KÖŞƏ

Vəli İlyasov

İntriqalar ustası Nikol

18 may 2022 02:37
949

Artıq bir aydır ki, İrəvanda etiraz mitinqləri, küçə yürüşləri, polislə qarşıdurmalar ara vermədən davam etdirilir. Etirazçılar həyatı iflic etməklə baş nazir Nikol Paşinyanı hakimiyyətdən uzaqlaşdırmağa nail olmaq istəyirlər. Ancaq açıq görünür ki, bacarmırlar. Adını müxalifət qoymuş qaragüruhçuların gücü niyyətlərini gerçəkləşdirməklə tərs mütənasibdır, yəni Paşinyanı yıxmağa gücləri çatmır. 

Mitinqi keçirən kimlərdir? Ermənistanın keçmiş iki prezidenti, Robert Koçaryan və Serjik Sarkisyan, “Qarabağ klanı”nın üzvü, Paşinyan hökumətində Milli Təhlükəsizlik Xidmətinə direktorluq etmiş, sonradan casusluqda şübhəli bilindiyi üçün işdən azad edilən Artur Vanesyan və siyasi mövqeyi baxımından onlara oxşarlar. Qısaca desək, artıq toplum içində inam və etibarını itirmiş korrupsioner və davakarlıqları ilə erməni ailələrinə bədbəxtlik gətirmiş ekslər.

Xatırladaq ki, indi demokratiyadan dəm vuran Robert Koçaryan Ermənistanda 1998-ci ildə hakimiyyəti zorla ələ keçirmiş və sonra onu qorumaq üçün ölkə parlamentində terror təşkil etmiş adamdır. Bu üzdəniraq siyasətçi Rusiyanın ən yaxın adamıdır. Həbsdə olarkən Rusiya Prezidenti Vladimir Putin onu doğum günü münasibəti ilə təbrik edərək, “dostum” adlandırmışdı. Bir müddət sonra sonra İrəvana səfəri zamanı o, Koçaryanın həyat yoldaşı ilə görüşmüşdü.

Ermənistanın talan olunmasında Koçaryan müstəsna rol oynayıb, ona qarşı dövlət əmlakını mənimsəməklə bağlı cinayət işi də açılıb.

Ölkə KİV-inin yaydığı məlumatlarda bildirilib ki, Robert Koçaryan və Serjik Sarkisyan prezidentlikləri dövründə dövlətdən 30 milyard dollara qədər pul mənimsəyiblər. Qeyd olunub ki, təkcə bir bankda Serj Sarkisyanın qardaşı Aleksandr Sarkisyanın 30 milyon dolları aşkarlanıb.

Serjik Sarkisyan da törətdiyi cinayət nəticəsində hakimiyyəti zəbt edib. 2008-ci ilin mart hadisələri hələ də açılmayıb. Onların indi hakmiyyətə gətirməyə çalışdıqları Artur Vanesyan Rusiya Federal Təhlükəsizlik Xidmətinin Akademyasında təhsil alıb. İşlədiyi müddətdə adı bir cox cinayətlərdə hallanıb. Bu fakta əsasən, onun barəsində əlavə fikir söyləməyə ehtiyac qalmır. Koçaryanın 1998-2008-ci illərdəki hakimiyyəti dövründə Ermənistanı 129 300 nəfər, Serjik Sarkisyanın 2008-2017-ci illərdəki prezidentliyi illərində isə bu ölkəni 372 800 nəfər birdəfəlik tərk edib.

Ordu quruculuğu, iqtisadi inkişaf və digər sahələr üzrə də geriləmələr olub. Orduda korrupsiya baş alıb gedib. Ermənistanın hərb tarixinə əsgər konservlərinin oğrusu kimi düşən general-mayor Manvel Qriqoryanın adını çəkmək kifayət edər.

Koçaryan və Sarkisyanın Ermənistana etdiyi pisliklərə, törətdikləri cinayətlərə dair çoxsaylı faktlar var. Onlar erməni “patriotluğu” arxasında gizlənərək dövləti cinayətlər törədiblər. Hər biri barədə cinayət işi açılıb. İndi onlar siyasi səhnəyə yenidən gətirilib. Bu qüvvələrin hədəfi nədir? Hakimiyyətdə olduqları illərdə törətdikləri əməllərlə bağlı barələrində açılmış cinayət işlərini ötr-basdır etmək onların başlıca hədəfləridir. Azərbaycan-Ermənistan, Türkiyə-Ermənistan əlaqələrinin normallaşdırılması prosesi bu tip qüvvələrin havadarlarının siyasi və regional maraqlarına uyğun gəlmir. Ona görə hər iki istiqamətdə normallaşma prosesini əngəlləməklə onların da istəyini yerinə yetirmiş olurlar.

Koçaryan və Sarkisyan qurulmayan, hələ də formalaşmaqda çətinlikləri olan yarımçıq bir ordu ilə Ermənistanı müharibəyə sürükləməyə çalışırlar. Bu davranışla onlar regionda təhlükəsizliyi təhdid edir, qlobal sabitliyə problem yaradırlar.

Koçaryan və Sarkisyanın müharibəyə gedəcək oğul və qızları ya xaricdə gizlədiləcək, ya arxa cəbhədə kabab yeməklə məşğul olacaqlar.  44 günlük müharibədə Koçaryanın oğlunun “hərbi xidməti” Ermənistan ictimaiyyətinə yaxşı məlumdur. İndi bu adamlar erməni analarının yenidən göz yaşı axıtmasına çalışırlar. Artıq müharibədə ölən ermənilərin basdırıldıqları qəbiristanlıqda qələbəlik olmur. Müharibədə ölən erməni əsgərlərin anaları isə yeni müharibə istəmirlər. “Azadlıq” radiosunun hazırladığı reportajdan görünür ki, onlar ölkədə “etiraz aksiyalarının” keçirilməsinə də qarşı çıxırlar. Ermənistan cəmiyyəti Koçaryanı, Sarkisyanı və onların dəstəsini 2018-ci ildə tarixin arxivinə göndərib. Belə olmasa idi, eks əkslər müharibədən sonra- 2021-ci il iyunun  20-də Ermənistanda keçirilən növbədənkənar seçkilərdə Paşinyana qalib gələrdilər. Keçmiş prezidentlər bir yerdə seçicilərin səsinin heç 30 faizini belə toplaya bilmədilər. Bu, onu göstərir ki, onların cəmiyyətdə nüfuzu yox dərəcəsindədir. Ölkə ictimaiyyəti daha çox sabitliyi, qonşularla əməkdaşlığı, münasibətlərin normallaşmasını istəyir. Koçaryan və Sarkisyan isə əvvəlki kimi yenə də ölkəni qana, müharibəyə və böhrana çəkirlər.

Ermənistan hökuməti ilə müxalifət sayılan siyasi qüvvələrin “birgə əməyinin nəticəsində” 2022-ci ilin birinci rübündə ölkədən 134 129 nəfər birdəfəlik köç edib. Köçənlər Ermənistan əhalisinin gənc və fiziki qüvvəsi olan vətəndaşlarıdır. Görəsən bir atımlıq barıtları olan Koçaryan və Sarkisyan sonra Azərbaycana qarşı kimlərlə döyüşəcək? Birinin oğulları müharibədən yayınıb, o birinin isə döyüşmək üçün oğlu yoxdur.

İkinci Qarabağ müharibəsi 44 gün davam etdi. Üçüncü müharibə başlasa, erməni tərəfinin savaş etməyə gücü və ruhu olmayacaq. Çünki,  Azərbaycan Ordusu Vətən müharibəsində erməni ordusunu darmadağın edib,  elə onun döyüş ruhunu da...İndi erməni cəmiyyətinin döyüşmək həvəsi yoxdur, onlar müharibədən qaçırlar, qalan övladlarının faciəsini bir daha görmək istəmirlər.