KÖŞƏ

Vəli İlyasov

“Rus mərkəzi” kimə lazımdır?

16 may 2022 23:26
776

Pah atonnan, bu ermənilər nə əcaib xəlayiqdirlər. Harda nə görürlərsə öz etiketlərini üstünə yapışdırıb “dədə-babadan bizim olub” deyirlər. Hətta bir neçə yüz il əvvəlin nişanələrini də ora  “nallayıb” sübut “düzəldirlər.” Axı, belə saxta işlərdə onların tayı-bərabəri yoxdur.

Səhih tarixdir ki, iki yüz əvvələ qədər Azərbaycan ərazisində nə erməni, nə də rus yaşayıb. Ancaq Azərbaycanın 1828-ci il işğalından sonra çar hökuməti erməniləri İrandan, Türkiyədən və Suriyadan yığıb gətirib və bizim ərazilərimizi ata malı kimi onlara “bağışlayıb”. Müsibətlərimiz də elə o vaxtdan başlayıb. Qətllər, qarətlər, soyqırımılar, ərazilərin zorla qoparılması və s. dürlü-dürlü fitnələr baş alıb gedib. Bu yaramazlıqlar 2020-ci ilin sentyabrına qədər davam edib. Hətta 2020-ci ildə bizə barmaq silkələyən Nikol Paşinyan və onun kimi avantürist eks-müdafiə naziri David Tonoyan “yeni müharibə, yeni ərazilər” deyərək bar-bar bağırırdılar. Çünki əvvəlki işğallardan dişləri şirəyə batmışdı. Dadanan qudurandan pis olur axı. Ermənilər və onlara havadarlıq edənlər bu günkü reallıqlarla barışmaq istəmir, yenidən köklənib dirəniş göstərirlər. Qarabağdakı ermənilər bilə-bilə ki, bura onların deyil, orada qalmaq və yeni fitnələr törətmək üçün müxtəlif hiylələr yeritməyə çalışırlar. İndi də icad ediblər ki, ləğv edilmiş Ağdərə rayonunda “rus mərkəzi” yaratsınlar. Halbuki o bölgədə beş-on nəfər ailəli rus arvad var ki, onlar da öz ailələrinin qayğıları ilə məşğuldurlar. Bir neçə nəfər də dürrək var, yəni, iki millətin qarışığından törəyənlər, vəssalam. Onlara isə “mərkəz” açmaq qətiyyən lazım deyil. Deməli, məqsəd başqadır.

Qısaca deyək ki, Azərbaycanın Qarabağ iqtisadi zonasının rus sülhməramlılarının müvəqqəti məsuliyyət zonasında olan hissəsində, keçmiş Ağdərə rayonunda “rus mərkəzi” açılıb.

Bu barədə rus sülhməramlılarının himayəsində hələ də fəaliyyət göstərməyə cəhd edən erməni separatçı tör-töküntüləri açıqlama yayıblar.

Bildirilib ki, guya mərkəz “rus dili və mədəniyyətinin öyrədilməsi” ilə məşğul olacaq. Mərkəzin guya mesenatlar sayəsində açıldığı, xeyriyyəçilərin tədris materialları və mebel verdiyi iddia edilib.

Qeyd edək ki, Qarabağ iqtisadi rayonu ərazisində “rus mərkəzi” açılmasının heç bir ictimai-sosial məntiqi yoxdur, çünki Qarabağda ümumilikdə 27 min erməni yaşayır. Dünyanın ən böyük ərazisinə malik olan Rusiyanın əhalisinin hər il bir milyon azaldığını və hazırda 138 milyona düşdüyünü nəzərə alsaq, rusların Qarabağa köçürülməsi də mümkün deyil. Buna baxmayaraq, burda “icma” yaradılır. Şübhəsiz ki, bunun səbəbi yalnız siyasi məqsədlərdir.

O ki qaldı “rus icması və mərkəzi”nə, Azərbaycanda Rus İcması da var, Rus Mərkəzi də. Ölkəmizdə rusdilli orta məktəblər ümumi məktəblərin 8 faizinə qədərini təşkil edir, ali məktəblərin rus dili bölmələri, Azərbaycan Slavyan Universiteti fəaliyyət göstərir – halbuki ruslar ümumi əhalinin 0,9 faizindən də azını təşkil edir, Rus Kitab Evi də Bakının mərkəzində təmtəraqlı yerdədir, Rus İcmasının rəhbəri isə Milli Məclisin deputatıdır və s.

Ermənistanda isə bir ədəd də olsun rusdilli ali məktəb yoxdur. Rusiya mədəniyyətinin və dilinin tədrisindən Ermənistan üçün “narahat” olmalıdır,  müvəqqəti nəzarət etdiyi Azərbaycan ərazilərində yox. Şovinist ermənilər İrəvanda nəinki rusları, eyni zamanda ruspərəstləri də gözümçıxdıya salıb vəzifələrdən qovaraq onları deportasiya ediblər. Nə tez yaddan çıxdı, yoxsa bizim gözümüzə kül üfürmək istəyirlər? Xeyr, daha keçməz! Girdikləri quzu maskası artıq cırılıb, idbar sifətləri aydın görünür. Bu abırsızlar rusların arxasında daha neçə yüz il gizlənmək fikrindədirlər görəsən?

Onu da deyək ki, “rus icması”nı açanların arasında rus yoxdur, hamısı ermənidəndönmə dürrəklərdir. Xüsusi vurğulanmalıdır ki, Paşinyanın Azərbaycanla sülh sazişini imzalamağa hazırlaşdığı bir vaxtda bu hoqqanın çıxarılması, Kəlbəcərdə təşkil edilən atışmalar onu göstərir ki, bu işlərdə rəsmi İrəvanın barmağı yoxdur. Müəyyən revanşist daşnak qüvvələri var ki, onlar Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasını qətiyyən istəmirlər. Bu səbəbdən də təxribatlar törətməklə sülh sazişini əngəlləməyə çalışırlar. Məlumdur ki, həmin qüvvələr Ermənistanın müstəqil qərarlarına və siyasətinə qarşı çıxaraq onun kənar dairələrin qapazaltısı olmasına cəhd edirlər. Paşinyanın qərarlarının pozulması, hökumət əleyhinə etiraz mitinqlərinin keçirilməsi, Azərbaycanda ona qarşı qəsdən mövqesizlik və etimadsızlıq yaradılması cəhdləri də bu mənfur məqsədə qulluq edir. Ancaq onların Nikol Paşinyana gücləri çatmadığı da artıq hamıya gün kimi aydındır. Yəni, siçovul kimi ayaq altı eşməkdən başqa gücləri heç nəyə yetmir. Bu da keçicidir. Erməni toplumu kommunikasiyaların açılmasından fayda görən kimi özü öz içində “təmizləmə” aparacaq, daxili düşmənləri ilə haqq-hesabı çürüdəcək.

Erməni müxalifətinin aksiyalarına toxunan QHT rəhbəri Sarkis Asatryan etiraf edir ki, onlar Nikol Paşinyanın elan etdiyi “dinc era”nın açılmasının qəti əleyhinədirlər. Müxalifət liderləri Azərbaycanla sülh, Türkiyə ilə diplomatik münasibətlərin qurulmasını qətiyyən istəmirlər. Bəs əvəzində nə təklif edirlər? Sülh təşəbbüslərini inkar etməkdən başqa heç nə. Bu, sadəcə olaraq hakimiyyət uğrunda mübarizədir. Asatryan təşvişini belə ifadə edir:  “Yaxşı, təsəvvür edək ki, bunlar hakimiyyətə yiyələndilər, bəs sonra nə edəcəklər? Əgər onlar müharibə gündəmini təklif edəcəklərsə, o zaman bunu açıqlasınlar, xalq da bunun onlara uyğun olub-olmamasına qərar versin. Bəlkə, münaqişənin həlli üçün başqa yol xəritəsi var? Bəs niyə təqdim olunmur? Düşünürəm ki, onların gündəmi yoxdur, sadəcə tələbləri var, deməli, yenə də xalqın müqavimətini qıra bilməyib heç nəyə nail olmayacaqlar. Unutmuruq ki, 2020-ci ildə 44 günlük müharibədən dərhal sonra, Ermənistan, həqiqətən də, məğlub olduğu bir vaxt - 2021-ci ildə növbədənkənar parlament seçkiləri keçirildi və indiki müxalifət hakimiyyətə gələ bilmədi. İndi onlar Azərbaycanla sülhün, sərhədlərin açılmasının, Türkiyə ilə münasibətlərin bərpasının əleyhinədirlər. Çoxlu “yox”ları biz artıq eşitmişik. Lakin təkrar edirəm, əvəzində nə təklif edirlər? Heç nə! Deməli, onların xalqa deyəcəkləri söz yoxdur”.

Vurğulamaq lazımdır ki, indi Ermənistanda əhalinin yarıdan çoxu Sarkis Asatryan kimi düşünür.

Məhərrəm Ağalaroğlu
Anama məktub
Elşad Miraləm
BİZ KİMİK?