 may 2022 21:15
1650

Oxucu məktubu

Göstərilən tibbi xidmətlərə görə muxtar respublika əhalisi minnətdarlıq edir

Hörmətli redaksiya!

Həyatda çox gözəl təsadüflər olur. Bəzən insan düşünmədiyi halda belə hadisələrlə rastlaşa bilir. Uzun müddət əziyyət çəkdiyim mədə ağrısı ilə yaşadığım Culfa şəhərində yerləşən Mərkəzi Xəstəxanasından göndəriş alaraq Naxçıvan Diaqnostika-Müalicə Mərkəzinə yoxlanmaq üçün getdim. Müalicə mərkəzinə daxil olduğumda bütün muxtar respublika əhalisinin xəstələrinin demək olar ki, yarısı bu xəstəxanaya həkim müayinəsinə gəldiyini gördüm. İlk öncə bu qədər insanın məhz bu gün bura yığılmasının səbəbini öyrənmək istədim. Məlumat aldım ki, may ayının 6-dan 11-dək ulu öndərimiz Heydər Əliyevin 99-cu il dönümü ilə Azərbaycan Respublika Klinikasının 23 nəfərdən ibarət həkim heyəti tibbi aksiya keçirərək heç bir ödəniş ödəmədən vətəndaşları müayinə və əməliyyat edir. İlk olaraq tərəddüd etsəm də, məndə hər kəs kimi onların müayinəsinə daxil olmağa qərar verdim. Sıradan bir vətəndaş kimi onlarla tanış olub, ağrılarımdan söhbət açdım. Mənimlə çox səmimi söhbət edən həkilmlərin dəqiq və ciddi yanaşması artıq qəlbimdə olan suallara cavab tapmağıma kömək etdi. Klinikanın cərrahları Samir Aslanbəyli, Toğrul Məhərrəmov, Elçin Mirzəyev və başqa həkimlərinin necə səmimi, mehribancasına xəstələrlə ünsiyyət qurduqlarının ən yaxından şahidi olaraq bir qələm sahibi kimi burada gördüklərimi yazıya almağı özümə borc bildim.

Qeyd edim ki, cərrah Samir Aslanbəylinin müayinəsi ilə kəskin daşlı xolesistit (öd daşı) diaqnozu ilə xolesistit ektomiya (öd orqanının götürülməsi) əməliyyatı olundum. İki saat çəkən əməliyyatdan sonra Diaqnostika-Müalicə Mərkəzində Cərrahiyyə şöbəsində palataya  gətirildim. 3 gün qaldığım müalicə mərkəzində həkimlərin və tibb heyətinin muxtar respublika əhalisinə göstərdikləri xüsusi xidmətlərin şahidi olaraq mənimlə bərabər, aksiyada iştirak edən vətəndaşlar adından dövlətimizə, əməyi keçən həkim və mərkəzin tibb kollektivinə minnətdarlığımı bildirirəm.

Səriyyə Salahova, 
"Arazın səsi" qəzetinin məsul katibi