13 iyul 2026 19:06
155

Dostluq, qardaşlıq, müttəfiqlik münasibətləri dünyaya örnəkdir - Türkiyə-Azərbaycan

Ən uca zirvələri fəth edən, dostluğa, qardaşlığa, müttəfiqliyə, strateji tərəfdaşlığa söykənən Azərbaycan-Türkiyə münasibətləri bütün dünyaya örnəkdir. Azərbaycan-Türkiyə birliyi və həmrəyliyi regionda sülhü, təhlükəsizliyi, əməkdaşlığı və rifahı təmin edən başlıca amildir. Dünyada bir-birinə Türkiyə və Azərbaycan qədər yaxın, dost olan başqa iki ölkə tapmaq çətindir. Hər zaman bir-birini dəstəkləyən Bakı-Ankara birlikdə daha güclüdür.

Azərbaycan hər zaman qardaş Türkiyənin yanındadır və bütün məsələlərdə öz tərəddüdsüz dəstəyini nümayiş etdirir. Prezident İlham Əliyev daim vurğulayır ki, biz dünyada başqa iki elə dövlət tanımırıq ki, bir-birinə bu qədər yaxın olsun, bir-birini bu qədər dəstəkləsin, bir-biri ilə bu qədər dostluq etsin. Azərbaycan-Türkiyə strateji müttəfiqliyi və tərəfdaşlığı nəinki regionda bütün dünyada sülhü, təhlükəsizliyi və rifahı təmin edən, əməkdaşlığın inkişafına töhfə verən mühüm amildir. Həqiqətən də qardaş və dost ölkələrimizin və xalqlarımızın qarşılıqlı münasibətləri Ulu Öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” müdrik kəlamına uyğun olaraq bütün sahələrdə müvəffəqiyyətlə inkişaf edir və genişlənir.

Qardaş Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın qırx dörd günlük Vətən müharibəsində Azərbaycanın tarixi Zəfəri nəticəsində işğaldan azad olunmuş Azərbaycan ərazilərinə səfərləri Qarabağın hava qapısı olan Füzuli Beynəlxalq Hava Limanının açılışında iştirakı regionumuzda sülhü, təhlükəsizliyi, əməkdaşlığı və rifahı təmin edən başlıca amillərdən biridir. 2021-ci il iyunun 15-də Qarabağın tacı Şuşa şəhərində “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”nin imzalanması Bakı-Ankara birliyinin növbəti təzahürü idi. Tarixə “Şuşa Bəyannaməsi” kimi həkk olunmuş sənəddə öz əksini tapan strateji müttəfiqlik məsələləri iki qardaş dövlət arasında bütün sahələrdə sıx əməkdaşlığı, habelə təhlükəsizlik və müdafiə sahələrində qarşılıqlı yardım prinsiplərini əhatə edir. 

Qardaş Türkiyə Azərbaycana İkinci Qarabağ müharibəsinin ilk günlərindən siyasi və mənəvi dəstək göstərən ölkə oldu. İkinci Qarabağ müharibəsinin ilk günündən, ilk saatlarından Prezident Ərdoğan bəyanatla çıxış etdi və sonra dəfələrlə Azərbaycanı dəstəkləyən bəyanatlar verdi. Təəccüblü deyil ki, indi Qarabağın və Şərqi Zəngəzurun bərpası işində ən başlıca rolu Türkiyə şirkətləri oynayır.

Azərbaycan-Türkiyə enerji əməkdaşlığı regional və qlobal enerji təhlükəsizliyinin, xüsusilə Avropanın təchizat şaxələndirməsinin əsas sütunudur. Bakı və Ankara təkcə neft-qaz nəqli deyil, həm də bərpaolunan enerji, enerji keçidi və yaşıl enerji dəhlizləri sahəsində strateji tərəfdaşlığı genişləndirirlər. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars, TANAP kimi layihələr yalnız iki ölkəyə deyil, bütövlükdə Avropanın enerji təhlükəsizliyinə mühüm töhfələr verir.  Zəngəzur dəhlizinin fəaliyyətə başlaması Türkiyə, Azərbaycan və bütövlükdə Türk dünyası arasında iqtisadi inteqrasiyanın daha da güclənməsinə xidmət edəcək.

Azərbaycan və Türkiyənin beynəlxalq və regional təşkilatlar, o cümlədən İqtisadi Əməkdaşlıq Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı və Türk Dövlətləri Təşkilatı çərçivəsində koordinasiyalı fəaliyyəti, bir-birinə qarşılıqlı dəstəyi Cənubi Qafqazda sülhə, təhlükəsizliyə, eləcə də türkdilli ölkələr və xalqlar arasında birliyin və əməkdaşlığın gücləndirilməsinə böyük töhfələr verir.

Prezident İlham Əliyev iyulun 13-də Şuşada “Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması” mövzusunda IV Şuşa Qlobal Media Forumunun açılış mərasimindəki çıxışında bildirib ki, Türkiyə və Azərbaycan dünyada bir-birinə ən yaxın olan iki dövlətdir: “Siyasi, iqtisadi, enerji, nəqliyyat əlaqələri və insanlar arasında münasibətlərin səviyyəsinə baxsanız, yəqin ki, dünyada bir-birinə Türkiyə və Azərbaycan qədər yaxın, bir-birini bu qədər dəstəkləyən və dost olan başqa iki ölkə tapmaq çətindir. Bu, xalqlarımız və dövlətlərimiz üçün böyük sərvətdir. Biz birlikdə daha güclüyük. Bu, həm də regional sabitlik və əməkdaşlıq, o cümlədən bayaq toxunduğum nəqliyyat bağlantıları baxımından mühüm amildir. Eyni zamanda, təhlükəsizliyin təmin olunmasında da mühüm rol oynayır. Çünki beş il əvvəl burada-Şuşada Türkiyə Prezidenti ilə birlikdə Şuşa Bəyannaməsini imzaladıq və bu sənəd münasibətlərimizi müttəfiqlik səviyyəsinə yüksəltdi. Beləliklə, biz təkcə qardaş və dost deyilik, həm də müttəfiqlərik. Əgər tərəflərdən birinin başına xoşagəlməz hadisə gəlsə, digəri bütün imkanları, o cümlədən hərbi potensialı ilə qardaşını müdafiə etmək üçün onun yanında olacaq. Bu, etnik köklərin, ortaq mədəniyyətin və ümumi tarixin dövlətlər arasında bu qədər sıx siyasi münasibətlər formalaşdırdığı çox nadir nümunələrdəndir”.

Dövlətimizin başçısı vurğulayıb ki, eyni və ya oxşar etnik köklərə və eyni dil ailəsinə mənsub olan xalqların belə münasibətlər qura bilmədiyi çoxsaylı nümunələr hamıya məlimdur. Əksinə, bəzən demək olar ki, eyni dildə danışan xalqlar bir-biri ilə müharibə aparırlar. Bu baxımdan dünyaya örnək olan Türkiyə-Azərbaycan nümunəsi qonşu ölkələr tərəfindən öyrənilməli və nümunə götürülməlidir. Qonşular bir-birini anlamalı və qarşılıqlı hörmət etməlidirlər.

Zahid Rza, “İki sahil”