KÖŞƏ

Vəli İlyasov

İrəvanda yenə də it yiyəsini tanımır

11 may 2022 02:36
908

Və yaxud Paşinyan “valı” niyə dəyişdi?

Ermənistanda  yüksələn xətlə inkişaf edən etiraz aksiyalarının öləziməsi müşahidə olunur. Hiss olunur ki, arzuları qursaqlarında qalan narazıların bundan artığına gücləri çatmır. Keçmiş prezidentlər Robert Koçaryan və Serjik Sarkisyanın Fransa meydanında iğtişaşçılar arasında görünmələri isə Paşinyana “daşın haradan atıldığını” göstərir. “Qarabağ klanı”nın əksər üzvlərinin mitinqçilərə qoşulması “qaranlıq səhnəni” tamamilə işıqlandırır və kimin kim olduğu açıq görünür. Etiraz aksiyaları zamanı polislə müxalifətçilər arasında bir neçə dəfə dava düşüb.

Yerli media etirazçıların bir qrupunun İrəvan zooparkı yaxınlığındakı ərazidə, Myasnikyan prospektini bağladığını yazıb. Qeyd edilir ki, aksiya iştirakçıları zibil qutularını yola düzərək hərəkəti iflic etməyə çalışıblar.

Yol bir neçə dəqiqə bağlanıb, bundan sonra hadisə yerinə ona yaxın polis maşını gəlib. Hüquq-mühafizə orqanlarının əməkdaşları nümayişçiləri sərt şəkildə saxlayıblar. Xüsusi polis qrupları revanşistləri yerə uzadaraq onları sürüməklə avtomobillərə aparıblar. Bölməyə gətirilən etirazçılardan biri Ermənistan Silahlı Qüvvələri Baş Qərargahın keçmiş rəisi, general-polkovnik Yuri Xaçaturovun oğlu İqor Xaçaturov olu. Digəri isə Ermənistan daxili işlər naziri vəzifəsində işləmiş general Valeri Osipyandır. İndiki müxalifət demək olar ki, keçmiş vəzifəlilərdən ibarətdir.

Qeyd etməliyik ki, baş nazir Paşinyana qarşı birləşmiş qüvvələrin yetərli olmadığı artıq məlum olub. Ona görə ki, respublika əhalisi davakar revanşistlərin və “Qarabağ klanı”nın arxasınca getmir. Çünki sadə insanlar öz övladlarını bir daha müharibə meydanına göndərmək istəmir. Ona görə müharibə çağırışları edən klançılar və revanşistlər azlıqda qalıblar. Bunu hiss edən Nikol Paşinyan əvvəllər ictimai asayişi qoruyanlara mitinqçilərlə “mədəni”, demokratik qaydalar çərçivəsində rəftar etməyi tapşırmışdısa, indi “valı” dəyişib. Polislər mitinqçilərlə “mehriban” davranmağı bir tərəfə atıb onları “ağıllandırmaq üçün” qol-qabırğalarını sındıraraq itqusdu vəziyyətində avtomobillərə yükləyirlər.

Nikola hücum edən erməni kişiləri əllərindən bir iş gəlmədiyini görərək adətləri üzrə qabağa öz arvadlarını, qızlarını veriblər. Zərif və zəif cinsin nümayəndələri küçələrə yürüşə çıxaraq “Nikol, rədd ol!” deyə səs-küy salsalar da bu sözlər Nikolun qulağına çatmayıb. Artıq aksiyanın pik həddi arxada qalıb və hər kəsə aydın olub ki, azlıqda qalan narazılar heç nəyə nail ola bilməyiblər. Bu günlərdə Kəlbəcərdə və Martunidə atışmalar, diversiya hərəkətləri heç bir nəticə vermədi, Ermənistan hərbi müxalifətinin gözləntiləri puça çıxdı. Çünki Nikol Paşinyan Qərbin dəstəyindən yararlanaraq düşmənlərindən güclü olduğunu sübut edib. İndi meydanda ona mane olmağa elə bir ciddi qüvvə yoxdur. Xaricdəki erməni diasporu da Paşinyana təpki göstərmir. Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın bu günlərdə ABŞ-a səfərində Paşinyanın haqqında “ağıllı siyasətçi” kimi sözlər söylənməsi, onun yeritdiyi xəttin bəyənilməsi də etirazçılara vurulan zərbələrdən biri idi. ABŞ rəsmiləri bu jestlə Rusiyapərəst revanşistlərə, Koçaryan-Sarkisyan cütlüyünə xəbərdarlıq etdilər ki, yerlərində sakit otursunlar. Okeanın o tayında Mirzoyana deyilib ki, Ermənistan vasitəçilər olmadan Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmalıdır. Cənubi Qafqazda müharibə ocağı birdəfəlik söndürülməli, regionda sülh hökm sürməlidir. Belə düşünənlər heç də az deyil. Ukraynanın daxili işlər naziri olmuş general milliyətcə erməni olan Arsen Avakov bu günlərdə bildirib ki, Ermənistan Rusiyanın təsir dairəsindən uzaqlaşmalı, Qərbdən özünə yeni tərəfdaşlar tapmalıdır. Bütün bunlar Paşinyana ona qarşı çıxanlara müqavimət göstərməyə və qalib gəlməyə əlavə güc verir. Ola bilər ki, mayın sonunadək Ermənistan-Azərbaycan münasibətlərində ciddi dönüş yaransın və razılaşdırılmış və yarımçıq qalmış sərhəd məsələləri, anklav ərazilərin qaytarılması həll olunsun. Bu məslələrin həll olunması isə iki ölkə arasında uzunmüddətli sülh müqaviləsinin bağlanmasına aparacaqdır. Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan da belə düşündüyünü bildirib.

Ter-Petrosyan hesab edir ki, böhranın və ölkə daxilində siyasi qarşıdurmanın dərinləşməsi, qarşıdakı çətin danışıqlarda Ermənistanın mövqeyini gücləndirmir, əksinə, zəiflədir. "Ona görə də bugünkü müxalifətin əsas məqsədinin nə olduğu aydın deyil. Bir zamanlar Serjik Sarkisyanın əli ilə Nikol Paşinyana “təslimçi” damğası vuruldu. Bu belədir, amma heç də tam belə deyil. Əslində, təslim olan Paşinyan deyil, Ermənistan idi. Paşinyan Ermənistanın kapitulyasiya aktına imza atdı", - o qeyd edib.

Ter-Petrosyan əlavə edib ki, ona görə də Nikol Paşinyanı, Robert Koçaryanı, Serjik Sarkisyanı, hətta İşxan Saqatelyanı kim əvəzləsə, onlar Ermənistanın boynuna dolanacaq həlli itaətkarlıqla qəbul edəcəklər: "Bu problem Ermənistan liderinin şəxsiyyətindən asılı deyil. Bu sadə həqiqət dərk edilməsə və ölkəmizin daxili siyasi təlatümləri davam edərsə, Paşinyan və ya başqasının yekun sənədə imza atmasından asılı olmayaraq, bizim üzərimizə qoyulan həll yolları qat-qat ağrılı olacaq".

Müxalifətin yaranmış təhlükənin fərqində olub-olmamasına gəldikdə Petrosyan hesab edir ki, bunu dərk etmirlərsə, deməli, siyasətdən heç bir anlayışları yoxdur: "Əgər dərk edib, ancaq daxili siyasi təlatümləri davam etdirirlərsə, onda belə bir nəticə çıxır ki, onlar milli maraqlara qətiyyən aidiyyəti olmayan tamam başqa məqsədlər güdürlər”.

Bəli, erməni olsa da düzünü deyir. Paşinyanı sivil yolla hakimiyyətdən uzaqlaşdırmağı bacarmayan bəzi radikal ermənilər keçiblər dədə-baba üsullarına, yəni Nikolu terror yolu ilə aradan götürməklə yaxalarını ondan birdəfəlik qurtarmağa qərar veriblər. Görək baş tutacaqmı? İlana balası qənim olar-deyirlər, Nikol da ölməz Kaşşey kimi bir iblisdir, neçə tələdən sağ-salamat sovuşub, ermənilərin axırına çıxmasa, ya da onları ağıllandırmasa əl çəkən deyil.