14 may 2022 00:57
268

Çap mediasına və nəşriyyatlara növbəti dövlət dəstəyi

Bir qrup çap məhsulunun idxalı və satışı əlavə dəyər vergisindən azad olunub

Baş nazir Əli Əsədovun imzaladığı Qərarla  idxalı və satışı əlavə dəyər vergisindən (ƏDV) azad edilən kütləvi informasiya vasitələri məhsullarının, kitabların, dərslik və həmin malların nəşri ilə bağlı rulon və ya vərəqə şəklində kağızın siyahısı təsdiq edilib. Qərar “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2021-ci il 3 dekabr tarixli Qanununun tətbiqi və həmin Qanunun tətbiqi ilə əlaqədar bir sıra məsələlərin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 29 dekabr tarixli Fərmanının 2.1.2-ci yarımbəndinin icrasını təmin etmək məqsədi daşıyır.

Siyahıya aşağıdakı məhsullar daxildir:

- Rulonlarda və ya vərəqlər şəklində qəzet kağızı
- Müxtəlif ölçü və qramda olan yazı, çap və ya digər qrafik məqsədləri üçün istifadə edilən təbaşirlənməmiş kağız və karton
- Kitabların cildlənməsi üçün tikilən kağız və karton üzlük
- İllüstrasiyalı və ya illüstrasiyasız, içində reklam materialı olan və ya olmayan qəzetlər, jurnallar və digər dövri nəşrlər
- Kitab-şəkillər, rəsm üçün və ya rəngləmə üçün uşaq kitabları
- Kitablar şəklində çap edilmiş atlaslar, divar xəritələri, topoqrafik planlar da daxil olmaqla, coğrafi və hidroqrafik xəritələr və ya bütün növ analoji xəritələr

İndiyədək kütləvi informasiya vasitələri məhsullarının idxalı, kitabların idxalı və satışı, habelə qəzetlərin, jurnalların və bu kimi digər məhsulların istehsalı ilə bağlı rulon və ya vərəqə şəklində kağızın idxalı və satışı 18 faiz dərəcəsi ilə ƏDV-yə cəlb edilirdi. Sözügedən Qərar bu məhsulların idxal və satış qiymətinin azalmasına imkan yaradır. Belə ki, idxal olunan xammal və ya hazır məhsulun ƏDV-dən azad olunması onun maya dəyərinə təsir edir. Həmçinin satışın bu vergidən azad edilməsi məhsulun ucuzlaşmasına şərait yaradır.  Bu baxımdan Qərar nəşriyyatların, kitab idxal edən sahibkarlıq subyeklərinin, çap mediasının xərclərini azaldacaq, onların istehsal etdikləri və satdıqları məhsulların qiymətinin ucuzlaşmasına şərait yaradacaq.

Burada çap mediasını xüsusi vurğulamaq lazımdır. Belə ki, hazırda çap mediasının bir hissəsinin dövlət dəstəyi hesabına fəaliyyətini davam etdirməsini nəzərə alanda, bu qərar onlar üçün növbəti dəstək tədbiridir. Xüsusilə də dünya bazarlarında digər əmtəələr kimi qəzet kağızının da bahalaşması fonunda ƏDV-nin ləğvi bu dsətəyin əhəmiyyətini daha da artırır.

Çap mediasının xərclərini azaldan bu Qərarı digər tərəfdən onların iqtisadi müstəqilliyinin təmin edilməsində atılan addım kimi də qiymətləndirmək olar. İqtisadi müstəqilliyin təmin edilməsi media sahəsində aparılan islahatların tərkib hissəsidir. Bu baxımdan çap mediasının xərclərinin azalmasını sözügedən islahatların bir istiqaməti kimi də qiymətləndirmək olar.

Ceyhun Piriyev, “İki sahil”